22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. 2011-ci il dekabr ayının 30-da qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 70 yaşına çatmış hər bir şəxs ahıl sayılır. Azərbaycanda bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, maddi və mənəvi tələbatlarının ödənilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2006-cı il 17 aprel tarixli Sərəncamı ahılların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatların həyata keçirilməsinə, ölkəmizdə ahılların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan yaratmışdır.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, onların sağlam həyat tərzində yaşamaları, maddi və mənəvi tələbatlarının ödənilməsi, eyni zamanda cəmiyyətin həyatında fəal iştirakları üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Pro­qramı”nın icrası dövlətimizin ahıl vətəndaşlara göstərdiyi sosial-mənəvi dəstəyin bariz nümunəsidir. Bu pro­qram ahıl şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların davamlı­lığını təmin etmişdir.
Son 10 ildə muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində pensiyaların məbləği 8,6 dəfə, müavinətlərin məbləği 3 dəfə artırılmış, 1941-1945-ci illər müharibəsinin iştirakçısı olan 87 ahıl minik maşını ilə, habelə 1030 ahıl protez-ortopediya məmulatları və texniki reabilitasiya vasitələrilə təmin edilmişdir. Muxtar respublikamızda yaşayan tənha ahıllara göstərilən sosial xidmətin səmərəliliyini təmin etmək üçün onların hər biri haqqında məlumat bazası yaradılmışdır. Hazırda tək yaşayan və hərəkət qabiliyyəti məhdudlaşmış 545 ahıl vətəndaşa öz mənzillərində Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilir.
Muxtar respublikada müasir səhiyyə ocaqlarının tikilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi sağlam həyat tərzinin bərpa olunması sahəsində həyata keçirilən mühüm tədbirlərdəndir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi-sosial reabilitasiyasının təşkili bu mənada xüsusi diqqət yetirilən məsələdir. Cari ilin 9 ayı ərzində 32 ahıl Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə olunmuş, 14 ahıl isə respublikamızın sanatoriya və pansionatlarında müalicə olunmaları üçün göndərişlərlə təmin edilmişdir. Hərəkət fəaliyyətlərini yaxşılaşdırmaq, cəmiyyətə inteqrasiyalarını təmin etmək məqsədilə 45 ahıla səyyar protez-ortopediya xidməti göstərilmiş, həmçinin ehtiyacı olanlara texniki-bərpa vasitələri verilmişdir. Ahıllara evlərində baş çəkilmiş, zəruri sosial problemləri yerindəcə həll olunmuş, onlara ərzaq payı və hədiyyələr təqdim edilmişdir.
Şahbuz rayonunda Ahıllar evinin fəaliyyət göstərməsi tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Burada ailədən təcrid olunmuş insanların yenidən cəmiyyətə inteqrasiya olunmasına köməklik göstərilir, ahılların problemlərinin həllinə çalışılır. Ahıllar evində hər cür məişət şəraiti yaradılmış, burada yaşayan sakinlər üçün əkin sahəsi ayrılmış, arıçılıq təsərrüfatı yaradılmış, bir sözlə, ahılların fəal həyat tərzi keçirməsi təmin olunmuşdur. Hazırda burada 21 sakin yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir, müalicələrinə köməklik göstərir, eyni zamanda ehtiyacı olanlar müxtəlif texniki-bərpa vasitələri ilə təmin edilirlər. Əlamətdar günlərdə də Ahıllar evinin sakinləri ilə görüşlər təşkil olunur, onlara sovqatlar təqdim edilir.
Ahılların əmək fəaliyyəti imkanları nəzərə alınaraq onların məşğulluğunun təmin olunması, maddi təminatlarının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur, bayram və əlamətdar günlərdə onlarla görüşlər keçirilir. Bununla yanaşı, 100 yaşı tamam olanların yubiley tədbirlərinin, evli­liklərinin 50-ci, 60-cı ildönümlərinin qeyd olunması, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikamızın görməli yerlərinə gəzintilərinin təşkili, həftənin şənbə günləri onların evlərində iməciliklərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Bu il də Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikamızda ahılların iştirakı ilə silsilə tədbirlər həyata keçirilmiş və ümumilikdə, 545 tənha ahıla bayram sovqatı təqdim olunmuşdur.
Muxtar respublikamızda ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial rifahlarının yaxşılaşması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR