Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədi əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən şəhid ailələrinin, tənha ahılların, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsindən ibarətdir. Əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına impuls verən başlıca tədbirlərdən biri sosial müavinətlərin tətbiqidir. Sosial müdafiə sahəsində aparılan islahatların davamı olaraq, 2006-cı il 7 fevral tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunda göstərildiyi kimi, sosial müavinətlər əmək pensiyası almaq hüququ olmayan, ayrı-ayrı kateqoriyadan olan insanlara sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, ötən müddət ərzində sosial müavinətlərin məbləği 2,5 dəfə artırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə” Fərmanına əsasən, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Fərmanına əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği atırılaraq 200 (iki yüz) manat, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Fərmanına uyğun həmin təqaüdün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat məbləğində müəyyən edilmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanı ilə aylıq və birdəfəlik müavinətlərin məbləği artırılmışdır. Belə ki, yaşa görə müavinət 60 manat, ümumi səbəbdən əlilliyə görə müavinət I qrup əlillərə 67 manat, II qrup əlillərə 50 manat, III qrup əlillərə 43 manat, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirən, “1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar” I qrup əlillərə 83 manat, II qrup əlillərə 66 manat, III qrup əlillərə 60 manat müavinət veriləcəkdir. Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” baş verdikdə I qrup əlillərə 77 manat, II qrup əlillərə 66 manat, III qrup əlillərə 50 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 67 manat, ailə başçısını itirməyə görə 55 manat, “Müharibə veteranı” adı almış şəxslərə 37 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 55 manat, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 50 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 45 manat, şəhid uşaqlarına 17 manat, müharibə əlilləri, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına 12 manat məbləğində aylıq müavinət, radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün 195 manat, uşağın anadan olmasına görə 90 manat, dəfn üçün 120 manat məbləğində birdəfəlik müavinət ödəniləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli orqanlara müvafiq göstərişlər verilmiş, sentyabr ayından vətəndaşlara təqaüdlərin və müavinətlərin artırılmış məbləğdə ödənilməsi təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti