22 Dekabr 2024, Bazar

  Yeni yaşıllıqlar, meyvə bağları həm ekoloji tarazlığı qoruyur, həm də iqtisadi inkişafa öz töhfəsini verir

Ən qiymətli sərvət və ekoloji problemlərin aradan qaldırılmasında əsas təbii vasitə olan yaşıllıqların mühafizəsi, artırılması məqsədilə görülən işlər öz bəhrəsini verməkdədir. Naxçıvanda son 20 ildə yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 12 faizə qədər artmışdır. 1990-cı illərin əvvəllərində insanların enerji ehtiyatı kimi baxdıqları yaşıllıqların bu qədər artmasının yeganə səbəbi vardır ki, o da təbiətə göstərilən dövlət qayğısıdır. 1993-cü il aprelin 2-də ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan yaşıllaşdırma tədbirləri bu gün bütün ölkə ərazisində davam etdirilir.

Respublika ərazisində bu işlərin planlı aparılması üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət pro­qramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı dövlət pro­qramlarına, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması sahəsində tədbirlər ardıcıllıqla davam etdirilir. Xüsusilə qeyd etməliyik ki, artıq yaşıllıqlar enerji mənbəyi deyil, sağlam həyat tərzinin başlıca amili rolunu oynamaqdadır.

Çünki müasir Naxçıvanımızda ən yüksək səviyyədə enerji təminatı yaradılmış, vətəndaşlarımız fasiləsiz elektrik enerjisi və istiliklə təmin olunmuş, yaşayış səviyyəsi daha da yaxşılaşmışdır.
Təbiətimizin təkrarolunmaz və orijinal komponenti olan meşələrin Yer kürəsinin təbii “istehsalat müəssisəsi” adlandırılması onun təbiətdəki rolunun nədən ibarət olduğunu göstərməkdədir. Meşələr torpaqların münbitliyinin qorunması, eroziya, şoranlaşma, səhralaşmanın qarşısının alınması, su və atmosfer mühitində balansın tənzimlənməsi, canlıların zərərli təsirlərdən qorunması kimi sanitar funksiyaları daşımaqla sanki canlıların yaşam təminatçısıdır.
Həzrəti Məhəmməd Peyğəmbərin “Görsəniz, qiyamət qopur, yenə əlinizdəki fidanı əkin” kəlamı da yaşıllıqların, meşələrin faydasını ifadə edir.
Dünyada mövcud meşə ehtiyatları müxtəlif səbəblərdən, o cümlədən iqtisadi inkişaf, müharibələr, şəhərləşmə, əhalinin artımı və qlobal ekoloji problemlərin təsiri nəticəsində son 200 ildə iki dəfə azalmışdır. Ona görə də ayrı-ayrı inkişaf etmiş ölkələrdə olduğu kimi, respublikamızda da meşələrin qorunması və artırılması həyata keçirilən ekoloji siyasətin əsas tərkib hissəsidir. Son illər ölkəmizdə bu sahədə görülən işlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Hər ötən il muxtar respublika ərazisində yeni meşə massivləri, meyvə bağları salınır. Muxtar respublikamızda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün xüsusilə torpaqların münbitliyinin bərpa olunmasında yaşıllaşdırma tədbirlərinin əhəmiyyəti böyükdür. Yaşıl­lıqların salınması məqsədilə, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız sahələr seçilir ki, bu da ekoloji tarazlığın qorunmasına, əkinəyararlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikasının ərazisindəki qobu və yarğanlarda, eroziyaya məruz qalmış ərazilərdə, şoranlaşmış və bataqlıqlaşmış ərazilərdə relyef xüsusiyyətləri nəzərə alınmaqla müvafiq tədbirlər görülmüşdür. Külək və su eroziyasının qarşısının alınması istiqamətində hər ilin yaz və payız fəsillərində torpaq, iqlim və hidromühitin fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla sahələrdə tarlaqoruyucu, sahilbərkidici, eroziyaya və sürüşməyə meyilli ərazilərdə meşə massivləri və meyvə bağları salınmışdır. Naxçıvançay, Gilançay, Əlincəçay vadilərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, Darıdağ ərazisində, İşgəsu massivində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun sağ və sol hissələrində, ziyarətgah ətrafında, Didivar kəndi ərazisində mövcud təpələrdə terras üsulu ilə, Duzdağ Fizioterapiya Mərkəzi ətrafında, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Ordubad magistral avtomobil yollarının sağ və sol hissələrində, Arpaçay sol sahil kanalının aşağı sahillərində, Dəmirçi kəndinin yuxarı hissələrində, Vəlidağ ətrafında yaşıllıq və meşə-meliorativ tədbirləri həyata keçirilmişdir. Bundan əlavə, Naxçıvan şəhəri ətrafında, muxtar respublikanın mövcud sututarlarının, çay massivlərinin və su kanallarının ətrafında, xüsusi mühafizə olunan ərazilər şəbəkəsində sürüşmə və eroziyaya meyilli ərazilərdə, qobu və yarğanlarda, şoranlaşmış və bataqlıqlaşmış sahələrdə, o cümlədən yarımsəhra və səhralaşmış ərazilərdə dövlət strukturlarının dəstəyi ilə 15 min hektardan çox sahədə yaşıllıqlar salınmışdır. Muxtar respublikanın meşə fondu torpaqlarında və digər təbiət ərazilərində ağac və kolların bərpası və artırılması, şəxsi mülkiyyətdə olan torpaqlarda yeni meyvə bağlarının salınması nəticəsində, ümumilikdə, yaşıllıqların sahəsi 12 faizə qədər artmışdır. Ötən il də bu sahədə görülən işlər davam etdirilmiş və muxtar respublika ərazisində 537 hektar sahədə yeni yaşıl­lıqlar salınmışdır.
Muxtar respublika ərazisində yaşıllaşdırma tədbirləri iqlim və torpaq xüsusiyyətlərinə uyğun olaraq, əsasən, yaz (mart-aprel) və payız (oktyabr-noyabr) fəsillərində aparılır. Novruzun xəbərçisi olduğu yaz fəslinin gəlişi ilə yaxın günlərdə yaşıllaşdırma tədbirlərinə başlanacaqdır. Muxtar respublikada dövlət ekoloji siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il olduğu kimi, bu il də muxtar respublika ərazisində aparılacaq yaşıllaşdırma tədbirlərinə xüsusi hazır­lıq işləri görülür. Belə ki, nazirliyin aid şöbəsi tərəfindən muxtar respublika üzrə yeni meşə massivlərinin, meyvə bağlarının salınacağı ərazilərin sxem-planları hazır­lanmış, rayonlaşdırma işləri görülmüş, əkiləcək tinglər torpaq xüsusiyyətlərinə uyğun seçilmiş, suvarma mənbələri müəyyən edilmiş, əkiləcək ərazilərdə torpaq hazır­lığı işləri aparılmış, istifadə olunacaq maşın və mexanizmlər saz vəziyyətə gətirilmişdir.
Muxtar respublika ərazisində 2015-ci ildə də aparılacaq yaşıllaşdırma tədbirləri zaman müsbət nəticələrə nail olmaq üçün müəyyən edilmiş əkin qaydalarına və becərmə işlərinə düzgün əməl edilməlidir.
Əvvəlcə ərazilər təmizlənməli, şumlanmalı, 40-50 santimetr dərinliyində çalalar qazılmalıdır. Çalalar qazılan zaman torpağın üst qatı bir tərəfə, alt qatı bir tərəfə toplanmalıdır. Qazılmış çalaya bir az yumşaq torpaq töküldükdən sonra üzərinə ağacın yüngülcə təmizlənmiş kökü qoyulur və ting əkini aparılır. Yaxşı olar ki, bitkilərin kök ətrafında qida mühitinin artırılması məqsədilə əvvəlcədən hazır­lanmış üzvi gübrə, qum və torpaq qarışığı tinglərin dibinə əlavə edilsin. Ting əkildikdən dərhal sonra suvarılır (torpaq rütubətliliyindən asılı olmayaraq) ki, köklərin torpaqla təması və rütubətin ötürülməsi bərpa olunsun. Normal havada həftədə bir dəfədən gec olmayaraq suvarma aparmaq lazımdır.

Əkin qaydalarına düzgün əməl etməklə və əkdiyimiz fidanlara yüksək aqrotexniki qulluq göstərməklə ekoloji və iqtisadi uğurlara nail ola bilərik. Bununla biz doğma Naxçıvanımızın daha da gözəlləşməsi, yaşıllıqlar diyarına çevrilməsi işinə öz töhfəmizi verə bilərik.

Elçin KAZIMOV
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR