22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Evində “Qadın milli missiyaların daşıyıcısı kimi” mövzusunda konfrans keçirilib.
Konfransı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Qadınlar milli dəyərlərin daşıyıcısıdır” mövzusunda çıxış edib.
Bildirilib ki, bu gün Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Məhz buna görə də böyük mədəni irsə malik olan xalqımız qadının ailədə və cəmiyyətdəki roluna həmişə böyük ehtiramla yanaşıb. Bu gün cəmiyyətimizdə qadın adının uca tutulmasının əsas səbəblərindən biri də odur ki, qadınlarımız milli dəyərlərimizi övladlarımıza aşılayandırlar. Uşaqları milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Azərbaycan qadını ana kimi də milli missiyanın daşıyıcısıdır. Ana adı hamı üçün əziz və müqəddəsdir. Çünki o, bütün insani keyfiyyət, ülfət, məhəbbət və xeyirxahlıqların mənbəyidir. Ananın övladının qayğısına qalması xalqımıza məxsus ən üstün keyfiyyətlərdəndir. Bu, hər bir Azərbaycan qadınının yerinə yetirdiyi milli missiyasının fövqündə dayanır.

Komitə sədri vurğulayıb ki, təbii olaraq, Azərbaycan qadınının daşıdığı missiyanı gələcəkdə bu günün qızları yerinə yetirəcəklər. Buna görə də müasir Azərbaycan qızı təmkinli, səbirli, mədəni olmalı, məktəbdə, ictimai yerlərdə milli xüsusiyyətlərimizə uyğun davranmalıdır. Milli geyimlərimizi unutmamalı, zəngin mətbəximizi öyrənməli, əxlaqi keyfiyyətləri özündə ehtiva etməli, ailə üzvləri, qohumları, yoldaşları ilə münasibətdə səmimi, mehriban olmalı, böyüklərin hörmətini saxlamalıdır. Ünsiyyət mədəniyyətinə, geniş dünyagörüşə yiyələnməli, təhsilli və ideya əqidəliliyinə malik olmalıdır.
Muxtar respublikada 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi qadınlar tərəfindən ailə dəyərlərinin, ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılmasına daha geniş imkanlar yaradıb. Hər kəs çalışmalıdır ki, bu imkanlardan düzgün istifadə etsin, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin.
Konfransda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Gənc qadınların sağlamlığının əsasları”, Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu Çinarə Qurbanova “Qadın psixologiyasının əsasları” mövzularında çıxışlar ediblər.
Tədbir iştirakçılarına müvafiq mövzuda slayd göstərilib, broşürlər paylanılıb, onların sualları cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yekun vurub.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR