Hər bir cəmiyyətdə vətəndaşların sabaha inamı burada insan amilinə verilən qiymətlə daha da möhkəmlənib, öz nəticəsini ölkənin bütün gələcək inkişaf proseslərində göstərir. İnsanların yaxşı yaşamaq və qurub-yaratmaq arzusunu reallığa çevirib gələcək nəsillərə bugünkündən daha firavan həyat vəd edən uğurlu sosial siyasət nəticəsində arzuedilən məqsədlərə çatdıqda bu, sosial statusundan asılı olmayaraq, bütün cəmiyyət üzvləri tərəfindən təqdirlə qarşılanır, onun müəllifinə – dövlət başçısına xalqını rifah içində görmək xoşbəxtliyi nəsib edir.
Sosial siyasət cəmiyyət var olduqca dövlət başçısından tutmuş sadə vətəndaşa qədər hər bir kəsin cəmiyyətdən umduğunu ala bilməsi üçün çox vacib olan insani münasibətlər sistemidir.
Dünyada uğurlu sosial siyasət haqqında çox yerdə danışılsa da, bu həmişə hər kəsə müyəssər olmur. Başqa sözlə, dünyadakı bütün dövlətlər tərəfindən sosial siyasət aparılsa da, bunların az bir qisminin əvvəlinə “uğurlu” kəlməsi əlavə oluna bilər. Yəni uğurlu sosial siyasət dedikdə dövləti də uğurla idarə etmək başa düşülür. Dövrümüzdə qonşu ölkələrdən tutmuş uzaq qitələrə qədər müasir dünyanın mənzərəsinə nəzər saldıqda, görürük ki, bizə məlum olan və olmayan müxtəlif hadisələr ucbatından çalxalanan dövlətlərin bugünkü vəziyyəti böyük ölçüdə orada yeridilən sosial siyasətin bu və ya digər formada kəsirlə yerinə yetirilməsinin nəticəsidir. Nəzərə alsaq ki, sosial siyasətin son məqsədi insandır, onda bir ölkədə yeridilən düzgün sosial siyasətdən bəhrələnən insanların buradakı çox məhdud təbii resurslara baxmayaraq, nəyə görə firavan yaşadığını və tam əksinə, hər cür təbii zənginliklərə malik, ancaq insan amilinin arxa planda tutulduğu digər bir ölkənin nə üçün aclıq, yoxsulluq, terror və başqa potensial təhlükə mənbəyi olduğunu başa düşmək olar. Ona görə də sosial siyasəti bir gün təşkil olunub, ertəsi gün bəhrəsini gözlədiyimiz bir tədbir kimi deyil, cəmiyyətdəki bütün təbəqə və qrupların mənafelərini uzunmüddətli bir dövr üçün tarazlı şəkildə ödəyə bilən, fasiləsiz həyata keçirilib uzunmüddətli perspektivə hesablanmış, hər fürsətdə, hər addımda, hər görüşdə missiyası xalqa açıq elan edilən bir dövlətçilik xidməti kimi də nəzərdən keçirə bilərik.
Müasir Azərbaycan cəmiyyəti öz inkişafının elə bir tarixi mərhələsini yaşayır ki, indi xalqımız həm uzaq, həm də yaxın keçmişdə baş vermiş mühüm hadisələri bir daha qiymətləndirib ondan düzgün nəticə çıxarılması üçün ən əlverişli bir zamana gəlmişdir. Dünyada və yaxın regionda baş verən müxtəlif ictimai-siyasi hadisələrin, iqtisadi proseslərin, dünya bazarındakı əsas inkişaf indeksləri dinamikasının, bütövlükdə, ölkəmizin lehinə olması, daxili və xarici siyasətdə əldə olunan uğurların Azərbaycanın beynəlxalq aləmdəki imicini yüksəltməsi artıq azərbaycanlıların dünyaya baxışlarını, gələcəyə inamını yeni müstəvidə formalaşdıran əsas amillərdəndir. Milli qurtuluşla öz həyatının yeni bir intibah dövrünə qədəm qoyan Azərbaycan xalqı əldə olunmuş sosial-siyasi sabitliyin bir cəmiyyət üçün nə qədər böyük bir sərvət olduğunu hər ötən il daha da dərindən mənimsəyir. Çünki bu dövr zəmanəmizin böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevdən miras qalmış müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün tarixin Azərbaycana, Azərbaycan xalqına verdiyi ən nadir inkişaf və tərəqqi dövrlərindən biridir.
Cəmiyyətdə tarazlı və sosial dövlət konsepsiyasına uyğun inkişaf indekslərinə nail olmaq hər kəsin arzusu olsa da, bu, asan başa gələn məsələ deyildir. Sərmayənin və iqtisadi mənafenin çox yüksək təsiretmə gücünə malik olması, qloballaşma şəraitində bir sıra transmilli şirkətlərin çox böyük güclə dünya bazarına diktələr etməsi şəraitində insanın bazardan asılılığı bəzən ən təhlükəli həddə çata bilər. Belə bir şəraitdə özünü ən rəvan yolda hesab edən sosial dövlətin bir an sayıqlığını itirməsi onun üçün təkcə milli deyil, beynəlxalq aləmdə də fəlakətlərə səbəb olar. Belə ki, neçə ildən bəri Yaxın Şərq ölkələrini qaynar qazanda saxlayan hadisələrin hansı qığılcımdan alovlandığı hər kəsə məlumdur. Bu baxımdan iqtisadiyyatın daim olaraq tənzimlənməsi ilə dövlətin artan imkanlarını sosial ədalət prinsipləri çərçivəsində vətəndaşların rifahına yönəltmək, həyatın müxtəlif mərhələlərində yarana bilən boşluqları dövlət-vətəndaş həmrəyliyi ilə uğurla həll etmək bugünkü sosial dövlətin başlıca vəzifəsidir. Bu vəzifənin öhdəsindən gələ bilməyən və bu gün iqtisadi potensialı Azərbaycandan dəfələrlə böyük olan bir sıra ölkələrdə yeridilən sosial siyasətin birtərəfli və məhdud çərçivəli olmasının nəticəsidir ki, belə ölkələr praktik olaraq idarəolunmaz səviyyəyə gəlib çatmış, iqtidarın xalqı qarşısında heç bir inam və etimadı qalmamışdır.
Ölkəmizdə vətəndaşlar ilə dövlət arasında bir sosial dövlətə yaraşan həmrəylik mövcuddur. Bu, ilk növbədə, dövlət tərəfindən ölkədə müxtəlif mərhələləri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının uğurla yerinə yetirilməsi və eyni zamanda bu müddət ərzində cəmiyyətin sosial-mədəni inkişafa, dünyada mövcud olan layiqli yaşayış standartlarına çatmaq üçün dövlətə vaxtında verdiyi sosial sifarişlərin bir-birini tamamlaması ilə mümkün olmuşdur. Başqa sözlə, keçmiş sistem dağılandan sonra qurulan yeni bir cəmiyyətin tələbatları ilə mövcud iqtisadi potensialı uzlaşdıraraq ölkəni dağıdıcı müxtəlifrəngli inqilablar meydanına deyil, sadəcə, dinc quruculuq məkanına çevirmək bu regionda yalnız Azərbaycanın nailiyyətidir. Bir çoxlarının iqtisadi strategiyasının hələ də qeyri-müəyyən olması və qonşusundan asılı düşməsi ilə müqayisə etdikdə işğala məruz qalmış Azərbaycanın regionda bütün göstəricilər üzrə lider bir ölkə səviyyəsinə gəlib çatması yalnız qısa müddət ərzində uğurla həyata keçirilən sosial siyasətin iqtisadi, mədəni, hərbi potensiala bacarıqla transformasiya olunması ilə hasilə gəlmişdir. Ölkəmizin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olması, məşğulluq və sosial infrastruktur layihələrinə geniş meydan verilməsi, təhsil, səhiyyə, idman, mədəniyyət və turizmdə həyata keçirilən irimiqyaslı işlər öz bəhrəsini verməyə başlamış, özəl sektorda üstünlük təşkil edən güclü orta təbəqə formalaşmışdır. İndi bütün dünya qədirbilən Azərbaycan xalqının ona göstərilən bütün yaxşılıqlara verdiyi qiymət qədər dövlətinin də ona göstərdiyi hər qayğıya əməli işlə cavab verdiyinə bir daha şahiddir.
Sosial siyasət bir-birini tamamlayan çox sayda tədbir və işlərlə həyata keçirilib, öz konkret nəticəsini də regional inkişafda göstərir. Məhz regionların inkişafı, buradakı əhalinin həyat səviyyəsi ölkədə yeridilən sosial siyasətin uğurlu gedişi ilə yüksəlir. Dünyanın çox yerində paytaxt və iri şəhərlərdə yaşayan insanların məşğulluq, istirahət, təhsil, səhiyyə, müxtəlif mədəni və idman tələbatlarının ödənilməsi regionlardakından daha üstündür və bu, obyektiv iqtisadi inkişaf qanunauyğunluğu hesab olunur. Ancaq cəmiyyətdə hər bir insanın digərləri kimi öz yaşayışını yaxşılaşdırma tələbatlarının yalnız urbanizasiya hesabına həll olunması da müasir humanitar və ekoloji prinsiplərə uyğun hesab edilmir. Ona görə də regional inkişafa göstərilən diqqət, ən ucqarlarda məskunlaşmış əhalinin tələbatlarını mərkəzi şəhərlərdə olduğu səviyyədə ödəməyə yönəldilmiş siyasət sosial siyasətin ən uğurlu mexanizmlərindən biridir. Bu baxımdan ölkəmizin bütün regionlarında, o cümlədən tarixi ədalətsizlik nəticəsində ərazicə ondan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə ardıcıl həyata keçirilən bütün sosialyönümlü layihə və işlər dövlətimizin Azərbaycan vətəndaşlarının yaxşı yaşamaq üçün qarşısına qoyduğu vəzifənin icrasıdır. Naxçıvan Muxtar Respublikasının məlum çətinlikləri dəf edərək regionun iqtisadi-mədəni mərkəzi halına gəlməsi yolunda atdığı əmin addımlar öz gücünü məhz burada yaşayan insanların ən qiymətli sərvət kimi qorunaraq onların sosial həyatının dünyanın ən inkişaf etmiş ölkələrindəki kimi qurulması yolunda qarşıya qoyulmuş qətiyyətdən və yurda bağlılıqdan alır.
Əli CABBAROV