Bu, muxtar respublikada ümumi əmək pensiyaçılarının 93 faizinə şamil olunacaq
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası”nın uğurlu icrası nəticəsində əmək pensiyalarının müntəzəm artırılması, pensiyaların vaxtlı-vaxtında mütərəqqi ödəniş vasitəsi hesab olunan plastik kartlarla ödənişinin həyata keçirilməsi mümkün olmuşdur.
Ölkəmizdə bazar münasibətləri sisteminin bərqərar olması əhalinin sosial müdafiəsi və pensiya təminatı sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini, beynəlxalq təcrübədə özünü doğrultmuş müasir sosial müdafiə sistemlərinin tətbiqini zəruri etmişdir. Hazırda ölkəmizdə qocaların və gənc nəslin sosial müdafiəsinə diqqət artırılmaqla sağlam mənəvi mühitin yaradılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu tədbirlərdən ən vacib olanı isə yaşa görə əmək pensiyalarının baza hissəsinin və sığorta hissəsinin mütəmadi olaraq artırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilmişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, o cümlədən bu qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən indeksləşdirilir. İmzalanmış müvafiq sərəncamlara əsasən, əmək pensiyalarının sığorta hissəsi 2007-ci ildə 8,3 faiz, 2008-ci ildə 16,7 faiz, 2009-cu ildə 20,8 faiz, 2010-cu ildə 1,5 faiz, 2011-ci ildə 5,7 faiz, 2012-ci ildə 7,9 faiz, 2013-cü ildə 1,1 faiz, 2014-cü ildə isə 2,4 faiz indeksləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti 2015-ci il yanvarın 26-da “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” növbəti Sərəncam imzalamışdır. Bu sərəncama əsasən, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanan pensiya kapitalı məbləğlərinin 2015-ci il 1 yanvar tarixdən indeksləşdirilməsi nəzərdə tutulmuşdur.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi pensiyanın ümumi məbləğindən baza hissə, yəni 100 manat çıxılmaqla qalan məbləğə 1,4 faiz (2014-cü il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə aparılacaqdır.
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlət qulluqçuları və hərbi qulluqçular istisna olmaqla, muxtar respublika üzrə 48 min 100 nəfər əmək pensiyaçısına və yaxud ümumi əmək pensiyaçılarının 93 faizinə şamil olunacaqdır.
Muxtar respublikamızda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar ölkə Prezidentinin imzaladığı sərəncamın operativ icra olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən lazımi tədbirlər görülür.
Yuxarıda qeyd edilən kateqoriyadan olan əmək pensiyaçıları istisna olmaqla, bütün növ əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsində fondun rayon (şəhər) şöbələri tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 1,4 faiz artım aparılır. Bu proses qısa müddətdə başa çatdırılacaqdır. Əmək pensiyaçıları 2015-ci ilin fevral ayında pensiyalarını artımlarla birlikdə, o cümlədən yanvar ayı üzrə artım da daxil olmaqla alacaqlar.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 1,4 faiz indeksləşdirilməsi aparılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti