Avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013- 2014-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə bir çox sahələrlə yanaşı, nəqliyyat-yol kompleksinə nəzarətin gücləndirilməsi ilə bağlı qarşıya konkret vəzifələr qoyulmuşdur. Məhz bununla əlaqədar avqustun 30-da Nəqliyyat Nazirliyinin texniki müayinə komissiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrini texniki müayinədən keçirmişlər.
Şərur rayonunun Havuş, Şahbulaq, Babək rayonunun Buzqov, Gərməçataq, Ordubad rayonunun Tivi, Unus, Pəzməri, Culfa rayonunun Ləkətağ, Göynük, Şahbuz rayonunun Şada, Yuxarı Qışlaq, Güney Qışlaq və sair kəndlərinə işləyən nəqliyyat vasitələrinin daxili qızdırıcı sistemləri yoxlanılmış, şinlərin naxışlarının ölçülərinə, habelə nəqliyyat vasitələrində dərman qutusu və odsöndürən balonların mövcudluğuna diqqət yetirilmiş, qışa hazırlığın başa çatdırılması üçün nəqliyyat vasitələri sürücülərinə bir ay vaxt verilmişdir.
Texniki müayinə zamanı Unus kəndinin marşrut sürücüsü Rüstəm Mirzəyev, Havuş kəndinin marşrut sürücüsü Əbülfəz İbrahimov və Ləkətağ kənd marşrutunun sürücüsü Fazil Həsənov göstərilən dövlət qayğısından danışmışlar. Onlar bildirmişlər ki, bu gün yollarımız abadlaşır, müasirləşir. Bu bir tərəfdən həmin kəndlərin sakinlərinin rahatlığına xidmət edirsə, digər tərəfdən nəqliyyat vasitələrinin istismar müddətinin uzanmasına şərait yaradır.
Payız-qış mövsümündə muxtar respublikada fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi üçün Nəqliyyat Nazirliyinin texniki müayinə komissiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi ilə birlikdə digər kəndlərə işləyən avtobus və mikroavtobusların da yaxın günlər ərzində texniki müayinəsini həyata keçirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti