Dünyanın yeddi möcüzəsi kimi meydan oxuyan təbiət çalarları bizim yurd-yuvamıza şamil edilə bilməz, nədən ki, Naxçıvan belə möcüzələr diyarıdır. Burada min kilometrlərlə uzanıb gedən Tayqa meşələri, yainki elə ondan da böyük səhralıqlar yoxdur, insan hər dəfə başını qaldırıb yan-yörəsinə baxanda bir təzəliklə, ana təbiətin bir əsrarəngiz gözəlliyi ilə rastlaşır. Naxçıvanın təbiət emblemi kimi tanınan və naxçıvanlıların “Haça dağ” adlandırdıqları bu təbiət heykəlinin arxa tərəfindəki sərt qayalıqlar, sonra yavaş-yavaş mülayimləşən yollar, yastanlar və dərənin lap dibindən özünə yol-iz salan su sızıntıları, bu sızıntılardan həyat gücü alan yaşıl talalar, adda-budda gözə dəyən azman ağaclar, təpələrə, dağ döşlərinə səpələnmiş naxırlar, sürülər və hərdən bu var-dövləti haylayıb haraylayan çoban səsləri təbiətin harmoniyası ilə bir ahəngdarlıq yaradır. Bu yerlər Culfa rayonunun dağ kəndi olan Şurud səmtindədir.
Bu kənd haqqında nə qədər ora-bura əl atdımsa, əməlli-başlı elmi, yaxud qeyri-elmi məlumat tapa bilmədim. Sovet dövründə hazırlanmış ensiklopediyada Şurud barədə “çox xəsisliklə” bir-iki rəqəm yazılıb, 1986-cı ilin məlumatıdır. Yazılan da ondan ibarətdir ki, Culfa rayonunun kəndidir, rayon mərkəzindən 36 kilometr aralıda dağətəyi zonada yerləşir, 116 nəfər əhalisi var, kənddə məktəb, klub mövcuddur, vəssalam. Rəqəmlərə inandım, amma nə əcəb ensiklopediya müəllifləri o vədə divarları uçhauçda olan, palçıqdan hörülmüş torpaq binanı məktəb, 5-6 sınıq-salxaq stul qoyulmuş və qapısı aylarla açılmayan otağı klub adlandırıblar. Yəqin ki, o vaxtkı dönəmin növbəti başaldatmalarından özgə bir şey deyilmiş. “Naxçıvan Ensiklopediyası”nda yazılanlar daha dəqiqdir. Burada Şurudun Culfadan 36 kilometr yox, 23 kilometr şimalda yerləşdiyi, əhalisinin isə 163 nəfər olduğu göstərilir. Kənddə klub, orta məktəb, həkim ambulatoriyası, habelə 2 kitabxana vardır. Bu yazılanlar isə 2000-ci ilin məlumatıdır. Şurud 4 tərəfdən dağlar, təpələrlə əhatə olunub və kəndin hündür yerindən baxanda Gəmiqaya apaydın görünür. Və yadıma düşür ki, Gəmiqayanın o üzündə – Qərbi Azərbaycanda “Şurud” adının həmqafiyəsi kimi səslənən daha iki kəndimiz olub və var: Kurud və Urud. Əlbəttə, belə araşdırmalar tədqiqatçıların işidir. Ona görə də qayıdıram Şurud haqqında bildiklərimə. Şurud tarixi kənddir. Ondan ötrü yox ki, yaranma tarixi neçə-neçə əsrlərin o üzünə gedib çıxır, ona qalsa, Şuruddan da qədim yaşayış məntəqələrimiz az deyil. Bəs onda bu kəndin tarixiliyi nə ilə bağlıdır? Qayıdaq bir az əvvələ. Keçmiş imperiya qurulanda hökumət elan elədi ki, torpaq kəndlinindir. Və üstündən 5-10 il keçəndən sonra ortaya kolxoz məsələsi çıxdı və kimə nə vaxt, nə qədər torpaq verilmişdisə, əllərindən alıb qatdılar kolxoza.
Kənddə kolxoz deyilən oyunbazlıqla dolu təsərrüfat formasının adı vardı və bundan da 5-10 nəfər faydalanırdı. Ona görə də hələ 1970-ci illərdə Şurud kolxozu sovxoza çevrildi və təsərrüfatı Xanağa kəndindəki dövlət təsərrüfatı ilə birləşdirdilər. Bu birləşməni o vədə belə əsaslandırmışdılar ki, guya Xanağa ilə Şurud qonşu kəndlərdir. Bir-birinə əl uzatsan, çatasıdır və aralarındakı məsafə də heç 3 kilometr deyil. Halbuki bu iki kəndi bir-birindən 13 kilometrlik bir məsafə ayırırdı. Şurudlu bir arayışı almaq üçün gərək pay-piyada üz tutaydı Xanağaya. Ona görə pay-piyada deyirəm ki, o vədə şurudlunun avtomaşını hardaydı, olsaydı-olsaydı, bir arıq yabısı, yainki bir ulağı olardı, ya olmazdı.
Yazımın bu məqamında qayıdıram bu günümüzə. Kənd adamının söhbətindən aydın oldu ki, Şurudda heç olmasa, bir nəqliyyat vasitəsi olmayan ailə yoxdur. Onu da bildirdilər ki, hələ bu harasıdır, Arifin, Ələmdarın, Farizin, İlhamın, Elnurun hərəsinin iki maşını var.
Oxucuya çatdırdım ki, Şurud tarixi kənddir. Və bu tarixiliyi açıqlamaq elə buradaca yerinə düşərdi. Sovetlər dönəmində şurudluların güzəranı o qədər də ürəkaçan olmayıb. Kollektiv təsərrüfat bu ucqar dağ kəndində özünü doğrultmurdu, di gəl ki, o vaxtkı raykomun, ispolkomun və neçə-neçə belə “kom”ların hünəri çatmırdı, daha yuxarılara çatdırsın ki, balam, bu camaatın dolanışığına bir əncam qılın. Çünki “proletariatın dahi rəhbəri”nin təbirincə, kəndin kollektivləşməsi kəndlinin yağ-bal içində üzməsi demək idi.
Tale bu yurdun insanlarının üzünə güldü. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyev Naxçıvana gəldi. Ulu öndərin ilk təşəbbüslərindən biri də belə təsərrüfatların, yəni özünü doğrultmayan kolxozların ləğv edilməsindən ibarət oldu. Bu təşəbbüs ilk dəfə Culfa rayonunun Şurud kəndində həyata keçirildi. Göstəriş də belə oldu ki, kolxozun bütün varidatı və torpaqları bərabər surətdə həmin kəndin sakinlərinə paylansın. Böyük Yaradan şurudlulara ürəkləri istəyincə torpaq vermişdi və hesablayıb gördülər ki, uşaqlı-böyüklü adambaşına 2,2 hektar torpaq sahəsi düşür. Torpaq payı bir neçə yerdən bölündü, əsas hissəsi də dəmyə torpaqlar oldu. Amma kənd adamları bu yerlərdən bacarıqla istifadə etməyə başladılar; dədə-baba əkinçilik üsullarını işə saldılar, örüşlər, otlaqlar, biçənəklər camaatın karına gəldi, əkinçilik, heyvandarlıq, maldarlıq, bağçılıq, arıçılıq ilbəil təşəkkül tapmağa başladı. Qapısından quzu mələrtisi gəlməyən şurudluların naxırları, sürüləri kəndi dövrələyən yol-yamaca, dağ döşlərinə yayıldı. Yaşı 83-ü adlayan Əli kişi ilə söhbət edirəm, Əli Şəkərəliyevlə. Söhbətcil adamdır, üstəlik, hər sözbaşı dediyi bir qoşma, bayatı, bir şeir parçası söhbətinə şirinlik qatır.
– Oğul-uşağın hamısını yerbəyer eləmişəm, – deyir. – Amma işsiz-gücsüz qala bilmirəm. Kartof, kələm əkirəm, 10 baş qaramalım, 50 baş davarım var, 15 arı ailəsi saxlayıram. Şurud torpağı bərəkətlidir, bu il tondan çox kartofum oldu. Özümə artıqlığınca bəs eləyən meyvə-tərəvəz də onun kimi. Nə bazara, nə dükana, nə də doğmaya, yada ehtiyacım var. Hələ imkanım düşdükcə, mən onlara əl uzadıram. Bilirsən, burda şair nə təhər deyib? Deyib ki:
Ucal kamalınla, alın tərinlə,
Zirvələr yaransın qoy əməlinlə
Xeyirsiz-bəhrəsiz gəzmə dünyada.
Söz sözü, söhbət söhbəti gətirir. Əli kişi özündən çox şurudluları tərifləyir, “işgüzar, zəhmətkeş adamlardır”, – deyir. – Hamısını yaxşı tanıyıram, bu əlimin içi kimi.
Və ovcunu açıb göstərir, əlinin içində qabarlar görürəm. Bunlar kərəntinin, belin, orağın qabar izləridir. Dağ kəndinin hər yerində texnika, maşın, traktor kara gəlmir.
Şuruda çox yolum düşüb, insanlarını da az-çox tanıyıram, o var ki, bu yerlərin axarlı-baxarlı vədəsi yaz, bir də yayın əvvəlləri olur. Göy dağ, Qara dərə, Qara Nəbi, Məmməd düzü, Yarpaqlı, adlarının çoxunu unutduğum bu yol-yamacların hər qarışı bir cənnətməkandır, iki göz istəyir ki, tamaşa eləsin.
Əli kişi Şurudu dövrələyən təpələrə, dağlara, yal-yamaclara nisgillə baxır, – hə, qardaş, – deyir:
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Yaşıl tala, göy çəmən,
Yenə marala qaldı.
– Amma qışdan sonra yenə yaz gələcək, yenə dünya öz gözəllik donunu geyəcək, yenə dağların qarı əriyəcək, dərələri dolduran lilpar sular dağların, təpələrin yan-yörəsinə həyat eşqi bəxş edəcək, yenə bu düz-düzəngahlardan bənövşə ətri gələcək, şəfalı otlar dirilik suyu kimi ömrümüzün üstünə ömür qoyacaq: bunları da mən deyirəm.
Şurudlular ələbaxan deyillər. Soruşdum ki, kənddə dövlətdən yardım alan varmı, məsələn, ünvanlı sosial yardım? Dedilər, Allaha şükür, əlimizə, ayağımıza nə gəlib, bu boyda torpağımız, örüşümüz, otlağımız ola-ola hökumətdən yardım istəyək? Hələ indiyəcən bir şurudlu nə rayon təşkilatlarına, nə də respublika təşkilatlarına belə yardımlar üçün müraciət etməyib.
Gün-günorta yerində idi. Kənd məktəbinin direktoru Müşfiq müəllimin yaşıllığa bürünmüş bağçasında nahar süfrəsi açılmışdı. Stolun üstündəki nemətlərə göz gəzdirdim, dükan-bazardan alınan bir təam da gözə dəymirdi, hamısı Şurud torpağının yetişdirdiyi məhsullar idi. Müşfiq müəllimin kefi kökdür, niyə də olmasın. Bu il Şurud məktəbini beş nəfər bitirib, beşi də ali məktəbə daxil olub, ikisi 500-dən yuxarı, ikisi isə 400-dən yuxarı bal toplayıb. Müəllim üçün bundan böyük xoşbəxtlik nə ola bilər?
Şurudda Mirəli İmaməliyevi kənd ağsaqqalı kimi tanıyırlar, sinni 80-i çoxdan arxada qoyub. Necə deyərlər, bir çətən oğul-uşağı, nəvəsi, nəticəsi var. Amma o böyüklükdə ev-eşikdə, həyət-bağçada ömür-gün yoldaşı ilə yaşayır. Keçən yay yolum Şuruda düşmüşdü, Mirəli kişinin həyətində bir qələbəlik, bir çal-oynasın vardı ki, dedim bəs toy məclisinə düşmüşəm. Sən demə, Mirəli kişinin oğul-qızları, nəvə-nəticələri Bakıdan gəliblər ki, dağ kəndində istirahət eləsinlər. Nədən ki, Şurudun havası, yazın axırları, yayın əvvəllərindəki gülzarlığa bürünmüş yal-yastanları, dörd tərəfə çitənmiş çiçəkliklər, çəmənliklər dünyanın mənəm-mənəm deyən kurortlarının arxasını yerə vurar. Təkcə bunlarmı? Mirəli kişinin öz əli ilə əkib ərsəyə gətirdiyi neçə cür meyvə ağaclarından bal daman meyvələr, səhər-səhər sarı inəyin südü, keçi pendiri, qoyun qatığı, evin arxasına düzülən və sayı-hesabı bəlli olmayan arı pətəklərinin balı, sac lavaşı, daha nələr-nələr qonaqları gözləyirdi.
Yazımın bu yerində bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çünki oxucu elə düşünməsin ki, şurudlular Şurudu tərk edirlər, xeyr. Əksinə, kəndin sakinlərinin sayı ilbəil artır, amma o da var ki, dağ kəndindən çıxıb dağ kəndinə sığışmayan mütəxəssislər də az deyil. Kənddə öyrəndim ki, ən azı 50 şurudlu ailəsi Naxçıvan şəhərində, Bakıda, başqa şəhərlərdə yaşayır və ən önəmlisi də budur ki, heç kəs ata-baba yurdunu unutmur. Eyni zamanda gənc ailələrin də sayı ilbəil artır və hazırda Şurudda 27 ailə, 46 təsərrüfat var. Əhalisinin də sayı 190 nəfəri ötüb. Bəli, yazdıqlarımı ensiklopediya məlumatları da təsdiqləyir. 1986-cı ildə 116 nəfər, 2000-ci ildə 163 nəfər, 2013-cü ildə 190 nəfər. Hələ Şuruddan kənarda yaşayan şurudluları bura qatmıram.
Kənddə adambaşına 2,2 hektar torpaq düşməsinə baxmayaraq, suvarılan torpaq, demək olar ki, yoxdur; su həyətlərə uzanan rezin borularla qayda-qanunla, növbə ilə verilir, verilir ki, o qədər də böyük olmayan həyətlərin ağac-budağı, ailə ehtiyaclarını ödəyəcək tərəvəz, göyərti ləkləri qurumasın. Amma haqqına demək lazımdır ki, həyət-bağçaların yaşıllığına söz ola bilməz. Kəndin icra nümayəndəsi Cəbrayıl Nuriyevin həyətindəki tut ağacının kölgəsinə qoyulmuş kətillərdə Hüseyn müəllim oturub, 83-84 yaşlı Əli kişi oturub, Əli Orucov və başqaları da oturub, söhbət yenə işdən-gücdən gedir, lap çox da su məsələsindən, telefon xidməti məsələsindən. Deyirlər ki, kənddə hamının evində telefon var, bir-birləri ilə rahat danışırlar. Amma kənddən kənar biri ilə danışanda gərək biri danışıb qurtara, sonra o birinə imkan yarana. Şurudda bir neçə kəhriz var: Şah Abbas kəhrizi, Kənd kəhrizi, Yarpaqlı kəhrizi. Dediklərinə görə, əsasən, Şah Abbas kəhrizinin suyundan istifadə edirlər, o biri kəhrizlərin təmirə ehtiyacı var. Fikirləşdim ki, muxtar respublikada ən müasir rabitə xidməti və ən güclü suvarma sistemi mövcuddur. Azərbaycandakı yeganə Kəhrizlər İdarəsi də Naxçıvandadır. Bütün kəhrizlər də bu idarənin nəzarətindədir, təmir edirlər, qaydaya salırlar, suyunun yolun-yolağasın açırlar… Yəqin ki, yaxın zamanlarda Şuruddakı kəhrizlər də bərpa olunacaq.
Yarpaqlı kəhrizi dedim, Yarpaqlı yadıma düşdü. Kənddən bir neçə kilometr aralıda olan Yarpaqlıda o qədər də ağac-budaq gözə dəymir və şurudluların dədə-babaları dağ dolaylarının o üzündəki bu geniş düz-düzəngaha nə əcəb bu adı qoyublar? Keçənilki yazın axırlarında Yarpaqlıya getdim. İlahi, bir gözəllik, gələnləri valeh edən cənnətməkan bir guşə, nağıllarda deyildiyi kimi, gül gülü, bülbül bülbülü çağırır. Təbiətin bu gözəlliyinə bir insan saflığı da qarışmışdı: bu gözəlliyin dörd yanına yüzlərlə, bəlkə, daha çox arı pətəkləri düzülmüşdü – nə bir gözləyəni vardı, nə bir qoruqçusu, nə bir keşikçisi.
Soruşdum ki, bunların bir sahibi, yiyəsi var, ya yox?
Şurudlu yol yoldaşım cavab qaytardı ki, bu qədər var-dövlətin yiyəsi, sahibi olmazmı? Amma kimsə kimsənin malına əl uzatmaz. Çünki dünyanın yeganə canlısıdır ki, arı halallıq sevir, haram əl dəydisə, hər şey fani olub gedir.
Naxçıvan şəhərinə Günəş səhər ertə Haça dağın ortasından boylanır, Şurudda isə Haça dağın arxasında batır. Dünyanın bir möcüzəsi də bu deyilmi? Və Əlahəzrət Günəş Haça dağın o üzünə tərəf səmt alanda mən də yazı-pozu ləvazimatımı götürüb bir parça qismət kəsdiyim, suyundan içdiyim, söz-söhbətlərindən bu yazımı ərsəyə gətirəcəyim insanlarla sağollaşıram. “Salamat qalın!” deyirəm, Göy dağ, Qara dərə, Nəbi yurdu, Məmməd düzü, suyu bal dadan Şah Abbas kəhrizi, bir ağacı, yarpağı olmayan, cənnətməkan Yarpaqlı düz-düzəngahı, salamat qal, Şuruddan görünən Peyğəmbər yadigarı Gəmiqaya, o üzdəki doğma torpaqlarımız Kurud, Urud, salamat qal, tanıdığım, tanımadığım insanlar! Sizə “əlvida” demirəm, “salamat qalın, salamat qalın” deyirəm, sabah təzədən sizə salam vermək üçün. Və bilin ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı bütün kəndlərimizin üstündədir; o cümlədən Şurudun da. Bir də arxayın olun ki, çiyninizdə qüdrətli bir əl, arxanızda hər an sizin qayğınızı çəkən bir qüvvə durur – bu, Azərbaycan dövlətidir, sənin, mənim – hamımızın dövləti.
Hər il muxtar respublikamızın neçə-neçə kəndində kompleks quruculuq tədbirləri həyata keçirilir, kəndlərimiz gündən-günə abadlaşır. Doğrudur, Şurud kəndində də bir neçə il bundan əvvəl quruculuq işləri həyata keçirilib, məktəb binası tikilib. Şurudda da kompleks quruculuq işlərinin aparılacağına, bu kəndin daha müasir yaşayış məntəqəsinə çevriləcəyinə bütün şurudlular ürəkdən inanırlar.
Nurəddin BABAYEV