22 Dekabr 2024, Bazar

Tarix boyu insanlar uzunömürlülüyün sirrini axtarıb, çox yaşamağın yollarını arayıblar. Ancaq bütün hallarda gəlinən nəticənin əsasını sağlam həyat tərzi təşkil edib. Gündən-günə qloballaşan dünyanın verdiyi “yeniliklər” bizi bu həyat tərzindən uzaqlaşdırmağa çalışsa da, fakt faktlığında qalmaqdadır: yalnız sağlam həyat tərzi keçirən, qidalanma prinsiplərinə düzgün əməl edən insanlar uzun və sağlam ömür sürə bilərlər.
Alimlərin apardığı araşdırmalara görə, insanların müxtəlif xəstəliklər səbəbindən həyatdan köçməsi ildən-ilə getdikcə daha geniş yayılmaqdadır. Son 20-30 ildə xərçəng, şəkər kimi çətin müalicə olunan xəstəliklərin artmasının əsas səbəbi də insanların sağlam həyat tərzindən aralı düşməsi, düzgün və təbii qidalarla qidalanmamasıdır. Bəs sağlam həyat tərzi nədir?

Ulu Tanrı insanların sağlam yaşamaları üçün hər şeyi ana təbiətə bəxş edib. Ancaq maraqlı burasıdır ki, indiyədək heç kim sağlam təbii qidalanmanı özünə həyat tərzi kimi seçməyib. Hətta dünyanın tanınmış naturopat alimləri belə, yalnız həyatda qarşılaşdıqları ağır xəstəliklərdən sonra, əllərini hər şeydən üzdükləri bir zamanda bu həyat tərzini seçib, güclü xəstəlikləri dəf edərək yaşadıqlarını qələmə alıblar. Sağlam həyatın konturlarını özündə əks etdirən bu əsərlərə məşhur alim Pol Breqin, Katsudzo Nişinin, Herbert Şeltonun, Norman Uokerin və digərlərinin yaradıcılığında rast gəlmək olar. Sevindirici haldır ki, bu həyat tərzini təbliğ edən insanlardan biri də tez-tez muxtar respublikamızda qonaq olan yazıçı-jurnalist Ərşad Əzimzadədir. Ərşad Əzimzadə Naxçıvana hər səfərində buranın təbii gözəlliklərindən söhbət açır, qədim torpağın əsl uzun­ömürlülər diyarı olduğunu bildirir. Bir zamanlar bir neçə ağır xəstəlikdən əziyyət çəkən, müasir tibbin müalicəsində çarəsiz qaldığı dərdlərdən yaxa qurtarmaq üçün ana təbiətə pənah gətirən bu insanın doğma yurdumuzun təbii gözəllikləri haqqında dediyi fikirlər istər-istəməz Naxçıvan təbiətinə bir daha nəzər salmaq zərurəti qoyur qarşımızda. Yaşadığımız diyarın – muxtar respublikamızın təbii zənginliklərinin bəzən o qədər də fərqinə varmadığımız bu özəlliklərini hörmətli oxucularımızla bölüşmək istəyi, əslində, çoxdan baş qaldırmışdı ürəyimdə...

Əvvəlcə onu qeyd etmək istərdim ki, insan sağlamlığı üçün ekoloji təmizlik əsas, hətta ən birinci şərtlərdəndir. Muxtar respublikamızın kəskin kontinental iqlimi ölkəmizin digər regionları ilə müqayisədə burada yaşıllıqların salınmasında xeyli çətinliklər törədir. Mütəxəssislərin dili ilə desək, ölkəmizin digər rayonlarında əkilən 10 tingdən 8-nin inkişaf edib böyüməsi realdırsa, burada həmin saydan yalnız ikisi özünü doğruldur. Ötən əsrin 90-cı illərində sərt qışı keçirmək üçün çox da geniş əraziləri əhatə etməyən meşə massivlərinin əksəriyyəti, hətta dağlıq ərazilərdə belə, müxtəlif kol-ağaclar məhv edildi. Elektrik enerjisinin, təbii qazın olmadığı bir məmləkətdə insanlar blokadanın çətinlikləri ilə bərabər, həm də ekoloji çətinliklərlə üz-üzə qalmışdılar. Təsəvvür edin ki, yaşıllıqlar muxtar respublika ərazisinin 1 faizdən də aşağı – 0,6 faizini əhatə edirdi. Ancaq şükürlər olsun ki, Naxçıvan düşmənə sinə gərməklə bərabər, öz varlığını qoruyub saxlamağı da bacardı. İllər bir-birini əvəz etdikcə Naxçıvan da inkişaf etməyə, dirçəlməyə başladı. Belə bir zamanda regionda sonralar əsl intibahın tərkib hissəsinə çevriləcək kütləvi iməciliklərə start verildi. Muxtar respublika rəhbərinin də bu günədək iştirak etdiyi bu iməciliklərdə saysız-hesabsız yaşıllıq zolaqları yaradıldı, ağaclar əkildi. İşin digər tərəfi bundan ibarət idi ki, iməciliklər mövsümi xarakter daşımırdı və kütləvi yaşıllaşmaya sənətindən və peşəsindən asılı olmayaraq, kütləvi yanaşma tətbiq olunmuşdu. Su tutmayan ərazilərdə, heç zaman yaşıl­lıq üzü görməyən təpə-yamaclarda belə, ağacların, gül-çiçəklərin əkilməsinə qərar verilmişdi. İndiyədək yalnız bəzi ölkələrdə tətbiq edilən damcı üsulunun suvarmada yeni metod kimi tətbiq olunması sonralar “Naxçıvan gündən-günə çiçəklənir” ifadəsinin həm də məcazi formada deyilməməsinə şərait yaradacaqdı. Bəli, görülən işlərin nəticəsidir ki, bir zamanlar yaşıllıq örtüyü 0,6 faiz təşkil edən bir region bu rəqəmi 10 faizə qədər yüksəldə bilmişdi və əlbəttə ki, bu, son hədd deyil.
Görülən işlər həm də iqtisadi mənafeni təmin etməli idi. Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı muxtar respublika rəhbərinin atdığı növbəti addım dadı və tamı ilə seçilən Naxçıvan meyvələrinin yetişdirilməsinə geniş imkanlar yaradırdı. Bunun nəticəsidir ki, 1 yanvar 2013-cü il tarixə olan məlumata görə, muxtar respublikada meyvə ağaclarını əhatə edən sahələr 4235 hektara çatdırılıb ki, bunun da 3143,4 hektarı barverən ağaclardır. Təbii ki, bu da son hədd deyil. Digər meyvə ağacları ilə bərabər, bu ildən tut-bağçılıq təsərrüfatının da inkişaf etdirilməsi əsas məqsəd olub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfat sahələrində 1,5 hektar sahədə tut tinglərinin yetişdirilməsi üçün əkin işləri aparılıb.
İstehsal edilən təbii məhsulların – yerli meyvə-tərəvəzin rahat satışı üçün, təbii ki, kəndlinin özünün öz məhsulunu istehlakçıya çatdırmaq məsələsi həll olunmalı idi. Artıq neçə illərdir ki, paytaxt Naxçıvan şəhəri daxil olmaqla, digər rayon mərkəzlərində də keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları bu məsələnin həll edilməsinə şərait yaradır.
Ancaq görülən işlər bununla bitmir. Əhalinin daimi olaraq kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində növbəti addımlar atılır. Paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bir çox rayon mərkəzlərində meyvə-tərəvəzlərin saxlanması üçün soyuducu anbarların tikilib istifadəyə verilməsi əldə edilən məhsulların xarab olmamasına, uzun müddətə saxlanılmasına və beləliklə, il boyu bu yerli məhsulların bazardan əldə edilməsinə şərait yaradır.
Naxçıvan Muxtar Respublikasının təbii özəllikləri sırasında buradakı tarixi kəhrizləri, çeşmələri qeyd etməmək mümkün deyil. Son dövrlərdə xeyli sayda bu cür kəhriz və çeşmələrdə təmir-bərpa işləri aparılaraq əhalinin istifadəsinə verilib. Və yaxud götürək Naxçıvan dağlarını. Kiçik Qafqaz dağ silsiləsini təşkil edən bu dağlarda nə qədər dərman bitkiləri var. Elə bu flora zənginliyindəndir ki, son dövrlər nadir heyvanların sayı da artmaqdadır. Əslində, bunlar bir-biri ilə əlaqəlidir. Əgər bitki örtüyü yaxşı qorunursa, həmin ərazinin heyvanat aləmi də inkişaf edər. Qanunsuz ovçuluqla bağlı həyata keçirilən tədbirlər, nadir heyvan növlərinin çoxaldılmasına nəzarət bu zənginliyi ildən-ilə artırmaqdadır.
Qloballaşmanın müasir yaşayış yerlərinə verdiyi “yenilik”lərdən biri də tıxaclı avtomobil yolları, natəmizlik, səsli-küylü şəhər həyatıdır. Əhalisi 80-100 minə çatan şəhərlər arasında, bəlkə də, Naxçıvan yeganə şəhərlərdəndir ki, sadaladığımız problemlər burada sıfır səviyyəsindədir. Nəqliyyatda hökm sürən nizam-intizam, avtomobil və piyada yollarının daim təmiz saxlanması, şəhər həyatı üçün xarakterik olan oğurluq və müxtəlif cinayət hadisələrinin olma­ması, ümumi sakitlik, ekoloji tarazlığın normada olması bu şəhərin sağlam həyat tərzi keçirənlər üçün təbiiliyini daha da artırır.
Muxtar respublikada insanların sağlamlığının qorunmasına böyük qayğının nəticəsidir ki, son 18 ildə 200-ə yaxın müxtəliftəyinatlı səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ən ucqar dağ kəndlərində belə, kompleks şəkildə aparılan tikinti-quruculuq işlərinin tərkibində yeni yaradılmış səhiyyə ocaqlarının öz yeri var.
Sağlam həyat tərzində fiziki tərbiyənin rolunu yazının əvvəlində qeyd etmişdik. Muxtar respublikada müxtəlif idman müəssisələrinin yaradılması, idmanın kütləviliyinə nail olunması istiqamətində həyata keçirilən tədbirlərə dövlət səviyyəsində nəzarətin təmin edilməsi sağlam gələcəyə hesablanmış strateji xətt kimi dəyərləndirilməlidir.

Bəli, bütün bu qeyd etdiklərimiz muxtar respublikamızı sağlam həyat tərzi keçirmək istəyən insanlar üçün ideal bir məkana çevirir. Naxçıvanın təmiz havası, bol Günəş işığı, saf suları, təbii məhsulları və sakit təbiəti istənilən insanın sağlam həyat sürməsini təmin edəcək əsas amillərdir. Naxçıvanın təbii özəlliklərinin üzərinə dövlətin qurub-yaratdığı gözəllikləri də əlavə etsək, bu unikal məkanın təqdim etdiyi imkanları dəyərləndirməmək mümkün deyil. Naxçıvan sağlam həyatın təbii coğrafiyasıdır. Yaradılanlar isə bu coğrafiyanı daha da genişləndirir. Ancaq məni düşündürən budur ki, görəsən, muxtar respublika rəhbərinin sağlam həyat tərzinin təbliğ edilməsi yönündə həyata keçirdiyi tədbirləri bu yurdun sakinləri olaraq öz həyatımızda tətbiq edə bilirikmi? Düşünməyə dəyər.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR