22 Dekabr 2024, Bazar

Sədərək kəndində quruculuq işləri bu il də davam etdirilib

Yol boyu düşüncələr

Hələ Şərur rayonundan çıxarkən uzaqdan bomboz siması ilə diqqəti çəkən, möhtəşəmlik rəmzi olan, min illərdir ki, beləcə məğrur-məğrur dayanan sıra dağların əhatəyə aldığı Sədərək bölgəsinə üz tutanların burada gördüklərindən hansı hissləri keçirdiklərini deyə bilmərəm. Ancaq mənə həmişə elə gəlir ki, bu yurd yeri doğma diyarımızın bəzi bölgələrindən fərqli bir məkandır. Öz daxili “mən”imlə baş-başa qalıb bu fərqi tapmaq istəyirəm: fərq Sədərəyin sərhəd bölgəsi olduğuna görədirmi? Düşünürəm ki, Sədərək onlarla belə bölgələrimizdən biridir. İnsanların məğrurluğuna, qonaqpərvərliyinə görədirmi? Bu da səbəb deyil. Çünki xalqımız qonaqpərvər xalqdır, məğrur xalqdır. Bəlkə, bu bölgədə həyata keçirilən quruculuq tədbirlərinin həcmi məni bu düşüncələrə sövq edir? Bu sualın da cavabı birmənalıdır: bu gün muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, orada genişhəcmli quruculuq tədbirləri həyata keçirilməsin...
Yaşadığım hissləri və düşüncələrimi rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmud­ovla bölüşürəm. Çöhrəsinə təbəssüm qonur. Bir qədər sonra dillənir:

– Sizi düşündürən sualların hamısının cavabı Sədərəkdədir. Bu yurd yeri doğma Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biridir. Müqəddəs torpaqdır Sədərək. Bunu tarixi mənbələr də təsdiq edir. Ən böyük mənbə isə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda da göstərilir ki, bu yurd yerinin sakinləri məğrurdurlar, əyilməzdirlər, qonaqpərvərdirlər. Bu keyfiyyətləri min illərdir ki, ən qiymətli sərvət kimi nəsildən-nəslə ötürürlər. Bu gün onlar əsl sərhədçi həyatı yaşayırlar. Ancaq heç bir sədərəkli belə yerdə yaşamaqdan, necə deyərlər, bezmir, yorulmur. Çünki hərtərəfli dövlət qayğısı Sədərəkdə günü-gündən qurub-yaradılanların sayını artırır. Qurub-yaradılanlar isə göz oxşayır. Düşmənə gözdağıdır bu ərməğanlar.
Axtardığıma cavab tapdığım üçün ürəyimdən elə rayonun bu kəndinə getmək, həmin yaşayış məntəqəsindən yazı hazırlamaq keçir. Sədərək rayonunun eyniadlı kəndinə üz tuturam.

Kəndin quruculuq xəritəsi bu il bir qədər də genişlənib

Sədərəyin bugünkü mənzərəsini təsvir etmək çətindir. Bir qədər romantik səslənsə də, şəxsi qənaətim budur ki, kəndin bu gününü olduğu kimi oxucuya çatdırmaq üçün rəssam fırçasına, şair sözünə, bəstəkar əsərinə ehtiyac var. Mən isə burada qurulub-yaradılanları ancaq faktların dili ilə deyə bilərəm. Bu faktlar dövlət qayğısının işığında çox möhtəşəm görünür; bu işığın fonunda yurda, el-obaya bağlılıq, prinsipiallıq və təşəbbüskarlıq, vəzifə borcuna sədaqət ön plandadır. Rayonun bir sıra infrastruktur obyektləri bu kənddə fəaliyyət göstərir. Həmin təşkilatlar üçün yeni binalar inşa olunub, hərtərəfli iş şəraiti yaradılıb. Noyabr ayının 30-da burada açılışı olan daha bir neçə obyekt kəndin quruculuq xəritəsini xeyli genişləndirib.
Budur, yeni kənd mərkəzindəyik. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 75 yerlik tədbirlər zalı yerləşir.
Mərkəzdə rabitə evi üçün ayrıca iş otağı ayrılıb, poçt bölməsi yaradılıb, faks aparatı və kompyuter qoyulub. Poçt bölməsində məktub, faks və teleqramların qəbulu və göndərişi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunub. Burada əhaliyə bank xidmətləri də göstərilir.
Kənd mərkəzində kitabxana üçün də lazımi şərait yaradılıb. Binanın istiliklə təmin olunması üçün fərdi qazanxana qurulub, həyətdə abadlıq işləri aparılıb, binanın qarşısındakı yola asfalt örtük salınıb. Məni isə düşündürən sədərəklilərin bu yeni qayğıya münasibətləridir. Kənd ziyalısı Talıb Mehdiyevlə kənd mərkəzinin qarşısında görüşürəm. Yaxınlıqda mərkəzlə eyni gündə istifadəyə verilmiş uşaq bağçasından nəvəsini evə aparmağa gəlib. Uşaqlarınsa evə buraxılmasına bir qədər var. Elə bu imkandan istifadə edərək həmsöhbət oluruq:
– Muxtar respublikamızda tikinti-quruculuq tədbirlərindən məktəbəqədər tərbiyə müəssisələrinə də pay düşüb. Son illər bu rayonda da uşaqların təlim-tərbiyəsinin, təhsilinin müasir səviyyədə təşkil olunması istiqamətində müvafiq tədbirlər görülür, belə tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Sərhəd yaşayış məntəqəsi olan Sədərək kəndindəki uşaq bağçası üçün yeni binanın istifadəyə verilməsi dövlətimizin bu sahəyə göstərdiyi qayğının daha bir nümunəsidir.
Qeyd edək ki, bina müasir memarlıq üslubunda inşa olunub. 65 yerlik bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 8 müəllim-tərbiyəçi məşğul olur. Uşaq bağçasında lazımi şərait yaradılıb, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı oyun zalları istifadəyə verilib.
Bağçaya daxil oluruq. Gördüklərimiz bu yeni obyekt haqqında eşitdiklərimizdən qat-qat çoxdur. Bağçada uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnmələri, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, estetik tərbiyələri, təbiətə və insanlara həssas münasibətlərinin formalaşması tədris prosesinin əsasını təşkil edir. Uşaqlar gündəlik keçirilən nitq inkişafı, bədii ədəbiyyatla tanışlıq, təsviri fəaliyyət, idman və musiqi məşğələlərində yaş səviyyələrinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnə bilirlər. Bağçanın həyətində müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılıb.
Burada gördüklərimizin təəssüratları ilə üz tuturuq Ticarət, xidmət mərkəzi və bazar kompleksinə. Rayon mərkəzlərində və şəhərlərdə gördüyümüz belə ünvanlardan heç də seçilməyən bu yeni obyektdə qələbəlikdir. Burada insanlar ticarət mərkəzində 2 ət satışı yerindən, 2 əczaxanadan, 4 sənaye, 32 ərzaq, 6 təsərrüfat malları, 4 məişət cihazlarının satışı, mebel və geyim mağazalarından, baytarlıq aptekindən istifadə etmək imkanı qazanıblar.
Bazar hissəsinin sahəsi 144 kvadratmetr olan kompleksdə, əsasən, kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bunun üçün 24 yer ayrılıb. Burada müxtəlif xidmət sahələri də var. Belə ki, yeni ünvanda 6 bərbərxana, dərzi sexi, çörək mağazası və fotostudiya fəaliyyət göstərir. Burada çay evi və firma mağazası da yaradılıb, bankomat quraşdırılıb. Kompleksin ərazisi abadlaşdırılıb, ağac və gül kolları əkilib, işıqlandırma sistemləri qurulub, asfalt yol çəkilib. Ticarət, xidmət mərkəzi və bazar kompleksində 100 nəfər işlə təmin edilib.
Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əyyub Mehdiyevlə kompleksin ərazisində görüşürük. Bu kəndə, yaşayış məntəqəsinin sakinlərinə göstərilən böyük dövlət qayğısına görə kənd adamları adından minnətdarlığını bildirir. Deyir ki, ötən illərdə də kənddə xeyli quruculuq tədbirləri həyata keçirilib. Bu yaşayış məntəqəsində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 26 çarpayılıq rayon mərkəzi xəstəxanasının, 2 nömrəli məktəbin binaları istifadəyə verilib. Bu binaların açılışında ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.
Ötən ildən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazası, Kommunal Müəssisələr Kombinatı, Yol Təmiri və İstismarı Sahəsi də öz fəaliyyətlərini yeni binalarda davam etdirməyə başlayıblar. Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa olunub. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar. 2012-ci ildə də quruculuq tədbirləri davam etdirilib. Həmçinin bir sıra abadlıq işləri aparılıb. Hazırda Sədərək kəndində yeni su və kanalizasiya xətləri çəkilir. Həyata keçirilən belə tədbirlər sədərəklilərin qurub-yaratmaq əzmini xeyli yüksəldib. Kənd haqqında ətraflı məlumat verən müsahibim bildirir ki,

Torpaq sədərəklilərin daimi iş yerinə çevrilib

Məlumat üçün bildirək ki, bu gün Sədərək kəndində 8347 nəfər əhali yaşayır. Onlardan 1600 nəfərə yaxını dövlətdən təqaüd, müavinət və əməkhaqqı alır. Bu yaşayış məntəqəsinin sakinləri torpağa qəlbən bağlı insanlardır. Onlar təsərrüfatın müxtəlif sahələrinin inkişafına yaradılan şəraitdən səmərəli istifadə edirlər. Kəndin coğrafi-iqlim şəraiti də əlverişli olduğundan bir qarış torpaq əkilməmiş saxlanılmır. Təkcə 2012-ci ildə kənd sakinlərinə əkin işləri aparmaq üçün 381 min 500 manat kredit verilib.
Müsahibim deyir ki, kənd adamlarının ixtiyarında 2721 hektar torpaq sahəsi var. Bunun 1116 hektarı pay, 458 hektarı xüsusi mülkiyyətdə, 456 hektarı bələdiyyə mülkiyyətində, 691 hektarı perspektiv inkişaf fondunda olan torpaq sahələridir.
Təkcə 2012-ci ilin yanvar-oktyabr aylarında Sədərək rayonunda 10 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyir. Sədərək rayonu muxtar respublikanın yüksək aqrar potensiala malik olan rayonlarından biridir. Rayonun münbit torpaqları və əlverişli iqlim şəraiti burada ildə 2 dəfə məhsul götürməyə imkan verir. Sakinlər yaradılan şəraitdən istifadə edərək məhsuldarlığı ilbəil artırırlar.
Sədərəkdə sahibkarlıq fəaliyyətinə də geniş imkanlar yaradılıb. Burada çörək sexləri, xalçaçılıq müəssisəsi, soyuducu anbar və digər emal və istehsal sahələri kənd adamlarının xidmətindədir.

2012-ci il sədərəklilərin yaddaşına uğurlar ili kimi yazılıb. Bu uğurlar elə-belə qazanılmayıb. Sərhəd bölgəsi sakinlərinin digər bölgələrdən fərqli olaraq, daha çox qayğıya ehtiyacı nəzərə alınaraq onlara diqqət bir qədər də artırılıb, insanların yaxşı yaşaması üçün şərait yaradılıb. Həyata keçirilən tədbirlər düşmənin bir addımlığında ayıq-sayıq dayanan, sərhədçi ömrü yaşayan sədərəklilərin ruh yüksəkliyini daha da artırıb. Yeni inkişaf mərhələsinə qədəm qoyan kənddən ayrılıram. Yadıma Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözləri düşür: “Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuq və abadlıq işləri Sədərək rayonunun timsalında da aydın görünür. Sədərək rayonu yarandıqdan bu günə qədər rayonda quruculuq işləri ardıcıl şəkildə həyata keçirilmiş, Sədərək inkişaf edən bir rayon kimi formalaşmışdır. Burada dövlət orqanlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidmət sahələrinin inkişafına diqqət artırılmış, sosial infrastruktur yenilənmişdir. Bir sözlə, sərhəd rayonu olan Sədərək dövlətimizin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə yüksəlmişdir”.


 Muxtar MƏMMƏDOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR