22 Dekabr 2024, Bazar

– Buyurun, özünüz haqqında məlumat verin.
– Ali təhsilliyəm, hərbi xidmətdə olmuşam, ixtisasıma uyğun iş axtarıram.
– O zaman zəhmət olmasa, bu blankı doldurun.
...Sonra ixtisasa və kompüter biliklərinə dair bir neçə sorğu-sual... və qiyabi olaraq ilk gəlinən nəticə: “Qeyri-kafi”.
İnanıram ki, bu dialoq çoxlarına tanışdır. Elə əsl özünümüdafiə bundan sonra başlayır. Tipik və standart düşüncələrin məhsulu olan “yəqin ki, nəsə umurlar”, “elə isə niyə əziyyət çəkib ali təhsil alırdım?” və yaxud “mütləq tanış lazımdır” kimi yanaşmalar təəssüf ki, gündəlik həyatımızda qarşılaşdığımız situasiyalardandır. Belələri üçün illah ki, “Həsən­ağanın qohumu olmaq” şərtdir. Doğrudur, mən kosmosdan gəlməmişəm, işəgötürmə ilə bağlı prosedurlarda bəzən bu cür hallarla qarşılaşan vətəndaşları da istisna etmirəm. Ancaq bu, kütləvi hal deyil və bu vəziyyət heç kimə “işsizlik baş alıb gedir” və ya “heç yerdə iş yoxdur” deməyə də əsas vermir.
İndi isə gəlin qarşımıza papaq da olmasa, dəftərdən-qələmdən bir şey qoyub fikirləşək və fikirləşdikcə də özümüz üçün cızma-qara edək. Hələlik, məşğulluq problemlərinin həlli ilə bağlı statistik rəqəmləri sadalamaq və bunları kiməsə qəbul etdirmək fikrindən uzağam. Bunları qeyd edəcəyəm, ancaq bir azdan.

Əvvəlcə başlayaq özünü həyata hazırlamaqdan. Təbii ki, hər bir gənc özünə həyatda bir yol seçir. Kimisi özünə uyğun bir peşəyə yiyələnmək, kimisi ali təhsil almaq istəyir, kimisi öz biznesini qurur və sair. Yəni hədəf müəyyənləşdirir və başlayır öz hədəfinə doğru yavaş-yavaş addımlamağa. Məqsədli olmaq həyatda hər şeyə nail olmaq deməkdir. Bu da doğrudur ki, həyatda hər kəsin alitəhsilli olması və ya hər kəsin peşə təhsili alması mümkünsüzdür. Çünki insanlar fərqli xarakter və xüsusiyyətlərə malik olduğu kimi, arzu və düşüncələr də fərqli olur. Məsələ burasındadır ki, müasir dövrdə ali təhsil almaq, sanki “dəbə” çevrilib. Mövzudan uzaqlaşmadan onu qeyd edim ki, düşüncəmizə hakim kəsilmiş bu fikirlərdən hələ də yaxa qurtara bilməmişik. Hamımız kütləvi diplom yürüşünə çıxmışıq. Nəticə də ondan ibarətdir ki, ali təhsili birtəhər başa vurub qurtardıqdan sonra “yaxşı yerdə” işləmək üçün özümüzə “haqq” qazandırır, əgər buna nail ola bilmiriksə, deyirik ki, “iş yoxdur”. Mükəmməl ali təhsil almaq, öz ixtisasına uyğun bilik və bacarıqlara yiyələnmək üçün çox çalışmaq lazımdır. Keçmişdən fərqli olaraq, müasir dövrün öz tələbləri var. Diplom əldə etmək hələ tam ali təhsilə malik olmaq demək deyil. Müasir gənc həm də tələbata uyğun xarici dillərə yiyələnməli, informasiya texnologiyalarının yeniliklərinə bələd olmaqla yanaşı, ondan yetərincə istifadə etməyi, sağlam düşünüb mükəmməl qərarlar verməyi bacarmalı, daim özünü təkmilləşdirməlidir. Yəni “kamil bir palançı olmaq” istənilən dövrdə özünü doğruldub. Yetər ki, həyatda seçdiyin hədəf və o hədəfə doğru addımlamaq üçün potensialın olsun.
İndi isə keçək, necə deyərlər, ali təhsili olmayan və ya bu sahədə “bəxti gətirməyən” işaxtaranlara. Məlumat üçün deyim ki, son illərə qədər muxtar respublikada gənc əhalinin bu hissəsinin müxtəlif peşələrə yiyələnmək imkanlarının məhdud olması, həqiqətən, müəyyən çətinliklər yaradırdı. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə müəyyən müddət peşə təhsilinə olan biganə münasibət, təbii ki, bu sahədə kadr boşluğuna gətirib çıxarır və məsələnin müsbət həlli bir çox elmi dairələrdə ciddi müzakirələrə səbəb olurdu. Bir çoxları peşə tədrisinin aktuallığını müdafiə edirdisə, digərləri, ümumiyyətlə, bunun ləğv olunmasının tərəfdarı idi. Ancaq sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə atılan addımlar hazırda öz bəhrəsini verməkdədir. Naxçıvan Regional Peşə Tədris Mərkəzinin yaradılması nəinki müasir dövrün peşə tələblərinə uyğun, hətta unudulmaqda olan müxtəlif sənətkarlıq sahələrinin yaşadılmasına və bu sahədə sənətkar-kadrların hazırlanmasına da öz töhfəsini verməkdədir. Bu tədris mərkəzini bitirən məzunların çoxu indi müxtəlif istehsal müəssisələrində, özəl sektorda, mədəniyyət və xidmət sahələrində çalışırlar.
Nəzərə alaq ki, müasir dövrdə bazar iqtisadiyyatının öz tələbləri var. Dünyanın heç bir yerində “Gəl bu sənətə yiyələn, bu təhsili al, səni işlə təmin edəcəyik!” fəlsəfəsi yoxdur. Bu düşüncə var ki, işləmək üçün seçdiyin sahənin incəliklərinə bələd olmalısan. Hətta dünyanın ən tanınmış məşhur şirkətləri belə, ilkin potensialı olmayan, gələcəkdə ona heç bir yenilik verə bilməyən (təhsil səviyyəsindən asılı olmayaraq) gənc kadrlara maraq göstərmir, ona investisiya ayırmağı düşünmür. Bunu həmin şirkətlərin nizamnaməsinə uyğun işə qəbulla bağlı tərtib etdikləri prosedur qaydalardan da görmək mümkündür. İnanmayanlar bunu internet-sorğu vasitəsilə istənilən tanınmış şirkətə göndərə bilərlər. Lakin 3-5 illik iş təcrübəsinə malik olmayanların bunu etməsini məsləhət görmürəm.
Buradan belə nəticəyə gəlmək mümkündür ki, bilik və bacarığın vəhdəti işaxtaran üçün əsas amil olmalıdır: necə deyərlər, İŞ=BİLİK+BACARIQ. Əgər bu bir tamlıq təşkil etmirsə, kimisə ittiham etmək düzgün deyil.
İndi isə yazının əvvəlində qeyd etdiyim muxtar respublikada, Naxçıvan şəhəri də daxil olmaqla, rayonlar üzrə işçi kadrlara olan ehtiyaca nəzər yetirək. Əvvəlcə qeyd edim ki, bu sahə ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri məşğul olur. Hər il regionda əhalinin məşğulluğunun təmin edilməsində mütəmadi olaraq keçirilən əmək yarmarkaları mühüm rol oynayır. İşin məğzi ondan ibarətdir ki, rayon məşğulluq mərkəzləri tərəfindən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanır və bu məlumatlar həmin yarmarkalarda işaxtaranlara təqdim edilir. Məsələn, ötən il Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən şəhər və rayonlarımızın hər birində 3 əmək yarmarkası keçirilib, bu yarmarkalara 380 müəssisə tərəfindən 3766 boş iş yeri çıxarılıb, 891 nəfər özünə iş yeri tapıb, 17 nəfər peşə hazırlığına göndərilib, 95 nəfər ictimai işə cəlb olunub.
2013-cü ilin ötən dövründə isə muxtar respublikanın şəhər və rayonlarının hər birində aprel, iyun, avqust aylarında olmaqla, 3 əmək yarmarkası keçirilib. Yarmarkalara 446 təşkilatdan 4326 boş iş yeri çıxarılıb, 739 nəfər işlə təmin olunub, 7 nəfər peşə hazırlığına göndərilib, 95 nəfər ictimai işlərə cəlb edilib. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən yarmarkaya 606 iş yeri çıxarılıb, 16 nəfər işlə təmin olunub. Naxçıvan Regional Peşə-Tədris Mərkəzində 8 ay ərzində 12 peşə üzrə təşkil edilmiş hazırlıq kurslarını 121 nəfər bitirib. Onların hamısı işlə təmin edilib.
Statistik mənzərədən də aydın olur ki, əmək yarmarkalarına çıxarılan boş iş yerlərinə göndərilənlərlə bərabər, yeni kadrlara da xeyli tələbat var. Yəni keçirilən hər əmək yarmarkasında istər özəl, istərsə də dövlət müəssisələrindən tələb olunan iş yerlərinə kadr təminatı tam ödənilmir – işləmək istəyənlərə ehtiyac var!
Əmək yarmarkalarının əsas üstünlüklərindən biri də odur ki, işaxtaran vətəndaş fərdi olaraq hansısa idarə və təşkilatı gəzib iş axtarmır. Hər kəs öz sahəsinə uyğun münasib işə yönləndirilir. Yazını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi fikirlərlə yekunlaşdırırıq: “İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır”.
İşinizin avand olması diləyi ilə...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR