Havaların soyuması ilə əlaqədar əhalinin mavi yanacağa olan tələbatı da artmağa başlayıb. Ötən illərin payız-qış mövsümünün təcrübəsi göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələrə səbəb olur. Muxtar respublikada bəzi sakinlər hələ də təbii qazdan, qaz cihazlarından istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmirlər. Bəzən standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edilir, qaz xətlərinin bu sahəyə məsul şəxslərin icazəsi və iştirakı olmadan çəkilməsi, cihazların yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verilir.
Yadda saxlamaq lazımdır ki, qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan qorunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, hər bir vətəndaşın yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Təyinatından asılı olmayaraq bina və qurğulara qaz xətti çəkilərkən xətt binanın bünövrəsindən binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan çıxdığı yerdə isə zədədən mühafizə edilməlidir. Qaz kəməri binanın üstündən çəkilərsə, xəttin aşağı hissəsindən bina örtüyünə qədər məsafə ən azı 50 santimetr olmalı, divar boyu çəkildiyi halda isə pəncərə və qapıların qarşısını kəsməməlidir. Qaz kəmərinin eyvan və pəncərə altından keçdiyi yerdə birləşmə olmamalı, kəmər elektrik açarına qədər ən azı 50 santimetr məsafədə olmalı, əsas bağlayıcı açar binadan xaricdə quraşdırılmalıdır. Qaz xətti elə çəkilməlidir ki, o, başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz xəttinin çəkilməsi qadağan olunur.
Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında digər tələblər də yerinə yetirilməlidir. Birinci növbədə, yaşayış binasının qaz xətti metal borudan olmalı, suvaq altından deyil, açıqlıqdan çəkilməlidir. Qazın plitəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz plitəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir.
Bu qaydaların pozulması ilə yanaşı, bir sıra digər səbəblər də yaşayış evlərində yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz plitələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirə bilər. Elə buna görə də mənzildə və digər yerlərdə qaz iyi hiss etdikdə kibrit, alışqan yandırmaq, elektrik qurğu və cihazlarından istifadə etmək olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək, işığı yandırmaq və söndürmək qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər. Əgər qaz sızması qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını dəyişmək üçün qapı və pəncərələri açmaq, hava axını yaratmaq lazımdır. Qazın sızması qaz kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili qaz idarəsinin qəza xidmətinə (104 nömrəli telefona) xəbər vermək lazımdır. Qaz xətlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.
Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qızdırıcı qaz cihazlarından və suqızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunmuş yerlərdə quraşdırılması qəzaların başvermə ehtimalını daha da artırır. Buna görə də satış məntəqələrindən standartlara uyğun qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir. Qaz cihazlarıni alan zaman onun uyğunluq sertifikatını və texniki pasportunu satışı həyata keçirən mağaza sahiblərindən tələb etmək vacibdir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə məruz qoya bilərik. Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir!
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı