(miniatür)
Bu il də ululardan ulu diyarımız üçün ötən ildən uğurlu, sayalı gəldi. Naxçıvanımızın hər qarışına yeni naxışlar vuruldu, yeni rənglər qədim diyarımızın mənzərəsinə al-əlvanlıq, şuxluq, gözəllik qatdı. Yeni-yeni binalar istifadəyə verildi, yollar, körpülər salındı. Susuz çöllərə su çəkildi, ağacsız torpaqlara yeni fidanlar əkildi. Bundan əvvəlki illərdə salınan pöhrələr insan əlinin nəvazişilə torpaqda özlərinə daha möhkəm yer etdilər, çiçəkləndilər, pərvazlanıb boy atdılar. Şoran torpaqlara möhkəm, sarsılmaz iradəsinin gücünü göstərən insan oğlu hektarlarla belə torpağı körpə ağaclara yurd-yuva etdi. Naxçıvan daha yaşıl diyara çevrildi.
...Artıq Naxçıvan şəhəri yağışlı-çiskinli, xəzəlli payızı arxada qoyub. Əsən küləklər, gecə ayazı ağacları gələn bahara əməlli-başlı hazırlayıb. Təkəmseyrək ağaclar bu fəslin şıltaqlığına dözə bilib, bir az “əyin-başında” yarpaq saxlayıb. İndi şəhərə gözəllik, yaşıl rəng vermək növbəsi həmişəyaşılların, küknarların, şamlarındır. Doğma diyarımızın bütün guşələrində olduğu kimi, Naxçıvan şəhərində də belə ağaclar minlərlədir. Şəhərimiz yenə yaz fəslindəki kimi gözəl, yaraşıqlı, cilvəlidir.
Səhərdir. Xan Arazdan qalxan sis, duman şəhəri qalın yorğan kimi örtüb. Sanki Tanrının minillərdir, qoruyub saxladığı bu şəhəri yad gözlərdən gizlədir, mühafizə edir. Duman çəkildikcə gözlər önündə şəhərin möhtəşəm mənzərəsi canlanır. Yaşamaq, yaratmaq həvəsi ilə yollara çıxan, işə tələsən insanlar təmiz, səliqəli səkilərlə işə tələsirlər. Bir yaşlı insan da onların arasındadır. Ətrafındakı ağacların rəngində yaşıl paltar geyən ağsaçlı-saqqallı insan ciddiyyətlə və qətiyyətlə addımlayır. Biləkləri ağac gövdəsitək möhkəm, əlləri qabarlı, alnı torpaq kimi qırışlarla örtülü, gözlərindən şəfqət, mehribanlıq yağan bu insanın işi bir çoxlarından daha çətin, daha məsuliyyətlidir. Yəqin, təxmin etmisiniz. Hər gün şəhərin müxtəlif yerlərində qarşımıza çıxan bu insan əvəzsiz təbiət nümunələrinin, güllərin, çiçəklərin, ağacların qayğıkeşi olan bağbandır.
Mənə “Payızda yerə tökülən xəzəllərin, yazda açılan çiçəklərin, cücərən tumurcuqların qoxusunu nə zaman ciyərlərinizə çəkmisiniz, nə zaman əyilib yol kənarında bir gülü iyləmisiniz? Halbuki mən yerə düşmüş bir xəzəlin ətrini dünyanın ən bahalı ətrinə dəyişmərəm”, – deyən də odur. Haqlıdır. Mən də daxil olmaqla bir çoxlarımız təbiətin gözəlliklərinə qarşı etinasızıq, soyuğuq. Nə edirik, nə düşünürük, bəlli deyil. Nə rəngləri görürük, nə çalarları, nə də ana təbiətin nəvazişli çağırışını, səsini eşidirik.
Bircə təsəlliverici məqam var. O da bundan ibarətdir ki, həyat davam edir. Güllü-çiçəkli, həmişəyaşıl şəhərimizə yaxşı-yaxşı baxmağa da vaxtımız var, sınan bir budağı sarıyıb həyata qaytarmağa da. İnanın ki, həyatda yalnız bircə dəqiqəniz qalmışsa, demək, gec deyil. Yaxşı əməl sahibi olmaq, bizi yaşadan təbiətə həssas olmaq üçün könül gözü ilə yalnız bircə dəfə qanrılıb ətrafa baxmağımız yetər.
Səbuhi HÜSEYNOV