22 Dekabr 2024, Bazar

Muxtar respublikada yeni iş yerlərinin açılması, əmək bazarının müasir səviyyədə qurulması və əmək potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayır.
2015-ci ilin fevral ayında işaxtaranların məşğulluğunun təmin olunması və peşə hazırlığı, işçilərin əmək hüquqlarının qorunması, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası istiqamətində işlər davam etdirilmişdir. Ötən ay həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində 200 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 4 şəxs kvota yerlərinə göndərilmiş, 10 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir. Qeyd olunan dövrdə müvafiq kateqoriyadan olan şəxslərə, habelə aztəminatlı ailələrə 1 milyon 222 min 241 manat dəyərində sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilmişdir.

Əmək bazarının tələbləri nəzərə alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “qadın bərbəri”, “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşələrini, ümumilikdə, 37 nəfər bitirmişdir. Hazırda “xalçaçı”, “elektrik montyoru”, sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “kompüter istifadəçisi” peşələri üzrə kurslar davam etdirilir.
Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 50 obyektdə nəzarət aparılmış, 36 halda yeni əmək müqaviləsinin bağlanmasına, 42 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuşdur. İşə­götürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə 11 müəssisə və tikinti sahəsində müşahidələr həyata keçirilmişdir. Yoxlamalar zamanı fərdi mühafizə vasitələrindən istifadə etməyən 11 işçi aşkarlanmış, onlardan 8-i həmin vasitələrlə yerində təmin olunmuş, 3-ü isə tikinti sahəsindən uzaqlaşdırılmışdır. Həmçinin 11 müəssisədə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanması təmin edilmişdir.
Əmək bazarının tələbləri əsasında işçilərin peşə qabiliyyətinin artırılması, ixtisası üzrə dərin biliklərə yiyələnməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq kurslar keçirilir. Fevral ayında mərkəzdə “Əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda növbəti ixtisasartırma kursu təşkil olunmuş, “Cahan Qida Market“, “Cahan Qənd“, “Cahan Tobacco“, “Bərəkət Qida Məhsulları“, “Hilal“ Ət və Ət Məhsulları, “Ləzzət Qida Sənaye“, “Prestij Naxçıvan Pivəsi“, “Naxçıvan Duz İstehsalı“ Məhdud Məsuliyyətli cəmiyyətləri, “Sirab“ Açıq Səhmdar Cəmiyyəti və “Fərda“ şirniyyat müəssisəsindən 10 mütəxəssis kursa cəlb edilmişdir.
Naxçıvan Muxtar Respublikasında insan amilinə qayğı bütün istiqamətlər üzrə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Buna görə də tənha yaşayan və köməyə ehtiyacı olan şəxslərə xüsusi qulluq göstərilməsi bu gün sosial təminat sektorunda çalışan işçilərin əsas vəzifələrindəndir. Ötən ay ərzində bu istiqamətdə tədbirlər davam etdirilmiş, 500 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidməti göstərilmişdir. Həmçinin Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 18 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 31 uşağın müalicəsi təşkil edilmiş, 15 vətəndaş texniki reabilitasiya vasitəsilə təmin olunmuş, 8 şəxsin sosial məişət şəraitinin yaxşı­laşmasına, 3 şəxsin isə respublika daxilində müalicəsinə köməklik göstərilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə işlər də uğurla davam etdirilir. Xüsusi tədris proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant tədrisin imkanlarından istifadə olunmaqla dərslər təşkil edilmişdir. Ötən ay görmə qabiliyyəti məhdud şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnalının növbəti nömrəsi mərkəzin audiostudiyasında səsləndirilmiş və kitabxananın fonduna daxil edilmişdir.
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyası üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Fevral ayından etibarən tapşırıqların icrasına başlanılmış, sağlamlıq imkanları məhdud qızlardan ibarət 12 nəfərlik bədii gimnastika üzrə idman qrupu yaradılmışdır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin artırılması, sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası istiqamətində işlər növbəti aylarda da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR