Muxtar respublikamızda daşınmaz əmlakın sığorta edilməsində vətəndaşların fəallığı xeyli yüksəlib. Çünki qəfildən baş verən yanğınlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr və digər hadisələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı sığorta etdirməkdir. Bu günlərdə muxtar respublikanın üç sakininə yanğın nəticəsində daşınmaz əmlakına dəymiş ziyan ödənilib. Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, Ordubad rayon Başkənd sakini Elmidar Əliyevin yaşayış evində baş vermiş yanğın nəticəsində 1 otaq və 1 mətbəx yararsız hala düşüb, ev əmlakı yanıb. Ona daşınmaz əmlakın icbari sığortasına görə 2580 manat, ev əmlakının sığortasına görə isə 770 manat olmaqla, ümumilikdə 3350 manat sığorta məbləği ödənilib. Şərur rayonunun Düdəngə kənd sakini Vaqif Babayevə ona yanğın nəticəsində dəymiş zərərə görə daşınmaz əmlakın icbari sığortası üzrə 2350 manat sığorta ödənişi verilib.
Şərur rayonunun Dəmirçi kənd sakini Nəsimi Hümbətova isə ona məxsus kommersiya mağazasında baş verən yanğın hadisəsinə görə 1550 manat sığorta ödənilib.
Xəbərlər şöbəsi