Dünən Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, yarmarkaya 15 müəssisədən 48 boş iş yeri çıxarılıb.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov açıb. Direktor bildirib ki, Kəngərli rayonunda tikinti-quraşdırma işlərinin gündən-günə genişləndirilməsi, aqrar sahənin inkişafı, yeni sənaye müəssisələrinin işə salınması, xidmət şəbəkələrinin yaradılması nəticəsində təkcə ötən il və bu ilin birinci yarısında xeyli iş yeri yaradılıb. Bu, qeyri-məşğul əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək bildirib ki, əhalinin məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsi kompleks inkişaf templərinin sürətləndirilməsinə şərait yaratmaqla yeni iş yerlərinin açılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına geniş imkanlar yaradıb. Müntəzəm olaraq təşkil olunan əmək yarmarkaları qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlərdəndir.
İşaxtaran vətəndaş Ramidə Qasımova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yarmarkada 15 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi