Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə dünən səhiyyə sahəsi üzrə növbəti əmək yarmarkası keçirilib.
Yarmarkada çıxış edən səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır. Vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırıb.
Qeyd olunub ki, səhiyyə infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər nəticəsində təkcə ötən il muxtar respublikada Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, kəndlərdə 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi istifadəyə verilib. Bu il isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binasının və Ordubad rayonunun Çənnəb kəndində feldşer-mama məntəqəsinin açılışı olub. Hazırda 30 çarpayılıq Babək Rayon Mərkəzi Xəstəxanası və 25 çarpayılıq Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin binalarında son tamamlama işləri aparılır.
Vurğulanıb ki, səhiyyə sahəsində görülən işlər yalnız quruculuq tədbirləri ilə yekunlaşmır. Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət edilməsi və aztəminatlı ailələrdən olan xəstələrin dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi də diqqət mərkəzində saxlanılır. Təkcə ötən il Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş oftalmoloqlar, kardio cərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müxtəlif xəstəliklər üzrə 500-ə yaxın əməliyyat aparılıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2009-cu il tarixli “Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Qərarı və 2010-cu il 7 iyul tarixli “2010-2014-cü illər üçün Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə inkişaf proqramı” səhiyyə müəssisələrinin ixtisaslı kadrlarla təminatında mühüm rol oynayıb. Bununla bağlı muxtar respublikada bir neçə ildir ki, əmək yarmarkaları keçirilir. Ötən il keçirilən yarmarkada 10 həkim və 16 tibb işçisi olmaqla, 26 nəfər səhiyyə işçisi daimi işlə təmin olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirib ki, muxtar respublika səhiyyəsində dinamik inkişaf mövcuddur. Səhiyyə ocaqlarında müasir iş şəraitinin yaradılması, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində tibbi kadrların yetişdirilməsi bu sahədə xeyli uğurlar qazanılmasına stimul olub. Mövcud imkan isə işə daha savadlı kadrların cəlb olunması tələbini, müasir informasiya-kommunikasiya texnologiyalarından, tibbi avadanlıqlardan istifadə bacarığını aktivləşdirir. Muxtar respublika rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, tibbi kadrların işə cəlb olunması ilə əlaqədar müntəzəm əmək yarmarkaları keçirilir. Builki əmək yarmarkasına 465 həkim, 141 tibb işçisi olmaqla, ümumilikdə 606 boş iş yeri təqdim edilir. Əminik ki, yeni iş yeri qazanan səhiyyə işçiləri onlara göstərilən qayğı müqabilində əhaliyə nümunəvi tibbi xidmət göstərəcəklər.
Tədbirdə işaxtaran vətəndaş, Bakı Dövlət Universitetinin məzunu Gülnarə Əliyeva belə tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.
Sonra boş iş yerləri işaxtaran tibb mütəxəssislərinə təqdim olunub.
Əmək yarmarkasında 17 nəfər işə göndəriş alıb.
Muxtar MƏMMƏDOV