22 Dekabr 2024, Bazar

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz rayonunda yerləşən Ahıllar evində tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Muxtar respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova qeyd edib ki, muxtar respublikamızda ahıllara dövlət qayğısı günbəgün artır, onların muxtar respublikanın sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün hər cür şərait yaradılır. Mütəmadi olaraq tənha ahıllara evlərində baş çəkilir, onların zəruri sosial problemləri yerindəcə həll edilir.

Ardını oxu...

Dünya binə olandan insanlar uzunömürlülüyün sirlərini öyrənməyə çalışıblar. Lakin günümüzədək bu sirrin üstü açılmaz qalsa da, sevindirici haldır ki, bu sirri daşıyanlar, yəni uzunömürlülər hələ də aramızda var. Onlardan biri də Şərur rayon sakini Qönçə Hümbət­ovadır. Ömrünün 115-ci payızını yaşayan Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıb. Üç əsrə şahidlik edən Qönçə nənənin 1 oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları muxtar respublikanın ən uzunömürlü sakini Qönçə Hümbətova ilə görüşüblər. Görüşdə qeyd edilib ki, muxtar respublikada uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlıqları qayğısına qalınır, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqa­mətində ardıcıl tədbirlər həyata keçirilir. Bu görüş də həmin sosial tədbirlərdən biridir.
Ona göstərilən qayğıya görə Qönçə Hümbətova minnətdarlığını bildirib.
Görüşdə muxtar respublikanın ən yaşlı sakininə hədiyyə verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Hazırda cəmiyyətimiz sürətli sosial-iqtisadi inkişaf mərhələsindədir. Bu inkişaf proseslərinə uyğun olaraq, iqtisadi həyatda sığorta kimi bir çox vacib münasibətlərin də genişləndirilməsi, onun müxtəlif növlərinin tətbiqinin sürətləndirilməsi tələb olunur. Muxtar respublikamızda sığorta fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün verilmiş tapşırıqların icrası istiqamətində görülən işlər qısa müddətdə bu vacib sahənin fəaliyyətini genişləndirməyə, insanların risklərini sığortalamaqla sosial müdafiəsini daha yaxşı təşkil etməyə imkan vermişdir. Sığorta maarifçiliyini genişləndirmək və daşınmaz əmlakın icbari sığortası zamanı əhalini maraqlandıran bəzi suallara cavab vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik.  Müsahibimiz agentliyin aparıcı mütəxəssisi Hafiz Hüseynovdur.

– Hafiz müəllim, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası nə üçün vacibdir və o, hansı qanun və fərman əsasında aparılır?

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. 2011-ci il dekabr ayının 30-da qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 70 yaşına çatmış hər bir şəxs ahıl sayılır. Azərbaycanda bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, maddi və mənəvi tələbatlarının ödənilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2006-cı il 17 aprel tarixli Sərəncamı ahılların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatların həyata keçirilməsinə, ölkəmizdə ahılların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan yaratmışdır.

Ardını oxu...

Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar evi sakinlərinin rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif tədbirlər, o cümlədən muxtar respublikamızın tarixi, görməli yerlərinə gəzintilərin təşkili artıq ənənə halını alıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Ahıllar evinin 13 sakininin Naxçıvan şəhərinə gəzintiləri təşkil edilib. Tədbir iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olub, Əcəmi seyrəngahını gəzərək Naxçıvan Dövlət Xalça və Açıq Səma Altında muzeylərin eksponatlarına, həmçinin Möminə xatın türbəsinə baxıblar.
Gəzinti iştirakçılarına müalicə mərkəzinin fəaliyyəti, duz şaxtalarının bronxial-astma xəstələrinə müalicəvi təsiri, muzeylərdə nümayiş etdirilən eksponatlar, həmçinin tarixi abidələrimiz haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gəzinti iştirakçıları üçün nahar və çay fasiləsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ahıl əlillər arasında şahmat, dama və nərd üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək ahıl idmançılara uğurlar diləyiblər. Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 30 nəfər ahılın iştirakı ilə keçirilən yarışın məqsədi əlil ahılların asudə vaxtının səmərəli təşkil edilməsi idi. Sonda şahmat üzrə İsrafil Hüseynli (Culfa) birinci, Əsədulla İsmayılov (Ordubad) ikinci, Cəlal Fətullayev (Babək) üçüncü; nərd üzrə Elxan Süleymanov (Naxçıvan) birinci, Hüseyn Abbasov (Naxçıvan) ikinci, Bayram Məmmədov (Şərur) üçüncü; dama üzrə Vahid Məmmədov (Naxçıvan) birinci, Fərhad Talıbov (Naxçıvan) ikinci, Vaqif Sadiqov (Ordubad) üçüncü yerlərə layiq görülüblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 24-də sözügedən nazirliyə tabeli qurumlar olan əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 35 tənha ahılın “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Əshabi-Kəhfi ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi təşkil edilib. Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin sentyabrın 23-dən etibarən Naxçıvan şəhərində təşkil etdiyi peşəyönümü məşğələlərin əsas məqsədi gənclərin seçiminə düzgün yol göstərməkdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən peşəyönümü məşğələlərinə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin IX-XI sinif şagirdləri cəlb olunublar. Məşğələlərin  dərs ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, sağlamlıqlarının qorunması, tibbi-sosial reabilitasiyalarının təşkili həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyadan olan uşaqların xarici ölkələrdə müalicəsi də daim diqqət mərkəzində saxlanılır. Sentyabrın 22-də muxtar respublikadan 18 yaşadək sağlamlıq imkanları məhdud 8 uşaq valideynləri ilə birlikdə Ukrayna Respublikasının Evpatoriya şəhərində fəaliyyət göstərən sanatoriyaya müalicəyə göndərilib. Uşaq serebral iflici diaqnozu qoyulmuş sağlamlıq imkanları məhdud uşaqlar bu sahə üzrə ixtisaslaşmış reabilitasiya mərkəzində müalicə kursu keçəcəklər.
Qeyd edək ki, bu ayın əvvəlində nazirliyin təşkilatçılığı ilə 8 sağlamlıq imkanları məhdud uşaq həmin sanatoriyaya müalicə üçün göndərilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünyanın yeddi möcüzəsi kimi meydan oxuyan təbiət çalarları bizim yurd-yuvamıza şamil edilə bilməz, nədən ki, Naxçıvan belə möcüzələr diyarıdır. Burada min kilometrlərlə uzanıb gedən Tayqa meşələri, yainki elə ondan da böyük səhralıqlar yoxdur, insan hər dəfə başını qaldırıb yan-yörəsinə baxanda bir təzəliklə, ana təbiətin bir əsrarəngiz gözəlliyi ilə rastlaşır. Naxçıvanın təbiət emblemi kimi tanınan və naxçıvanlıların “Haça dağ” adlandırdıqları bu təbiət heykəlinin arxa tərəfindəki sərt qayalıqlar, sonra yavaş-yavaş mülayimləşən yollar, yastanlar və dərənin lap dibindən özünə yol-iz salan su sızıntıları, bu sızıntılardan həyat gücü alan yaşıl talalar, adda-budda gözə dəyən azman ağaclar, təpələrə, dağ döşlərinə səpələnmiş naxırlar, sürülər və hərdən bu var-dövləti haylayıb haraylayan çoban səsləri təbiətin harmoniyası ilə bir ahəngdarlıq yaradır. Bu yerlər Culfa rayonunun dağ kəndi olan Şurud səmtindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi tərəfindən rayonun Dəstə Kənd Mərkəzində keçirilmişdir. Tədbiri Dəstə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məmməd Quliyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, şöbənin əməkdaşı Feyzulla Əkbərov isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi ilə bağlı məsələlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün rəsmiləşdirilməsinə nail olmalı, bunu işəgötürəndən tələb etməli, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını təmin etməlidirlər. Vaxtlı-vaxtında və düzgün məbləğdə ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşlara sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablarda toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da vətəndaşın pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır. Fərdi şəxsi hesabda toplanan pensiya kapitalı çox olarsa, vətəndaşın alacağı pensiyanın məbləği də çox olacaqdır.
Tədbirdə könüllü sosial sığortanın əhəmiyyəti barədə də iştirakçılara məlumat verilərək bildirilmişdir ki, gələcəkdə bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada əlavə sığorta haqqı ödəməklə sığorta oluna biləcəklər. Bu da həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir. Tədbirdə vurğulanmışdır ki, əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması gələcəkdə onları pensiya hüququndan və digər sığorta hadisələri zamanı sığorta ödəmələrindən məhrum edəcəkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Tarix boyu insanlar uzunömürlülüyün sirrini axtarıb, çox yaşamağın yollarını arayıblar. Ancaq bütün hallarda gəlinən nəticənin əsasını sağlam həyat tərzi təşkil edib. Gündən-günə qloballaşan dünyanın verdiyi “yeniliklər” bizi bu həyat tərzindən uzaqlaşdırmağa çalışsa da, fakt faktlığında qalmaqdadır: yalnız sağlam həyat tərzi keçirən, qidalanma prinsiplərinə düzgün əməl edən insanlar uzun və sağlam ömür sürə bilərlər.
Alimlərin apardığı araşdırmalara görə, insanların müxtəlif xəstəliklər səbəbindən həyatdan köçməsi ildən-ilə getdikcə daha geniş yayılmaqdadır. Son 20-30 ildə xərçəng, şəkər kimi çətin müalicə olunan xəstəliklərin artmasının əsas səbəbi də insanların sağlam həyat tərzindən aralı düşməsi, düzgün və təbii qidalarla qidalanmamasıdır. Bəs sağlam həyat tərzi nədir?

Ardını oxu...

2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə bir sıra nazirlik, komitə və agentliklərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin qarşısında da mühüm vəzifələr qoyulub. Həmin müşavirədə Dövlət Baş Sığorta Agentliyinə sığortanın, xüsusilə könüllü sığortanın müxtəlif növlərinin mahiyyəti və təbliği ilə bağlı hüquqi və fiziki şəxslər arasında izahat xarakterli tədbirlərin keçirilməsi, əhali arasında sığortaya olan etibarlılığın artırılması üçün müvafiq işlərin görülməsi, yol verilmiş nöqsanların aradan qaldırılması tapşırılıb. Ötən müddət ərzində həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda daşınmaz əmlakın sığorta edilməsində vətəndaşların fəallığı xeyli yüksəlib. Çünki qəfildən baş verən yanğınlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr və digər hadisələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı sığorta etdirməkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, bu günlərdə Babək rayonunun Qahab kənd sakini Sərfinaz Məmmədovanın yaşayış evinin mətbəxində baş vermiş yanğına görə ona daşınmaz əmlakın icbari sığortası üzrə 1274 manat, ev əmlakının sığortası üzrə 604 manat, ümumilikdə, 1878 manat sığorta məbləği ödənilib. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən İlkin Əhmədovun istehsalat qəzası nəticəsində ölümü ilə əlaqədar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirməsi hallarından icbari sığorta üzrə ailəsinə 4767 manat sığorta ödənişi verilib.

Xəbərlər şöbəsi

Bu gün dünyada ən aktual məsələlərdən biri məşğulluq problemi və bu problemin həll edilməsi yönündə atılan addımlardır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə, işsizlik bu və ya digər dərəcədə mövcuddur. Bir neçə il bundan əvvəl dünya iqtisadiyyatını ağuşuna almış böhran dalğası problemi daha da dərinləşdirmiş, çox az ölkə bu çətinliyi dəf edərək məsələnin həlli ilə bağlı addımlar ata bilmişdir. Ancaq bütün bunlara baxmayaraq, işsizlik hələ də qlobal problem olaraq qalmaqdadır. Şükürlər olsun ki, ölkəmiz nəinki bu çətinliklərdən yan keçə bildi, hətta inkişaf tempini də azaltmadı, işsizliyin həlli ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə edilməsi ilə müşayiət edildi.

Bunu ölkə başçısının aşağıdakı fikirləri də təsdiqləyir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İşsizlik, demək olar ki, aradan qaldırılır. Bütövlükdə, bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır”.

Ardını oxu...

Dünən Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu rayon İcra Hakimiyyəti ilə birlikdə maarifləndirici tədbir keçirmişdir.
Sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, İsmayıl Həsənov, baş məsləhətçi Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyindən, sosial sığorta sistemində fərdi uçotun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən danışmışlar.
Bildirilmişdir ki, sosial sığorta tərəflər arasında razılaşmanın elə bir növüdür ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir.

Ardını oxu...

Hər bir müəssisədə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, qaz və elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması qarşıda duran mühüm vəzifələrdən biridir.
Xüsusilə təhsil müəssisələrində iş günü və dərslər qurtardıqdan sonra gecə işıqlandırma qurğuları istisna olmaqla, bütün elektrik qurğu və cihazlarının dövriyyədən ayrılması, mövcud yanğınsöndürmə qurğularının və vasitələrinin daimi istifadə üçün yararlı vəziyyətdə saxlanması ilə bağlı işçi kollektivləri ilə mütəmadi görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki ali və tam orta təhsil, həmçinin məktəbəqədər tərbiyə müəssisələrinə yanğından mühafizə məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə izah edilərək maarifləndirici söhbətlər aparılıb.
Təhsil müəssisələrində müəllim və texniki işçilərlə aparılan maarifləndirmə işləri zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin və Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinin fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Bu gün bütün dünyada geniş tətbiq olunan POS-terminalların həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalı olduğu haqda tez- tez söhbət açılır.Bəs muxtar respublikada bu terminalların quraşdırılması ilə bağlı vəziyyət necədir? Bununla bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevlə söhbət etdik:
– Hazırda muxtar respublikada POS-terminalların quraşdırılması işləri necə gedir və vergi orqanları öz üzərinə düşən işləri necə həyata keçirir?
– 2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən POS-terminalların tətbiqi, onlardan səmərəli istifadənin təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
Qeyd edək ki, ilk olaraq yerli vergi orqanlarında POS-terminalların tətbiqi və istifadəsi ilə bağlı nəzarət-təşkilati qruplar yaradılıb. POS-terminal tətbiq ediləsi obyektlər müəyyənləşdirilib, onlara POS-terminalların tətbiqi ilə bağlı bildirişlər göndərilib, ayrı-ayrı dövrlərdə vergi ödəyiciləri ilə maarifləndirici seminar-məşğələlər keçirilib və nağdsız ödənişlərin əhəmiyyəti barədə ödəyicilərə geniş məlumatlar verilib. Bu tədbirlər tərəfimizdən mütəmadi olaraq davam etdirilir. Belə ki, görü­lən işlər nəticəsində 2013-cü ilin ilk 6 ayı ərzində 109 ədəd POS-terminalın iri ticarət, iaşə və digər xidmət obyektlərində quraşdırılmasına və vergi orqanlarında qeydiyyatdan keçirilməsinə nail olunub.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə Babək rayonunun Naxışnərgiz kəndində yaşayan tənha, 79 yaşlı Zamanova Zərövşən Xəlil qızı ilə görüşün keçirilməsi daha bir tənha qadına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Adıçəkilən təşkilatların əməkdaşları tənha, ahıl qadının yaşayış vəziyyəti ilə maraqlanmış, onu tibbi müayinədən keçirmiş və ərzaq payı vermişlər. Xüsusi qayğıya ehtiyacı olan ahıl Zərövşən Zamanova bu kimi sosial müdafiə tədbirlərinin keçirilməsini dövlətin sosial-mənəvi dəstəyə ehtiyacı olan qadınlara diqqət və qayğısının nümunəsi kimi dəyərləndirərək minnətdarlığını bildirmişdir.

Xəbərlər şöbəsi

Ukrayna Respublikasının Evpatoriya şəhərində fəaliyyət göstərən Uşaq Klinik Sanatoriyasına üçhəftə­lik müalicə üçün muxtar respublikadan daha 4 uşaq yola salınıb. Səmərəli fiziotеrаpеvtik müаlicə üsullаrı ilə məşhur оlаn klinikada keçiriləcək müalicə kursu zamanı onların valideynlərinin, eləcə də Naxçıvan Uşaq-Bərpa Mərkəzinin 2 həkiminin də orada iştirakı təmin olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbir çərçivəsində uşaq serebral iflici diaqnozu qoyulmuş on səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqlar ixtisaslaşmış reabilitasiya mərkəzində müalicə kursu keçəcəklər.

Xəbərlər şöbəsi

Bazar iqtisadiyyatına keçid ölkəmizdə əsaslı iqtisadi islahatların aparılması üçün əlverişli şərait yaratmışdır. Bu addımlardan biri respublikada sığorta-pensiya sisteminin fəaliyyətə başlamasıdır. Son 20 ildə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda makroiqtisadi və demoqrafik vəziyyətin dəyişməsi sosial müdafiə sisteminin yeniləşməsini zəruri etmişdir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Bu model pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Ardını oxu...

– Buyurun, özünüz haqqında məlumat verin.
– Ali təhsilliyəm, hərbi xidmətdə olmuşam, ixtisasıma uyğun iş axtarıram.
– O zaman zəhmət olmasa, bu blankı doldurun.
...Sonra ixtisasa və kompüter biliklərinə dair bir neçə sorğu-sual... və qiyabi olaraq ilk gəlinən nəticə: “Qeyri-kafi”.
İnanıram ki, bu dialoq çoxlarına tanışdır. Elə əsl özünümüdafiə bundan sonra başlayır. Tipik və standart düşüncələrin məhsulu olan “yəqin ki, nəsə umurlar”, “elə isə niyə əziyyət çəkib ali təhsil alırdım?” və yaxud “mütləq tanış lazımdır” kimi yanaşmalar təəssüf ki, gündəlik həyatımızda qarşılaşdığımız situasiyalardandır. Belələri üçün illah ki, “Həsən­ağanın qohumu olmaq” şərtdir. Doğrudur, mən kosmosdan gəlməmişəm, işəgötürmə ilə bağlı prosedurlarda bəzən bu cür hallarla qarşılaşan vətəndaşları da istisna etmirəm. Ancaq bu, kütləvi hal deyil və bu vəziyyət heç kimə “işsizlik baş alıb gedir” və ya “heç yerdə iş yoxdur” deməyə də əsas vermir.
İndi isə gəlin qarşımıza papaq da olmasa, dəftərdən-qələmdən bir şey qoyub fikirləşək və fikirləşdikcə də özümüz üçün cızma-qara edək. Hələlik, məşğulluq problemlərinin həlli ilə bağlı statistik rəqəmləri sadalamaq və bunları kiməsə qəbul etdirmək fikrindən uzağam. Bunları qeyd edəcəyəm, ancaq bir azdan.

Ardını oxu...

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar daim diqqət və qayğı əhatəsindədirlər. Onların sağlam böyüməsi, biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi, problemlərinin yerindəcə həll olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bunların davamı olaraq, 15 sentyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazir­liklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunmuşdur.
Bu münasibətlə Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik etmiş, muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan söz açmışlar.
Sonra 83 şagirdə geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilmişdir. Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, belə tədbirlər muxtar respublikanın bütün rayonlarında keçirilmişdir. Muxtar respublika üzrə, ümumilikdə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 86, sağlamlıq imkanları məhdud 220 şagirdə geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilmişdir.

Xəbərlər şöbəsi

Ukrayna Respublikasının Evpatoriya şəhərində fəaliyyət göstərən sanatoriyaya müalicə üçün muxtar respublikadan 4 uşaq göndərilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbir çərçivəsində uşaq serebral iflici diaqnozu qoyulmuş on səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqlar ixtisaslaşmış reabilitasiya mərkəzində müalicə kursu keçəcəklər.
Məlumat üçün bildirək ki, “uşaq serebral iflici” termini ilk dəfə 1893-cü ildə psixoanalitik Ziqmund Freyd tərəfindən irəli sürülüb. Bu iflic növü baş beynin doğuşdan əvvəlki, adətən, erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-adi hərəkətlərlə xarakterizə olunan bir haldır. Uşaq serebral iflicinin son müalicə üsulu kök hüceyrə terapiyasıdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsi tərəfindən rayonun Qıvraq Qəsəbə Mərkəzində keçirilmişdir. Tədbiri Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Nəcəfov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Kəngərli Rayon Şöbəsinin əməkdaşları Sədrəddin Babayev, Fizuli Əsgərov və Aqşin Əliyev çıxış edərək məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi ilə bağlı məsələlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, işəgötürənlərlə işçilər arasında tənzimlənən münasibətlərdən ən vacibi məhz işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi kimi zəruri sosial sığorta hadisələrindən yararlanmaları üçün işləyənlərin məcburi dövlət sosial sığortasına cəlb olunmasını təmin etməkdir. Bütün işləyən vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsinə maraqlı olmalıdırlar. Əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması gələcəkdə onları pensiya hüququndan və digər sığorta hadisələri zamanı sığor­ta ödəmələrindən məhrum etmiş olacaq.
Bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə torpaq mülkiyyətçiləri də gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar. Çünki ödənilmiş məcburi dövlət sosial sığorta haqları onlar üçün fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənir və gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcək.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013- 2014-cü illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə bir çox sahələrlə yanaşı, nəqliyyat-yol kompleksinə nəzarətin gücləndirilməsi ilə bağlı qarşıya konkret vəzifələr qoyulmuşdur. Məhz bununla əlaqədar avqustun 30-da Nəqliyyat Nazirliyinin texniki müayinə komissiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrini texniki müayinədən keçirmişlər.
Şərur rayonunun Havuş, Şahbulaq, Babək rayonunun Buzqov, Gərməçataq, Ordubad rayonunun Tivi, Unus, Pəzməri, Culfa rayonunun Ləkətağ, Göynük, Şahbuz rayonunun Şada, Yuxarı Qışlaq, Güney Qışlaq və sair kəndlərinə işləyən nəqliyyat vasitələrinin daxili qızdırıcı sistemləri yoxlanılmış, şinlərin naxışlarının ölçülərinə, habelə nəqliyyat vasitələrində dərman qutusu və odsöndürən balonların mövcudluğuna diqqət yetirilmiş, qışa hazırlığın başa çatdırılması üçün nəqliyyat vasitələri sürücülərinə bir ay vaxt verilmişdir.
Texniki müayinə zamanı Unus kəndinin marşrut sürücüsü Rüstəm Mirzəyev, Havuş kəndinin marşrut sürücüsü Əbülfəz İbrahimov və Ləkətağ kənd marşrutunun sürücüsü Fazil Həsənov göstərilən dövlət qayğısından danışmışlar. Onlar bildirmişlər ki, bu gün yollarımız abadlaşır, müasirləşir. Bu bir tərəfdən həmin kəndlərin sakinlərinin rahatlığına xidmət edirsə, digər tərəfdən nəqliyyat vasitələrinin istismar müddətinin uzanmasına şərait yaradır.
Payız-qış mövsümündə muxtar respublikada fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi üçün Nəqliyyat Nazirliyinin texniki müayinə komissiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi ilə birlikdə digər kəndlərə işləyən avtobus və mikroavtobusların da yaxın gün­lər ərzində texniki müayinəsini həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədi əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən şəhid ailələrinin, tənha ahılların, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsindən ibarətdir. Əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına impuls verən başlıca tədbirlərdən biri sosial müavinətlərin tətbiqidir. Sosial müdafiə sahəsində aparılan islahatların davamı olaraq, 2006-cı il 7 fevral tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunda göstərildiyi kimi, sosial müavinətlər əmək pensiyası almaq hüququ olmayan, ayrı-ayrı kateqoriyadan olan insanlara sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, ötən müddət ərzində sosial müavinətlərin məbləği 2,5 dəfə artırılmışdır.

Ardını oxu...

Hər dərdin dərmanı olan bal asanlıqla başa gəlmir. Zərif qanadlı, təbiətin fəal canlısı, iş müddətində ömrü dörd həftəlik olan arı da digər canlılar kimi insan qayğısına möhtacdır. Pətəkləri təmiz olmalı, yeri zərərvericilərdən qorunmalı, rütubətsiz, işıqlı yerdə saxlanmalı, xəstələndikdə vitamin və biofəal maddələrə olan ehtiyacı ödənilməlidir. Əsl arıçılar deyirlər ki, təzə əkilmiş fidanlara necə qayğı göstərilirsə, arılara da belə qayğı ilə yanaşılmalıdır. Yalnız onda təmiz bal hasil olar.

        Pətəkdə iki cür arı var müdam,
        Necə ki pərvanəni aldadır şam.
        Biri yem daşıyır hey axşam-səhər,
        O biri gizlincə o yemdən yeyər.
        Bal verən arının bircəsi yəqin,
        Yüzündən yaxşıdır bal yeyənlərin.
                                 Nizami Gəncəvi

Arı da nəsil verir. Odur ki, arı ailəsində 500-dən 1000-dək erkək arı olur. Ana arı ilə mayalanmadan sonra bir qrup işçi arı bal istehsal etmək xüsusiyyətinə malik olmayan bütün erkək arıları pətəkdən qovaraq kənarlaşdırır.
Arının işi sirri-xudadır. Bir dəfə mütəxəssislər arının iş prosesini izləmək üçün içərisi görsənən pətək hazırlayırlar. Lakin arılar bərəmumla pətəyin divarlarını suvayaraq işə başlayırlar. Bal mövsümündə kiminsə haram əli pətəyə uzandısa, yaxud bilə-bilə qonşunun təzəcə çıxan arı beçəsini “mənim arı beçəmdir” deyə tutub yeni arı ailəsi yaratsa da, hər iki halda arılar məhv olurlar.

Ardını oxu...

Dünən Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilib. “Gənclik” Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması istiqamətində son illər həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, şəhər və rayonlarımızda fəaliyyət göstərən məşğulluq mərkəzləri öz işlərini təmsil etdikləri bölgələrdə idarə, müəssisə və təşkilatlarla əlaqəli şəkildə quraraq boş iş yerləri haqqında məlumatlar toplayır, əmək yarmarkalarında həmin iş yerlərini qeyri-məşğul vətəndaşlara təqdim edirlər. Naxçıvan Şəhər Məşğulluq Mərkəzi də fəaliyyətini bu istiqamətdə qurub. Ötən illərdə mərkəzə müraciət edən yüzlərlə vətəndaş əmək yarmarkaları vasitəsilə özünə daimi iş yeri tapıb.
Bildirilib ki, cari ilin aprel və iyun aylarında olmaqla iki yarmarka keçirilib, bu yarmarkalara, ümumilikdə, 1049 boş iş yeri çıxarılıb, 107 nəfər işlə təmin olunub. Bu yarmarkaya 48 özəl və dövlət müəssisəsindən 469 boş iş yeri çıxarıldığını bildirən mərkəzin direktoru belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən işaxtaran vətəndaş Günel Nəcəfova dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov qeyd edib ki, muxtar respublikamızda həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Əmək yarmarkasında 56 nəfərə işə göndəriş verilib.

Muxtar MƏMMƏDOV

Culfa rayonunda keçirilən əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov çıxış edərək muxtar respublikada əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikanın bütün bölgələrində, eləcə də Culfa rayonunda hər il keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən tədbirlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işə­götürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran vətəndaş Sara Məmmədova ixtisasına uyğun müvafiq iş tapmasında əməyi olanlara minnətdarlığını bildirib.
Sonra yarmarka iştirakçıları onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. 15 müəssisədən 124 boş iş yeri­nin işaxtaran vətəndaşlara təqdim edil­­di­yi yarmarkada 31 nəfərə işə göndəriş ve­rilib.

Xəbərlər şöbəsi

Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov və rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, əhalinin məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ölkə başçısının “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına gətirib çıxarmışdır. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.
Tədbirdə o da vurğulanmışdır ki, rayonda tikinti-quraşdırma işlərinin gündən-günə genişləndirilməsi, aqrar sahənin inkişafı, yeni müəssisələrin işə salınması, xidmət şəbəkələrinin yaradılması nəticəsində təkcə ötən il xeyli sayda yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə rayon Məşğulluq Mərkəzinin xətti ilə 73 nəfər işaxtaran qeydiyyata alınmış, onların 61 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur.
Tədbirdə işaxtaran vətəndaş Məhərrəm Abbasov çıxış edərək məşğulluğun təmin olunması üçün keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışmış, yeni iş yerlərinin yaradılmasını dövlətimizin ölkə vətəndaşlarına qayğısı kimi qiymətləndirmişdir.
Yarmarkaya 8 dövlət və özəl müəssisədən 99 boş iş yeri çıxarılmışdı. Həmin gün 11 nəfərə işə göndəriş verilmişdir.

Cəfər ƏLİYEV

Hər bir cəmiyyətdə vətəndaşların sabaha inamı burada insan amilinə verilən qiymətlə daha da möhkəmlənib, öz nəticəsini ölkənin bütün gələcək inkişaf proseslərində göstərir. İnsanların yaxşı yaşamaq və qurub-yaratmaq arzusunu reallığa çevirib gələcək nəsillərə bugünkündən daha firavan həyat vəd edən uğurlu sosial siyasət nəticəsində arzuedilən məqsədlərə çatdıqda bu, sosial statusundan asılı olmayaraq, bütün cəmiyyət üzvləri tərəfindən təqdirlə qarşılanır, onun müəllifinə – dövlət başçısına xalqını rifah içində görmək xoşbəxtliyi nəsib edir. 

Sosial siyasət cəmiyyət var olduqca dövlət başçısından tutmuş sadə vətəndaşa qədər hər bir kəsin cəmiyyətdən umduğunu ala bilməsi üçün çox vacib olan insani münasibətlər sistemidir.
Dünyada uğurlu sosial siyasət haqqında çox yerdə danışılsa da, bu həmişə hər kəsə müyəssər olmur. Başqa sözlə, dünyadakı bütün dövlətlər tərəfindən sosial siyasət aparılsa da, bunların az bir qisminin əvvəlinə “uğurlu” kəlməsi əlavə oluna bilər. Yəni uğurlu sosial siyasət dedikdə dövləti də uğurla idarə etmək başa düşülür. Dövrümüzdə qonşu ölkələrdən tutmuş uzaq qitələrə qədər müasir dünyanın mənzərəsinə nəzər saldıqda, görürük ki, bizə məlum olan və olmayan müxtəlif hadisələr ucbatından çalxalanan dövlətlərin bugünkü vəziyyəti böyük ölçüdə orada yeridilən sosial siyasətin bu və ya digər formada kəsirlə yerinə yetirilməsinin nəticəsidir. Nəzərə alsaq ki, sosial siyasətin son məqsədi insandır, onda bir ölkədə yeridilən düzgün sosial siyasətdən bəhrələnən insanların buradakı çox məhdud təbii resurslara baxmayaraq, nəyə görə firavan yaşadığını və tam əksinə, hər cür təbii zənginliklərə malik, ancaq insan amilinin arxa planda tutulduğu digər bir ölkənin nə üçün aclıq, yoxsulluq, terror və başqa potensial təhlükə mənbəyi olduğunu başa düşmək olar. Ona görə də sosial siyasəti bir gün təşkil olunub, ertəsi gün bəhrəsini gözlədiyimiz bir tədbir kimi deyil, cəmiyyətdəki bütün təbəqə və qrupların mənafelərini uzunmüddətli bir dövr üçün tarazlı şəkildə ödəyə bilən, fasiləsiz həyata keçirilib uzunmüddətli perspektivə hesablanmış, hər fürsətdə, hər addımda, hər görüşdə missiyası xalqa açıq elan edilən bir dövlətçilik xidməti kimi də nəzərdən keçirə bilərik.

Ardını oxu...

Əmək pensiyalarının müntəzəm olaraq artırılması, pensiyaların vaxtlı-vaxtında pensiyaçılara ödənilməsi, pensiya təminatı ilə bağlı müvafiq qanunların qəbul edilməsi, ölkədə ilk dəfə olaraq yeni mexanizm hesab edilən fərdi uçot sisteminin qurulması, əmək pensiyalarının pensiyaçılara plastik kartlar vasitəsi ilə ödənişinin təşkil edilməsi və digər bu kimi işlər ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək səviyyədə reallaşması nəticəsində mümkün olmuşdur.

Ölkə əhalisinin sosial müdafiə hüquqlarının qorunması və xalqın maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış qanunların, fərman və sərəncamların hamısı bilavasitə əhalinin real gəlirlərinin artırılmasına, onların maddi rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.
Ölkəmizdə bazar münasibətləri sisteminin bərqərar olması əhalinin sosial müdafiəsi və pensiya təminatı sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini, beynəlxalq təcrübədə özünü doğrultmuş müasir sosial müdafiə mexanizmlərinin tətbiqini zəruri etmişdir. Bu məqsədlə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təsdiq edilmiş, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilmişdir. Hazırda ölkə rəhbərliyi yaşlı və gənc nəslin sosial müdafiəsinə diqqətini artırmaqla sağlam mənəvi mühitin yaradılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. Bu tədbirlərdən ən əsası isə yaşa görə əmək pensiyalarının baza hissəsinin mütəmadi olaraq artırılmasıdır.

Ardını oxu...

Muxtar respublikamızda daşınmaz əmlakın sığorta edilməsində vətəndaşların fəallığı xeyli yüksəlib. Çünki qəfildən baş verən yanğınlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr və digər hadisələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı sığorta etdirməkdir. Bu günlərdə muxtar respublikanın üç sakininə yanğın nəticəsində daşınmaz əmlakına dəymiş ziyan ödənilib. Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, Ordubad rayon Başkənd sakini Elmidar Əli­yevin yaşayış evində baş vermiş yanğın nəticəsində 1 otaq və 1 mətbəx yararsız hala düşüb, ev əmlakı yanıb. Ona daşınmaz əmlakın icbari sığortasına görə 2580 manat, ev əmlakının sığortasına görə isə 770 manat olmaqla, ümumilikdə 3350 manat sığorta məbləği ödənilib. Şərur rayonunun Düdəngə kənd sakini Vaqif Babayevə ona yanğın nəticəsində dəymiş zərərə görə daşınmaz əmlakın icbari sığortası üzrə 2350 manat sığorta ödənişi verilib.
Şərur rayonunun Dəmirçi kənd sakini Nəsimi Hümbətova isə ona məxsus kommersiya mağazasında baş verən yanğın hadisəsinə görə 1550 manat sığorta ödənilib.

Xəbərlər şöbəsi

İşaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Şahbuz rayonunda keçirilib. Aidiyyəti qurumdan aldığımız məlumata görə, yarmarkaya 13 müəssisədən 128 boş iş yeri çıxarılıb.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açıb. Qeyd olunub ki, Şahbuz rayonunda aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif xidmət sahələrinin yaradılması nəticəsində ötən il olduğu kimi, cari ildə də xeyli iş yeri yaradılıb. Bu da rayonun işaxtaran vətəndaşları qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəqani Həsənov çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, yoxsulluğun aradan qaldırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
İşaxtaran vətəndaş Səma İbrahim­ova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yarmarkada 25 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə dünən Babək Rayon Mədəniyyət Evində “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
“Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” ölkəmizdə gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm dövlət sənədidir. Bu fundamental siyasi, iqtisadi, elmi əsaslara söykənən mühüm dövlət sənədinin bazasında gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, ailə vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində çoxşaxəli tədbirlər planı dayanır. Vurğulanmışdır ki, muxtar respublikada ailə dəyərlərimizin qorunması, gənc nəslə təbliği dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə müxtəlifsəviyyəli tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar yaradılır. Bu səpgidə əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirici tədbirlərin, ictimai dinləmələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Sağlam və yetkin gənclərin yetişməsi üçün idmanın inkişafına, gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsinə xüsusi diqqət yetirilir. Gənc ailələrə sosial sahədə müəyyən imtiyazlar verilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Babək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafa nail olunmasında başlıca amillərdən biridir. Bu səbəbdəndir ki, muxtar respublikada bu problemin həll olunması diqqət mərkəzində saxlanılır, digər vasitələrlə yanaşı, əmək yarmarkalarından istifadə olunmasına ciddi önəm verilir. Son illər bölgədə yeni istehsal və emal müəssisələrinin yaradılması, tikinti-quruculuq işlərinin geniş vüsət alması əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərib. Belə tədbirlərin davamlı xarakter daşıması vətəndaşların daimi iş yerləri ilə təminatında böyük rol oynayır.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edib. Bildirilib ki, əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu, onu göstərir ki, muxtar respublikada insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
İşaxtaran vətəndaş Rəşad İsmayılov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yarmarkaya 17 müəssisədən 112 boş iş yeri çıxarılıb, 27 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Dünən Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, yarmarkaya 15 müəssisədən 48 boş iş yeri çıxarılıb.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov açıb. Direktor bildirib ki, Kəngərli rayonunda tikinti-quraşdırma işlərinin gündən-günə genişləndirilməsi, aqrar sahənin inkişafı, yeni sənaye müəssisələrinin işə salınması, xidmət şəbəkələrinin yaradılması nəticəsində təkcə ötən il və bu ilin birinci yarısında xeyli iş yeri yaradılıb. Bu, qeyri-məşğul əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək bildirib ki, əhalinin məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsi kompleks inkişaf templərinin sürətləndirilməsinə şərait yaratmaqla yeni iş yerlərinin açılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına geniş imkanlar yaradıb. Müntəzəm olaraq təşkil olunan əmək yarmarkaları qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlərdəndir.
İşaxtaran vətəndaş Ramidə Qasımova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yarmarkada 15 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Muxtar respublikada fiziki imkanları məhdud vətəndaşların aktiv istirahətini təşkil etmək məqsədi ilə ardıcıl tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq, avqust ayının 21-22-də Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud 10 rəssamın istirahəti təşkil olunub. İki gün davam edən istirahət çərçivəsində muxtar respublika təbiətinin tərənnümü ilə bağlı rəsm əsərləri çəkilib. Bu rəsm əsərlərinin ən yaxşıları avqustun 25-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Yay etüdləri” adlı sərgidə sərgilənəcək.
Məlumat üçün bildirək ki, bu günədək fiziki imkanları məhdud vətəndaşların bir neçə dəfə adıçəkilən istirahət mərkəzində istirahəti təşkil olunub, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. Belə ki, 9-10 avqust tarixlərində 35 nəfər 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində 2 günlük istirahəti çərçivəsində onlar arasında çərpələng müsabiqəsi təşkil edilib, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. İstirahət mərkəzində ifaçıların 2 günlük istirahəti təşkil edilib. 16-17 avqust tarixlərində isə 40 nəfər paralimpiyaçının mərkəzdə istirahəti təmin olunub, onlar arasında mini-futbol üzrə birinci­lik keçirilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır”.
Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışılmışdır. Şərur şəhərindəki Mədəniyyət Sarayında təşkil olunan tədbiri giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, əhalinin yeni iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarla, sahibkarlıq subyektləri ilə sıx əlaqə saxlayır, boş iş yerləri haqqında məlumatlar toplayır və həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü yarmarkaya isə 264 boş iş yeri çıxarılmışdır.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə işaxtaran vətəndaş Ceyran Əliyeva çıxış edərək məşğulluğun təmin olunması üçün əmək yarmarkalarının sərfəli metod kimi əhəmiyyətini qeyd etmiş, yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Qeyd edək ki, əmək yarmarkasında 37 nəfərə göndəriş verilmiş, 25 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

Cəfər ƏLİYEV

Əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – sağlamlıq imkanları məhdud insanların tibbi-sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görülür. Bu ilin aprel ayında sağlamlıq imkanları məhdud muxtar respublika sakinləri Ukraynanın Saki şəhərindəki sanatoriyada bərpa-müalicə kursu keçiblər.
Bu tədbirlərin davamı olaraq, avqustun 18-də Ukraynanın Saki şəhərindəki sanatoriyaya fiziki imkanları məhdud olan daha üç nəfər göndərilib. Bərpa-müalicəyə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri tamamilə qarşılanıb. Eyni zamanda onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, ötən illərdə olduğu kimi, bu ilin ötən dövründə də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki imkanları məhdud olan şəxslərin müalicəsi ilə yanaşı, onların hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair is­tiqamətlərdə sosial layihələr həyata keçirilib.

Səbuhi HÜSEYNOV

Növbəti iməciliklər də öz mütəşəkkilliyi ilə yadda qalıb

Muxtar respublikamızda son illərdə yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi həyata keçirilən məqsədyönlü tədbirlər hesabına mümkün olub. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.
Cari ilin isti yay günlərində də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilməsi diqqət mərkəzində saxlanılır. Çünki ilin bu fəslində yaşıllıq sahələri daha çox qayğı tələb edir.
Avqustun 17-də keçirilən iməci­liklər də yüksək səviyyədə təşkil olunmuşdu.

Ardını oxu...

Qloballaşma bu gün həyatımızın bir hissəsinə çevrilib. Müasir inkişafın cəmiyyətə bəxş etdiyi yeniliklər, iqtisadi və mədəni inteqrasiya dünya ölkələrini və xalqlarını bir-birinə daha çox yaxınlaşdırır. Bu yaxınlaşma fərqli mədəniyyətlərə özünüifadə baxımından geniş qapılar açır, bununla belə, iqtisadi maraqlar da arxa planda qalmır. Dolayısı ilə bu gün hər bir ölkə öz maraqları və maraqlı tərəfləri ilə önə keçməyə can atır. Bu “yarış cədvəlində” zəngin dəyərlərə və gözəlliyə sahib ölkələrlə bərabər, şəhərlər də az deyil. Elə bu yazıda da məhz belə şəhərlər – brend şəhərlər haqqında məlumat verəcək, qədim şəhərimiz Naxçıvanı brendləşməyə aparan yollardan bəhs edəcəyik.

Paris dedikdə ilk olaraq ağlımıza nə gəlir? Bəs Venesiya, İstanbul, Nyu-York?.. Dünyanın bu məşhur şəhərlərinin hər birinin adı çəkilərkən, düşüncəmizdə həmin şəhər haqqında müəyyən bir assosiasiya yaranır. Məsələn, əksəriyyətimiz Paris dedikdə Avropa aristokratiyasının mərkəzi, əsrarəngiz Eyfel qülləsi, Venesiya dedikdə adalar bolluğunda yaradılmış romantika şəhəri, İstanbul dedikdə möhtəşəm asma körpüsü ilə Avropa və Asiyanı birləşdirən böyük bir meqapolis, Nyu-York dedikdə göydələnlər şəhəri və sair düşünürük. Qeyd etdiyimiz bu şəhərlər brend şəhərlərdir. Məsələnin mahiyyətinə varmaq üçün bu şəhərlərdən birinin – Parisin üzərində təhlil aparaq. Şəhər brendinq haqqında düşüncələrimizə keçməzdən əvvəl Parisin insanların düşüncəsində hansı hiss və fikirlərin yaratdığına diqqət edək. Başlayaq Eyfel qülləsindən. Bu qüllə tikilən zaman çoxları bundan narazı idi.

Ardını oxu...

Muxtar respublikada keçiriləcək növbəti əmək yarmarkaları bu məqsədə xidmət edir

Muxtar respublikada əmək yarmarkalarının təşkil olunması artıq ənənəyə çevrilmişdir. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol məhz əmək yarmarkalarıdır. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgö­türənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu tədbirin bəhrələri də göz qabağındadır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən şəhər və rayonlarımızın hər birində 3 əmək yarmarkası keçirilmiş, bu yarmarkalara 380 müəssisə tərəfindən 3766 boş iş yeri çıxarılmış, 891 nəfər özünə iş yeri tapmış, 17 nəfər peşə hazırlı­ğına göndərilmiş, 95 nəfər ictimai işə cəlb olunmuşdur.
Gələcək həkim, müəllim, mədəniyyət və meliorator kadrlarının təminatında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2007- 2012-ci illərdə təhsil işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 835 nəfər, 2009-2012-ci illərdə səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 98 nəfər işlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Mədəniyyət və Turizm Nazir­liyi və digər qurumlarda da əmək yarmarkalarının keçirilməsi, insanların peşə və ixtisasına uyğun daimi işlə təmin edilmələri diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır.

Ardını oxu...

Avqust ayının ilk günündən etibarən dağlar qoynunda, təbiətin ən gözəl guşələrindən birində yerləşən Ağbulaq kəndindəki istirahət mərkəzində sayca üçüncü olan Gənclərin Yay Universitetinin məşğələlərində iştirak imkanı əldə etməyim mənim üçün bir neçə yönü ilə faydalı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan GənclərinYay Universitetinin məşğələləri 8 gün davam etdi. Qeyd etmək yerinə düşər ki, istirahət mərkəzində gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunmuşdu.

…Hər bir insan müəyyən bir həyat istiqaməti seçərək həmin yol ilə hərəkət edir. Yol düzgün seçiləndə isə uğurlu nəticə əldə edilir. Növbəti Yay Universitetində iştirak edən gənclərlə söhbət zamanı belə qənaətə gəlirəm ki, buradakı hər bir gənc yolunu düzgün seçib. Bu yol Vətən, xalq, dövlət, elm, təhsil, tərəqqi, bir sözlə, Heydər Əliyev yoludur. Bu yola onları heç kim istiqamətləndirməyib, onlar sağlam düşüncə ilə düzgün yolu seçiblər. Onlar bilirlər ki, hər bir vətəndaş, eləcə də gənc onun üçün yaradılmış əlverişli mühitdən düzgün istifadə etməli, ətrafında baş verən proseslərdən doğru nəticə çıxarmalı, belə demək mümkünsə, yıxıcı deyil, qurucu olmalıdır.

Ardını oxu...

Muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə etməkdədir. Mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir. Növbəti belə görüş Naxçıvan şəhərinin Xətai məhəlləsi 12/10 ünvanında yaşayan aztəminatlı, sağlamlıq imkanları məhdud Vəliyeva Məlahət Səttar qızının ailəsində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək onlara ərzaq payı və soyuducu vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Ön söz əvəzi və yaxud kiçik üzrxahlıq

Şahbuzun Ağbulaq kəndinə gedərkən yol boyu elə hey fikirləşirdim, götür-qoy eləyirdim ki, görəsən, burdakı insanların həyatı, dolanışığı, güzəranı barədə oxucuma nə isə yeni bir söz deyə biləcəyəmmi? Ədəbiyyat tənqidçilərinin təbirincə desək, yazdıqlarım “boz” (yəni zəif) olmayacaq ki? Uğuruma heç özüm də inanmıram. Çünki Naxçıvan şəhərindən Ağbulağa olan 52 kilometrlik yolu gəlib çıxasan dağ zirvəsində qərar tutan məkana, heç olmasa bir gecə qalıb axşamüstü qoyun sürülərinin, qaramal naxırlarının kəndə saldığı “haray-həşiri” görməyəsən, doqqazlarda dayanıb bu sürülərin, naxırların arasından özününküləri ayırd eliyən kişilərin, qadınların təbəssümlü çöhrələrinə baxmayasan, hər iş-gücünü sahmanlayıb qurtarandan sonra bir-birindən hal-əhval tutmağa gedən qohumların söz-söhbətlərinə qulaq asmayasan, sübh tezdən Günəş hələ Üçqardaş, Papaqlı, Salvartı dağlarının arxasında arın-arxayın “yatdığı” vaxt kənd adamları üçün yeni iş gününün başlandığını xəbər verən “sabahın xeyir”, “salam”, “günün aydın” (eh nə çoxdur belə xoş sözlərimiz) ifadələrinin istək, sevgi, mehribanlıq, xətir-hörmət çalarlarını dərk etməyəsən, vallah, deməli, heç o kəndi görməmisən. Və ona görə də yazımdakı kəm-kəsirlərə, kənd həyatının özünəməxsusluğunu, gözəlliyini, eyni zamanda kəndli əməyinin oxucuya bəlli olmayan tərəflərini onların ürəyincə kağıza köçürə bilmədiyimə görə bəri başdan oxucularımdan və ağbulaqlılardan üzr istəyirəm.

Ardını oxu...

Təbiətin dilbər guşəsi olan Şahbuz rayonuna yolu düşən hər kəs buradakı möhtəşəm yeniliklərə heyrətini gizlədə bilmir. Son illər bu bölgədə çox dəyişikliklər olub. Dağların ağuşuna sığınan Şahbuz rayonunun kəndləri bu gün qoynunda yaşayan insanların əməyi ilə daha gözəl görkəm alıb. Rayonun belə gözəllik məskənlərindən biri də Biçənəkdir.

Rayon mərkəzindən 24 kilometr şimal-şərqdə – Zəngəzur silsiləsinin ətəklərində qərar tutub bu dağ kəndi. Bir zamanlar daim hərəkətli olan Yevlax-Laçın-Naxçıvan avtomobil yolu da Biçənəkdən keçib. Kəndin qədim İpək Yolunun üzərində yerləşməsi orta əsrlərdə bu yerlərdə sənətkarlığın inkişafına səbəb olub. Təsadüfi deyil ki, dəvə karvanlarının dayanacaq yeri kimi istifadə edilən, el arasında “Fərhad evi” kimi tanınan möhtəşəm təbiət abidəsi də məhz Biçənək kəndinin həndəvərindədir.
On iki əsr bundan əvvəl tarixi mənbələrdə adıçəkilən Biçənək indiki yaraşığı, növrağı ilə qəsəbə timsallı müasir Azərbaycan kəndlərindən birinə çevrilib.

Ardını oxu...

İnsan ən ali sosial varlıqdır və o, bütün şüurlu fəaliyyəti boyunca dərin sosial məsuliyyət yükü daşıyır. Məhz bu məsuliyyətin motivləri əsasında tutduğu pillədən asılı olmayaraq, hər kəs ümumi idarəetmə proseslərində üzərinə düşən vəzifənin öhdəsindən gələrək ümumi inkişafa öz töhfəsini verməyə çalışır. Bu baxımdan həyatı və fəaliyyəti boyu ona rast gələ bilən riskli hadisələrə qarşı vaxtında sığortalanması təkcə insanın özü üçün deyil, eyni zamanda onun digərləri qarşısında daşıdığı sosial məsuliyyətdir. Çünki sığortaya laqeyd olmayan insanlar başqalarının başına gələn riskli hadisələrdən özləri üçün də nəticə çıxara bilirlər. 

İqtisadi və sosial həyat, təbiətlə sıx ünsiyyət müəyyən risklərlə müşayiət olunur. Çox vaxt bunu ilk addımdan proqnozlaşdırmaq mümkün olmasa da, baş verən dağıdıcı təbiət hadisələri, qəzalar və digər halların yaratdığı risklər insanları çıxılmaz vəziyyətə salır. Buna görə də yarana biləcək belə hallarda insana çox vacib olan maddi dəstəyi zəmanət altına almaq, yəni hadisədən vaxtında sığortalanmaq ən düzgün seçim, ən ağıllı ön tədbirdir. Bunun şüurlu olaraq həyata keçirilməsi isə illərlə çəkilən zəhmətin nəticələrinin boşa çıxmaması deməkdir. Odur ki, sığorta olunmağı da mühüm ictimai və mədəni tələbatlarımızdan biri kimi qəbul etməliyik.
Sığortalı yaşamaq insanın mühüm tələbatlarından biri olsa da, sığorta münasibətlərinin təşəkkül tapması cəmiyyətin ümumi inkişafının müəyyən bir mərhələsindən sonra mümkün olur. İlk olaraq sığortalı yaşamağın zəmanət altına alınması lazımdır. Ona görə də bu məsələdə dövlətə məxsus tənzimləmə qurumlarının geniş fəaliyyətinə ehtiyac duyulur. Çünki insanlar zəmanətli sığorta olunmaqla sabah ola biləcək riskləri belə qurumlara həvalə edərək öz gündəlik qayğıları ilə məşğul olurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə dünən səhiyyə sahəsi üzrə növbəti əmək yarmarkası keçirilib.
Yarmarkada çıxış edən səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır. Vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin cari ilin ilk 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasını giriş sözü ilə komitə sədri Ramilə Seyidova açaraq hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, 2013-cü ilin ilk 6 ayı ərzində beynəlxalq və tarixi günlərin qeyd olunması, ailə dəyərlərinin təbliği, aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və lazımi işlərin görülməsi diqqət mərkəzində saxlanılmış, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, gender bərabərliyinin təmin olunması, cəmiyyətdə qadınların rolunun artırılması, hər bir uşağın milli dəyərlər əsasında tərbiyə olunması və layiqli vətəndaş kimi yetişməsi məqsədilə seminarlar, müsabiqələr, tədbirlər keçirilmiş, ailə, qadın və uşaqlarla bağlı məlumat bazası yaradılmışdır. 

Muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar toplanılmış və onların müqayisəli təhlili aparılmışdır. Məlum olmuşdur ki, muxtar respublikada 90 min 900 ailə yaşayır. Bunlardan 3027-si aztəminatlı ailə, 1354-ü qaçqın və məcburi köçkün ailəsi, 251-i şəhid ailəsidir. Muxtar respublikada yaşayan 427 min 228 nəfər əhalinin 50,25 faizini, yəni 214 min 696-nı qadınlar təşkil edir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR