Böyük yolların kökü xırda cığırlardadır. Əsrlər öncə – qədimlərdə insanlar elə bu xırda cığırlarla dünyanın şərqindən qərbinə, cənubundan şimalına gediblər və gəzə-gəzə böyük yolların əhəmiyyətini duyublar. Dünya böyük olduğu üçün böyük yollara ehtiyac çoxalıb. Beləcə, hava, su, torpaq yolları yaranıb və insan ömrünün yarıdan çoxu, deyilənlərə görə, elə bu yollarda keçir. Evimizdən başlanan yol haçalanıb məmləkətlərə, ölkələrə, okeanlara, dənizlərə qədər aparır bizi.
Sovet dönəmlərində nəşr olunan və ötən əsrdən yadigar qalan respublikanın mərkəzi qəzetlərindən birinin səhifəsindən oxuyuram: “...Hər kəs kimi, mən də hər səhər evimdən çıxıb işə getməkçün küçəyə çıxıram – “Gənclər dostluğu” küçəsinə. Dayanacağa tərəf üz tuturam. Beşaddımlıq yolda nələr görmürəm? Elə bil burada yaşayanların hamısı “dostluq” yox, “düşmənçilik” küçəsinin sakinləridir. Burada gözədəyən hər şey – binaların daş divarları da, səkilərdəki ağaclar da, yolun asfaltı da bu sakinlərin “qayğısı” ilə sanki “yara” alıblar. Elə bil yola-irizə göydən yağış yerinə natəmizlik yağıb. Haradansa yadıma Pekin, Tokio, Sinqapur şəhərləri və onların küçələri düşür...
Eşitdiyimə görə, bir nəfər turist Sinqapurun küçələrini səkkiz gün gəzmiş, lakin bir papiros kötüyü tapmamışdır. Bu axtarış bizim respublikamızda aparılsaydı, yəqin ki, yığılan papiros kötüyü ilə Yer kürəsini bir neçə millimetr qalınlığında örtmək olardı...”
Professor İ.Topçubaşovun imzası olan həmin yazıda daha sonra oxuyuram: “Tokionun küçələrində ağ köynəyi yerə sürtsən, ləkə düşməz. Sinqapurda küçəyə papiros kötüyü atanlar 5 min dollar cərimə olunurlar. Bizim küçələri gəzərkən də adama elə gəlir ki, bu natəmizlik üçün sanki “mükafat” ayrılıb.
Respublikamızda “Gənclər dostluğu” kimi küçələr minlərlədir. Onlardan hər birini gəzərkən ürəkağrıdan belə mənzərələrlə rastlaşmamaq mümkünsüzdür. Üzümü xalqımıza tutub təvəqqe edirəm: gəlin bir qədər evimizin yolundan kənara çıxaq, daha geniş, ictimai əhəmiyyət kəsb edən böyük küçələrdən keçək. Gözümüz kor, qulağımız kar olmasın. Gözəllik yaratmaq üçün insan olduğumuzu unutmayaq ki, bəlkə, dünyadakı o gözəlliyin bir nişanəsini biz də Vətənimizdə yaradaq...”
Saralmış bu qəzet səhifəsindən oxuduğum fikirlər Azərbaycan xalqının ziyalı bir vətənpərvər oğlunun insanlığa çağırış harayı idi. Dünyanın gözəlliyinə həsəd aparan belə insanlar o vaxt da ölkəmizi bugünkü kimi təmiz, səliqəli, gül-çiçək, yaşıllıq içində görmək, Sinqapur, Tokiodakı kimi könülaçan mənzərələrlə seyr etmək arzusu ilə yaşayıblar.
Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında görülən işlər, həyata keçirilən tədbirlər, yaradılan gözəlliklər, tətbiq olunan yeniliklər, saymaqla qurtarmayan müasirlik nişanələri illərlə bu gözəllikləri görmək arzusu ilə yaşayan insanların ən böyük diləkləri olub. Yenidənqurma siyasəti regionların büsbütün gözəlliyi ilə yanaşı, səliqə-sahmana, təmizliyə ciddi əməl olunması ab-havasını da bəxş edib yurd yerlərimizə. Deməli, muxtar respublikamızda Heydər Əliyev ideyalarına, siyasətinə sadiqlik belə böyük arzularla yaşayan Vətən övladlarına bəxş edilən bir mükafatdır. İndi muxtar respublikamız, onun rayonları dünyanın istənilən müasir şəhəri ilə müqayisə ediləcək qədər gözoxşayandır. Belə gözəlliklər içərisində göz işlədikcə uzanan yollarımız da var. Buna görə də yolların bərpasından və onların yenidən qurulmasından qısaca söhbət açmaq istəyirəm.
Yol müqəddəsdir deyirlər. Bəlkə, elə onun bəzən and yerimiz olması da o müqəddəslikdən xəbər verir. Yol həm də iqtisadiyyatın göstəricisidir. Atalarımızın unudulmayan bir məsəli də var: “Abad yurd yolundan bəlli olar”.
Bu gün tərəqqi yollarında inamla addımlayan müstəqil ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da yolların yenidən qurulması, alternativ yolların salınması, körpülərin, suötürücülərin tikintisi diqqət mərkəzindədir və bu iş böyük həcmdə həyata keçirilməkdədir. Şahbuz rayonunda da bu sahədə hələ bir neçə il öncə başlayan işlər indi daha da geniş vüsət alıb.
Şahbuz rayonunun müxtəlif istiqamətlərdə yerləşən kəndlərinə uzanan yollar yenidən qurulur. İndi də bu iş davam etdirilir. Bu gün şəhərdaxili yolların təmiri, yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər məqsədyönlü şəkildə aparılır. Hazırda Şahbuz şəhərinin “28 May”, S.Vurğun küçələrinin Heydər Əliyev prospekti ilə kəsişdiyi məhəllədaxili yolların, həmçinin şəhərin bir neçə yerindən keçən yolların yenidən qurulması, müasir formada istifadəyə verilməsi də quruculuq siyasətinin rayonumuza ərməğanıdır desək, yanılmarıq. Muxtar respublikamızda və onun rayonlarında həyata keçirilən hərtərəfli quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Bizim əsas vəzifəmiz, əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin. Hər bir bölgədə abadlıq, quruculuq işləri aparılsın. Yollar çəkilsin ki, insanlar daha yaxşı yaşasınlar”. Ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi bu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızın bir parçası olan Şahbuz rayonunda da uğurla həyata keçirilir. Burada tikilən müasir məktəb binaları, sosial obyektlər, təmir edilən yaşayış və inzibati binalar, yeni salınan yol və səkilər, körpülər, yaradılan səliqə-sahman, yaşıllıqlar insanlara estetik və mənəvi zövq verir, onlara rahat yaşayış təminatı yaradır. Rayonda aparılan quruculuq, abadlıq işləri nizamla, planlı surətdə həyata keçirildiyindən hər bir kənd, qəsəbə bu gözəllikdən pay alır. Diqqətçəkən məqamlardan biri də odur ki, rəvan və planlı surətdə həyata keçirilən yenidənqurma tədbirləri sakinlərin məişət şəraitindən tutmuş iş yerinə qədər arzuolunan şəraitin yaradılmasına stimul verir. Kəndlərdə belə yeniləşmə, müxtəlif kommunal xidmətlərin yaradılması isə hər bir yaşayış məskənində şəhər şəraitinin təminatına səbəb olur.
Şahbuz şəhərinin müxtəlif istiqamətlərinə uzanan geniş küçələrin, yolların müasir görünüşü könül açır. Həmin yolların kənarlarına əkilmiş həmişəyaşıl ağacların yayda kölgəsi, qışda hər tərəfin bəyaz örpəyə büründüyü vaxt yaşıl görünüşü bu yolları daha da füsunkar edir. Şahbuzun avtomobil yolları, demək olar ki, yenidən qurulub, müasir tələblərə uyğunlaşdırılıb. Bu yolların şaxələnib qərinələr öncə tikilən evlərin, məhəllələrin arası ilə uzanaraq uzaqları yaxın etməsi nə qədər xoş idisə, o yolların illərlə dar və cansıxıcı olması könül bulandırırdı. Və heç kəs də inana bilmirdi ki, sovet dönəmlərinin başlı-başına vədəsində zəbt olunub həyətlərə qatıldığından cığırlara çevrilən məhəlləarası yollar da yenidən qurula, bərpa oluna bilər. Vətəndaşlar tərəfindən 50-60 il öncə mənimsənilmiş və şəxsi torpaq sahələri kimi istifadə olunduğundan yollar da həmin vaxtlardan unudulmuşdu. Lakin bu gün hər bir sahədə olan nöqsanlar, çatışmazlıqlar aradan qaldırıldığı kimi, bu sahədə də problemlər köklü surətdə öz həllini tapıb. Yenidənqurma nəticəsində Şahbuz şəhərinə gözəllik naxışları vurulduqca həmin yolların da yeniləşməsi həyata keçirilir. Hazırda Şahbuz şəhərinin Heydər Əliyev prospekti, “28 May”, S.Vurğun, Əcəmi, “Bakı”, İ.Əfəndiyev və başqa küçələrinin hamısı müasir formada əhalinin istifadəsindədir. Çünki şəhərdaxili yollarda olduğu kimi, məhəllələrarası yolları da hər iki tərəfdən “müşaiət” edən çəpərlər, hasarlar söküldü, yollar müasir formada istifadəyə verildi.
Sevindirici hal budur ki, yolları yenidən qurulan Şahbuz şəhərində yeni kanalizasiya və içməli su xətlərinin çəkilişi də yekunlaşmaq üzrədir. Bütün bunlar barədə rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Şəmsəddin Həsənov bildirdi ki, uzun illər rayonda kanalizasiya xətti olmadığından yaşayış evlərində normal kommunal şərait yaradılmamışdı. Bu isə müxtəlif çətinliklərin və problemlərin yaranmasına səbəb olurdu. Lakin rayonumuzda quruculuq işləri geniş vüsət aldığı vaxtlardan başlayaraq yeni tikilən sosial obyektlərdə, inzibati binalarda, həmçinin yenidən qurularaq müasir formada istifadəyə verilən ictimai yaşayış binalarında kanalizasiya sistemi qurulmuşdur. Ötən illər ərzində Şahbuz şəhərindəki 18, 19, 20, 21 nömrəli ictimai yaşayış binalarının təmiri zamanı yeni içməli su, kanalizasiya xətləri də çəkildi.
İstər inzibati binaların təmiri, yenidən qurulması, istərsə də magistral və şəhərdaxili yolların, səkilərin salınması, kanalizasiya və su xətlərinin çəkilişi işi böyük həvəslə, məsuliyyətlə həyata keçirilir. Ona görə ki, hər kəs tapşırılan işin məsuliyyətini dərk edir, vəzifəsinin öhdəsindən gəlməyə çalışır.
Bu yurda Tanrı bəxşişi olan təbii gözəllikləri tamamlayan insan əlinin zəhməti Şahbuzu müasir rayona çevirib.
Şəhla NƏBİYEVA