Muxtar respublikada davamlı olaraq həyata keçirilən məşğulluq tədbirləri əhalinin səmərəli məşğulluğunun təmin olunmasına, insanların sosial rifahının daha da yaxşılaşmasına geniş imkanlar yaradır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ilin ilk iki ayı ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 362 nəfər peşə və ixtisasına uyğun münasib işlərlə təmin edilib, sosial müdafiəyə xüsusi ehtiyacı olan 6 nəfər isə kvota yerlərinə göndərilib. Qeyd olunan dövr ərzində işə düzələnlərin 130 nəfəri gənclər, 82 nəfəri isə qadınlar olub. İşlə təmin olunanların 17 nəfəri məhdud fiziki imkanlı şəxs, 7 nəfəri hərbi xidmətdən tərxis olunmuş vətəndaş, 4 nəfəri isə əcnəbi tələbədir. İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün bu dövrdə “Əmək birjası” sektoru tərəfindən 26 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilib.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili istiqamətində də tədbirlər həyata keçirilib. Qeyd olunan dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalq tətbiqi sənəti növləri üzrə, “elektrik montyoru”, “kompüter istifadəçisi” və “xalçaçı” peşələri üzrə kurslar təşkil edilib və bu kurslara 63 nəfər, eyni zamanda sağlamlıq imkanları məhdud 41 nəfər cəlb olunub.
Xəbərlər şöbəsi