Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir fondun Naxçıvan şəhər şöbəsi tərəfindən keçirilib. Tədbiri şöbənin müdiri Səfər Əhmədov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Sonra DSMF Naxçıvan Şəhər Şöbəsinin əməkdaşları Asim Cəfərov, İlqar Vəliyev və Cabir Seyidov sığorta-pensiya sisteminin xüsusiyyətlərindən, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, elektron xidmətlərin tətbiqinin sosial müdafiə sistemində təsirinin yüksək olmasından bəhs ediblər.
Qeyd olunub ki, fond tərəfindən istifadəyə verilən “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini asanlaşdırıb.
Diqqətə çatdırılıb ki, hazırda fond tərəfindən əhaliyə 10 növ elektron xidmət göstərilir. Ötən il muxtar respublikada avtomatlaşdırılmış pensiya təyinatı sistemi istifadəyə verilib. Yaşa görə əmək pensiyası hüququ yaranmış vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən fondda yaradılan pensiya təyinatı xidmətinə (+99436 550-59-79 nömrəsinə) zəng vuraraq real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.
Tədbirin sonunda elektron xidmətlərin tətbiqi və istifadə qaydaları ilə əlaqədar slayd nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti