İnkişaf etmiş dünya ölkələrində davamlı inkişafın təmin edilməsində əsas vacib sahələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq məsələləri bazar iqtisadiyyatının əsas prinsiplərindəndir. Bu sahənin inkişaf etdirilməsi iqtisadi fəallığın artırılması, eyni zamanda əhalinin daim artan ehtiyaclarının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ancaq son illərdə dünyanın iqtisadi sferasında baş verən dəyişikliklər bir daha onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr belə, işsizlik problemlərindən sığortalanmayıb. Buna görə də düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi bu gün istənilən ölkə üçün aktual məsələlərdən hesab olunur. Məhz bu prizmadan baxdıqda müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən birinin əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarət olduğu bir daha görünür.
Qeyd etmək lazımdır ki, ölkəmizdə məşğulluq siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının ən mühüm tərkib hissələrindən biridir. 2001-ci il 2 iyul tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə dövlət siyasətini müəyyən etmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və 2011-ci il 15 noyabr tarixli Sərəncamla öz təsdiqini tapmış “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər)” ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə real imkanlar yaratmışdır. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının, 2008-ci il 15 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası nəticəsində əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu tədbirlər hazırda da davam etdirilir.
Sosial-iqtisadi inkişafın getdikcə artan və keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında da formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuş, bu da sosial və iqtisadi problemlərin həllində özünü göstərmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yeni uğurların əldə olunmasına imkanlar açaraq yoxsulluğun azaldılmasına, işgüzar fəallığın yüksəldilməsinə, habelə məşğulluq tədbirlərinin həllinə mühüm təsir göstərmişdir.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən və muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərini özündə əks etdirən dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası əldə edilən nailiyyətlərin əsasını təşkil etmişdir. Təkcə ötən 2014-cü ildə muxtar respublikada sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər bir daha makroiqtisadi dinamikanın yüksək səviyyədə saxlanıldığını təsdiq edir. Belə ki, 2014-cü ildə Ümumi Daxili Məhsulun həcmi 2013-cü illə müqayisədə 1,3 faiz artaraq 2 milyard 391 milyon manat olmuşdur. Onun hər bir nəfərə düşən həcmi 5465,2 manat təşkil etmişdir. Maddi istehsal sektorunun Ümumi Daxili Məhsulda payının 63 faiz olması isə sabit iqtisadi artımın nəticəsidir. Son illərdə muxtar respublikada məqsədli investisiya qoyuluşu, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması maddi istehsalın xüsusi çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Muxtar respublikada daxili istehsal potensialından səmərəli istifadənin nəticəsidir ki, 107-si ərzaq və 229-u qeyri-ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 2014-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsulun həcmində özəl bölmənin xüsusi çəkisi 87 faizə çatmışdır. Əldə olunan nəticələr, təbii ki, əhalinin məşğulluğunun artırılmasına da öz təsirini göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər əmək bazarının tənzimlənməsinə və yeni iş yerlərinin açılmasına şərait yaratmış, təkcə 2014-cü ildə 3805 yeni iş yeri açılmışdır ki, bunun da 97,5 faizi və ya 3709-u daimi iş yerləridir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən sahibkarlara 49 milyon 765 min manatdan çox kreditlərin verilməsi nəticəsində 2260 yeni iş yeri açılmışdır ki, bunun da 2092-si daimi iş yerləri olmuşdur.
Hamımıza məlumdur ki, muxtar respublikada məşğulluq məsələlərinin həll edilməsində təşkil olunan əmək yarmarkaları mühüm rol oynayır. Belə ki, vaxtaşırı olaraq keçirilən əmək yarmarkalarına muxtar respublikada fəaliyyət göstərən idarə, təşkilat və qurumlardan vakant iş yerləri çıxarılır və istənilən işaxtaran vətəndaş yarmarkaya müraciət edib öz ixtisasına uyğun işlə maraqlana və işə göndəriş əldə edə bilər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ildə Naxçıvan şəhərində və rayon mərkəzlərində 4 dəfə əmək yarmarkaları təşkil edilmişdir. Əmək yarmarkalarına, ümumilikdə, 263 müəssisə və təşkilat tərəfindən 2030 boş iş yeri çıxarılmışdır. Keçirilən əmək yarmarkalarında 943 nəfər peşə və ixtisasına uyğun işlə təmin edilmiş, 9 nəfər peşə hazırlığına, 30 nəfər isə ictimai işlərə cəlb olunmuşdur. Muxtar respublikada təhsil və səhiyyə işçiləri üçün təşkil olunan əmək yarmarkalarında isə 93 nəfər pedaqoji işlə, 11 nəfər isə səhiyyə sahəsində münasib işlə təmin edilmişdir.
Artıq 2015-ci ilə qədəm qoymuşuq. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası məşğulluq məsələlərinin həllinə öz töhfəsini verəcək.
Səbuhi HƏSƏNOV