22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlərin yerində göstərilməsi üçün səyyar xidmətin tətbiq edilməsi davam etdirilir.
Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası sektorunun aparıcı məsləhətçisi Ruslan Rüstəm­ovun bildirdiyinə görə, mart ayının 3-də xidmət əməkdaşları Babək rayonunun Aşağı Buzqov kəndində olublar. Burada əməkdaşlar əhalidən mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması sahəsində 24 müraciət qəbul ediblər. Dünən isə Sədərək rayonunun Qaraağac kəndində sakinlər səyyar xidmətin onlar üçün yaratdığı imkanlardan yararlana biliblər. Bundan başqa, səyyar xidmət martın 10-da Culfa rayonunun Ərəzin, 12-də Şərur rayonunun İbadulla, 17-də Ordubad rayonunun Aşağı Əndəmic, 19-da Kəngərli rayonunun Qarabağlar, 29-da Şahbuz rayonunun Kolanı kənd­lərində olacaq. Martın 30-u isə səyyar xidmətin növbəti dayanacağı Şərur rayonunun Çəmənli kəndi olacaq.

Əhaliyə səyyar xidmətin göstərilməsinə bu il yanvar ayının 15-dən başlanılıb. Yanvar ayı ərzində Culfa rayonunun Yaycı, Şərur rayonunun Dizə, Oğlanqala, Ordubad rayo­nunun Vənənd, Kəngərli rayonunun Çalxanqala, Şahbuz rayonunun Ağbulaq kəndlərində əhaliyə səyyar xidmət göstərilib, ümumilikdə, 141 müraciətə baxılıb. Fevral ayında isə xidmətin əməkdaşları Babək rayonunun Didivar, Sədərək rayonunun Sədərək, Culfa rayonunun Bənəniyar, Şərur rayonunun Aşağı Aralıq, Ordubad rayonunun Nüsnüs, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü kənd­lərində və Şərur rayonunun Mahmudkənd yaşayış məntəqəsində olublar. Səyyar xidmət zamanı adıçəkilən kəndlərin sakinlərindən 230 müraciət qəbul edilib.
Xüsusi imtiyazlı təbəqədən olan insanlara (əlil, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət etmək çətinliyi olan vətəndaşlar) daşınmaz əmlaka mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı və digər xidmətlərin yerində göstərilməsi məqsədilə “NAZ-Lifan-6401” markalı minik-vaqon avtomobili mobil ofis səviyyəsində dizayn edilib, qeydiyyat işlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz olunub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən səyyar xidmətlərin göstərilməsi üçün tətbiq edilən bu yenilik qeydiyyat xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin etməklə yanaşı, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində səmərəliliyin artırılmasına xidmət edir. Bundan başqa, elektron xidmətlər sahəsində daha bir yeniliyə imza atılıb, muxtar respublika Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlakın məlumat bazası yaradılaraq milli qeydiyyat sistemi proqramı vasitəsilə avtomatlaşdırılmış şəkildə lokal idarəetmə sistemi təşkil olunub və bu sistem inkişaf etdirilməkdədir. Müvafiq portalın istifadəyə verilməsi sayəsində bu gün vətəndaşlar əlavə vaxt sərf etmədən, birbaşa olduqları yerdən daşınmaz əmlaklarını qeydiyyatdan keçirmək üçün internet vasitəsilə onlayn müraciət etməklə yanaşı, plastik kartlarla ödəniş edə bilirlər. Hazırda 21 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir və təqdim edilən xidmətlərin sayının artırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respub­likası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifə və tapşırıqların icrası istiqamətində həyata keçirilib. Ye­ni xidmətin yaradılması fəaliyyətdə səmərəliliyin artırılması, ehtimal olunan bürokratik əngəllərin ara­dan qaldırılması, əhalinin rahatlı­ğı­nın təmin edilməsi baxımından əhəmiyyətlidir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR