Dünya binə olandan insanlar uzunömürlülüyün sirlərini öyrənməyə çalışıblar. Lakin günümüzədək bu sirrin üstü açılmaz qalsa da, sevindirici haldır ki, bu sirri daşıyanlar, yəni uzunömürlülər hələ də aramızda var. Onlardan biri də Şərur rayon sakini Qönçə Hümbətovadır. Ömrünün 115-ci payızını yaşayan Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıb. Üç əsrə şahidlik edən Qönçə nənənin 1 oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları muxtar respublikanın ən uzunömürlü sakini Qönçə Hümbətova ilə görüşüblər. Görüşdə qeyd edilib ki, muxtar respublikada uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlıqları qayğısına qalınır, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu görüş də həmin sosial tədbirlərdən biridir.
Ona göstərilən qayğıya görə Qönçə Hümbətova minnətdarlığını bildirib.
Görüşdə muxtar respublikanın ən yaşlı sakininə hədiyyə verilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti