Hər bir müəssisədə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, qaz və elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması qarşıda duran mühüm vəzifələrdən biridir.
Xüsusilə təhsil müəssisələrində iş günü və dərslər qurtardıqdan sonra gecə işıqlandırma qurğuları istisna olmaqla, bütün elektrik qurğu və cihazlarının dövriyyədən ayrılması, mövcud yanğınsöndürmə qurğularının və vasitələrinin daimi istifadə üçün yararlı vəziyyətdə saxlanması ilə bağlı işçi kollektivləri ilə mütəmadi görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki ali və tam orta təhsil, həmçinin məktəbəqədər tərbiyə müəssisələrinə yanğından mühafizə məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə izah edilərək maarifləndirici söhbətlər aparılıb.
Təhsil müəssisələrində müəllim və texniki işçilərlə aparılan maarifləndirmə işləri zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin və Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinin fəaliyyətləri haqqında ətraflı məlumat verilib.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı