22 Dekabr 2024, Bazar

Dünən Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu rayon İcra Hakimiyyəti ilə birlikdə maarifləndirici tədbir keçirmişdir.
Sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, İsmayıl Həsənov, baş məsləhətçi Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyindən, sosial sığorta sistemində fərdi uçotun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən danışmışlar.
Bildirilmişdir ki, sosial sığorta tərəflər arasında razılaşmanın elə bir növüdür ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir.

Qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar ki, bunlara da pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik, uşağın anadan olması, uşağa qulluq və sair daxildir.
Vurğulanmışdır ki, fərdi uçot sistemi pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Fərdi uçot sisteminin tətbiq olunması sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə imkan verir.
Tədbirdə pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən də bəhs olunmuş, sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradıldığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, artıq bu iş tam yekunlaşmış və “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi elektron xidmət vasitəsilə əhalinin istifadəsinə verilmişdir.
Sonra Sədərək rayonunda sığorta pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev çıxış edərək tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR