Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon Dövlət Sığorta agentlikləri payızlıq buğda və arpa məhsulu istehsalçıları üçün taxıl əkini sahələrinin sığortalanması işini davam etdirir. Əkin sahələri sığortalandıqdan sonra yanğın, dolu, sel, daşqın və ya şaxtavurma zamanı məhsula dəyə biləcək maddi zərərlər sığorta agentlikləri tərəfindən ödəniləcəkdir.
Mövcud qanunvericiliyə əsasən, əkin sahibləri bağladıqları sığorta müqavilələrinə görə, sığorta haqlarının yalnız 50 faizini ödəyirlər. Qalan məbləğ isə dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Müasir dövrdə kənd təsərrüfatının inkişafı və təsərrüfatçılıqda mütərəqqi metodların tətbiqi məhsul bolluğuna səbəb olur. Ancaq reallıq budur ki, bəzən minbir zəhmət hesabına yetişdirilən məhsul qəfil, gözlənilməz təbii fəlakətlər – dolu, sel, daşqın, fırtına, ildırım vurması nəticəsində bir anda puç olur. Bu səbəbdən kənd təsərrüfatı qəfil hadisələrə çox həssas sahə hesab olunur. Çünki gözlənilmədən baş verən təbii fəlakət yüz hektarlarla taxıl sahələrinin məhsulunu məhv edə bilər. Onun nəticələrinin aradan qaldırılması isə çox zaman mümkün olmur.
Belə vəziyyətlərdə əziyyət çəkilərək yetişdirilən məhsulun dəyərinin əldə olunması hər bir vətəndaşa böyük maddi və mənəvi kömək olmaqla yanaşı, onun gələcəkdə işini inamla davam etdirməsinə də stimul verir. Məhz buna görə taxıl (buğda, arpa) istehsalçılarının gözlənilməz hadisələrdən dəyə biləcək zərərlərin ödənilməsi məqsədilə əkin sahələrinin məhsulunu sığorta etdirmələri onlara yalnız fayda gətirə bilər.
Xəbərlər şöbəsi