Sual: Ölkəmizdə şəxsiyyət vəsiqəsi hansı qaydada verilir və dəyişdirilir?
Cavab: Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sahədəki münasibətlər “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunla tənzimlənir. Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin bu növləri vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa, vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.
Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir.
Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, hərbi təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir. Barəsində həbsəalma qəti imkan tədbiri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun Hüquqi təminat və
informasiya şöbəsi