22 Dekabr 2024, Bazar

Peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması inkişafın mühüm amili hesab olunur. Mövcud iş yerlərinə iqtisadi fəal əhalinin münasibətlərini tənzimləyən, hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyan dövlətin məşğulluq siyasəti də bu vacib məsələnin həllinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da gələcəkdə muxtar respublikada əhalinin daimi iş yerləri ilə təminatında qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və həlli məqsədi daşıyır. Əhalinin sosial müdafiəsinə birbaşa təsir edən məşğulluq probleminin davamlı olaraq gündəmdə olması dövlətin bu sahədə yeritdiyi ardıcıl siyasətlə dəstəklənir.

Dövlət proqramında muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi istiqamətində müxtəlif dövlət qurumları qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Ötən dövr ərzində əhalinin məşğulluq məsələlərinin təmin olunması sahəsində verilmiş tapşırıqların icrası istiqamətində görülmüş işlərlə tanış olmaq üçün proqramda adıçəkilən dövlət orqanlarına elektron məktublarla sorğular göndərdik. Alınan cavablardan gəlinən ümumi nəticə belədir ki, 2014-cü il ərzində muxtar respublikada 3523 yeni iş yeri açılıb, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılması davam etdirilib. Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün bu təhlillər mühüm əhəmiyyət kəsb etməklə, eyni zamanda muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi üçün də vacib hesab olunur. Bu məqsədlə işəgötürənlərdən alınmış məlumatlara əsasən, 2015-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq proqnoz tərtib olunaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilib, müvafiq qərarla 2015-ci il ərzində muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 700 nəfər müəyyənləşdirilib.
Qeyd olunmalıdır ki, həyata keçirilən tədbirlər nəticəsində, ötən illərdən fərqli olaraq, 2014-cü ildə muxtar respublika ərazisində müxtəlif sahələrdə çalışan əcnəbilərin sayında azalma müşahidə olunub. Belə ki, ötən illərdə müvafiq sahələrdə çalışan işçilərin əksər hissəsini əcnəbilər təşkil edirdisə, hazırda bu sahələrdə işə qəbul zamanı yerli əmək ehtiyatlarına üstünlük verilib.
Əhalinin məşğulluğunun təmin olunmasında aktiv məşğulluq tədbirləri mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2014-cü il ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 2727 işaxtaran regionda fəaliyyət göstərən müəssisələrdə mövcud olan vakansiyalar üzrə işə qəbul edilib. Ötən il ərzində keçirilmiş əmək yarmarkalarında 943 nəfər özünə iş yeri tapıb.
Məşğulluq məsələlərində, şübhəsiz, sahibkarlığın rolu böyükdür. Ötən dövrdə kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bu istiqamətdə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilib, 2014-cü il ərzində 53 milyon 705 min manat, o cümlədən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən 6 milyon 30 min manat güzəştli şərtlərlə kreditlər verilib.
Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili məşğulluq məsələlərinin həllində xüsusilə əhəmiyyətlidir. Bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarını 306 müdavim bitirərək iş yerlərinə göndərilib. Eyni zamanda 2014-2015-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində də peşə kursları təşkil edilib, kursları bitirən müdavimlər iş yerlərinə göndəriliblər.
İşaxtaranların və işçilərin peşə hazırlığının artırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Naxçıvan Biznes Mərkəzi” MMC-də bir dəfə 9 ictimai iaşə obyektində, 2 dəfə 42 pərakəndə satış obyektində fəaliyyət göstərən işçilərə müvafiq tədris kursları keçilib, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin və şadlıq saraylarının xidmət sahələrində çalışan işçilər üçün vahid geyim formaları müəyyən olunub, həmin formaların yerlərdə tətbiqi həyata keçirilib. Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Naxçıvan Biznes Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən Xalq yaradıcılıq emalatxanasında ağac üzərində oyma, rəssamlıq, dekorativ tətbiqi sənət növləri üzrə sahələrin fəaliyyəti davam etdirilib.
İnsanların peşəyönümü hələ gənc yaşlarından formalaşır. Bunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq, tədris müddəti ərzində rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib.
Dövlət proqramının icrası istiqamətində ötən dövr ərzində sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə də bir sıra işlər görülüb. Bu kateqoriyadan olan şəxslərin özünüməşğulluqlarının təmin olunması istiqamətində görülən işlər nəticəsində 2014-cü il ərzində sosial qayğıya ehtiyacı olan şəxslərin hazırladıqları ümumi dəyəri 4886,5 manat təşkil edən 8 rəsm, 109 əl işi və 13 xalçanın satışı həyata keçirilib. Ünvanlı dövlət sosial yardımı almaq üçün rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinə müraciət edən aztəminatlı ailələrin əmək qabiliyyətli 186 üzvü də münasib işlə təmin olunub. Bundan başqa, sosial müdafiəyə ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə müvafiq dövr ərzində sağlamlıq imkanları məhdud 40 nəfər peşə kurslarına cəlb edilib, əlavə olaraq Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində “misgər” və “kompüter istifadəçisi” peşə hazırlığı kursları təşkil edilib.
İşçilərin əmək hüquqlarının təmin edilməsi hazırda dövlətimizin qarşıya qoyduğu mühüm məsələlərdəndir. Bu istiqamətdə muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsinə nəzarətin həyata keçirilməsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il ərzində 298 sahibkarlıq obyektində 242 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 514 halda isə əməkhaqların real göstərilməsinə nail olunub. Bu dövr ərzində əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarət gücləndirilib, nöqsanların aradan qaldırılması və əməyin mühafizəsi istiqamətində digər zəruri tədbirlər görülüb. 2014-cü il ərzində 659 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub. Bu sahədə peşəkar­lığın artırılması məqsədilə əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün ötən il ərzində 3 dəfə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil edilib.
Əmək bazarı işləmək istəyən şəxslə mövcud iş yerləri arasındakı münasibətlər məkanıdır. Və buradakı proseslər mühüm dərəcədə informasiya mübadiləsinin təşkilindən asılıdır. Odur ki, işaxtaranların məlumatlandırılması məqsədilə ötən il ərzində Rabitə və Yeni Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən məşğulluq tədbirlərinin – peşə hazırlığı, haqqı­ödənilən ictimai işlər, vakansiyalar və işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı (isaxtar.nmr.az) hazırlanıb. Bu ilin 30 yanvarında işəgötürənlərin həvəsləndirilməsi məqsədilə “Ən fəal işəgötürən” nominasiyası üzrə keçirilmiş müsabiqə və qaliblərə verilən mükafatlar muxtar respublikada insanların işlə təmin olunmasında işəgötürənlərin fəallıqlarının artırılmasını təşviq məqsədi daşıyır.
Aparılan təhlillər onu deməyə əsas verir ki, 2014-cü il ərzində bu mühüm dövlət pro­qramının icrası ilə bağlı həyata keçirilən kompleks tədbirlər muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı zəmin yaradıb.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR