Bu gün dünyada ən aktual məsələlərdən biri məşğulluq problemi və bu problemin həll edilməsi yönündə atılan addımlardır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə, işsizlik bu və ya digər dərəcədə mövcuddur. Bir neçə il bundan əvvəl dünya iqtisadiyyatını ağuşuna almış böhran dalğası problemi daha da dərinləşdirmiş, çox az ölkə bu çətinliyi dəf edərək məsələnin həlli ilə bağlı addımlar ata bilmişdir. Ancaq bütün bunlara baxmayaraq, işsizlik hələ də qlobal problem olaraq qalmaqdadır. Şükürlər olsun ki, ölkəmiz nəinki bu çətinliklərdən yan keçə bildi, hətta inkişaf tempini də azaltmadı, işsizliyin həlli ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə edilməsi ilə müşayiət edildi.
Bunu ölkə başçısının aşağıdakı fikirləri də təsdiqləyir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İşsizlik, demək olar ki, aradan qaldırılır. Bütövlükdə, bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır”.
Qeyd edilən rəqəmlər ölkəmizdə, həmçinin muxtar respublikamızda işsizliyin həll edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyindən xəbər verir. Təbii ki, bu proses indi də davam edir. Əvvəlki yazılarımızdan birində işaxtaran vətəndaşlardan bəhs etmiş, belə bir nəticəyə gəlmişdik ki, müasir dövrdə bilik və bacarığın mövcudluğu və bunların vəhdəti istənilən işaxtaran üçün əsas meyar olmalıdır. Əgər buna nail ola bilməmişiksə, o zaman iş tapa bilməməyimizə görə kimsəni də günahlandırmamalıyıq. Məsələnin digər tərəfi işəgötürənlərlə bağlıdır. Daha doğrusu, məşğulluq probleminin həllində işəgötürənlərin də rolu az deyil.
Qeyd etdik ki, işsizlik məsələsinin həlli işəgötürənlərdən də asılıdır. Hər kəs istəyər ki, yaxşı işçi çalışdırsın. Uzağa getməyək, bu gün muxtar respublikamızda elə bir səlahiyyətli şəxs və ya sahibkar yoxdur ki, bilikli və bacarıqlı işçiyə ehtiyacı olmasın. Ancaq yaxşı işçi əldə etməyin də müəyyən tərəfləri var: düzgün seçim edə biləsən və bu işçilər təmsil olunduqları sahədə faydalı nəticələr əldə edə bilsinlər. Fikirlərimizin hörmətli oxucular tərəfindən tövsiyə və ya məsləhət kimi anlaşılmamasına əmin olub, bu sahədə həm ölkəmizdə, həm də dünya praktikasında araşdırıb əldə etdiyimiz məlumatları sizinlə bölüşmək istərdik. Yeri gəlmişkən qeyd edək ki, bu sahədə aparılan araşdırmalar dünya praktikasından da məlum olduğu kimi, əsasən, sahibkarlıq subyekti üzərində qurulmuşdur. Çünki sahibkar öz qərarlarında daha müstəqil olur və işin keyfiyyətli nəticəsi ondan birbaşa asılı olmaqla yanaşı, həm də maraq dairəsini əhatə edir.
Birinci ondan başlayaq ki, müasir dövrün əsas sahələrindən biri olan biznes insanların əməli fəaliyyəti üzərində qurulur. Dünyanın məşhur şirkətlərinə rəhbərlik edən sahibkarların gücü ondadır ki, onlar ətrafına bacarıqlı işçilərdən ibarət güclü komanda toplaya biliblər. Bununla belə, onların əsl problemi yenə də ixtisaslı kadr qıtlığı olur. İxtisaslı kadr dedikdə nə başa düşülür? Əlbəttə ki, hər hansı bir ali təhsilə yiyələnmək ixtisaslı kadr demək deyildir. İxtisaslı kadr, şəxsin seçdiyi sahə üzrə mükəmməl təhsil alıb biliklərə yiyələnməsi və təcrübə olmasa da, həmin bilikləri müəyən qədər tətbiqetmə bacarığına əsaslanır. Yəni diploma əsaslanıb işə götürmək həmişə özünü doğrultmur və bu, bütün dünyada belədir. Öz sahəmizdən misal çəkim. Bu gün muxtar respublikanın mətbuat nümayəndələri sırasında ixtisasca jurnalist olanlar digər ixtisas sahibləri ilə müqayisədə çox azdır.
İnkişaf etmiş ölkələrin aparıcı şirkətlərində ixtisaslı kadrların işə qəbulu bəzən aylarla çəkir. Çünki sahibkar yeni işçini biznesin gələcəyi kimi görür. Əgər işçidən ayrılmaq qərarına gəlirsə, bu prosesi uzatmır. Ona görə ki, olmayan gələcəyə (gedən işçiyə) havayı sərmayə xərcləmək istəmir.
Bəzən işəgötürənlər yeni işçini qəbul edərkən onun əvvəlcə daha tanınmış yerdə işləməsini və ya iş təcrübəsini əsas götürürlər. Bu da yanlışdır. Çünki namizədin harda işləməsi yox, necə işləməsi daha önəmlidir. Digər tərəfdən, bir işçinin konkret şirkətdə eyni işdə (rəhbər vəzifə xaric) 3 ildən artıq işləməsi qətiyyən müsbət göstərici hesab edilmir. Ancaq təəssüflər olsun ki, bu hal bizdə hələ də “böyük təcrübə” kimi qəbul edilir.
Və nəhayət, özəl sektorda çalışıb “mənim üçün pul vacib deyil”, – deyən işçidən uzaqlaşmaq ən yaxşısıdır. Çünki pul qazanmaq istəyən işçi sahibkar üçün əla imkanlar yaradır. İşçi pul qazanmağa səy göstərdikcə sahibkar, çalışdığı müəssisə də qazanır. Və ya işçi yaxşı qazanırsa, deməli, işlər də yaxşı gedir.
Bütün bu qeyd etdiklərimizdən belə bir nəticə hasil olur ki, müasir dövrdə bazar iqtisadiyyatı istənilən təbəqədən olan insanlar üçün geniş imkanlar açır. O ki qaldı işəgötürənlərə, əgər yaxşı işçi axtarırsınızsa, çalışın onu özünüz kəşf edin!
Səbuhi HƏSƏNOV