22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə dünən Babək Rayon Mədəniyyət Evində “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
“Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” ölkəmizdə gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm dövlət sənədidir. Bu fundamental siyasi, iqtisadi, elmi əsaslara söykənən mühüm dövlət sənədinin bazasında gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, ailə vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində çoxşaxəli tədbirlər planı dayanır. Vurğulanmışdır ki, muxtar respublikada ailə dəyərlərimizin qorunması, gənc nəslə təbliği dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə müxtəlifsəviyyəli tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar yaradılır. Bu səpgidə əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirici tədbirlərin, ictimai dinləmələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Sağlam və yetkin gənclərin yetişməsi üçün idmanın inkişafına, gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsinə xüsusi diqqət yetirilir. Gənc ailələrə sosial sahədə müəyyən imtiyazlar verilir.

“Müasir ailə modeli – ailədaxili münasibətlərin tənzimlənməsi əsas faktor kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd etmişdir ki, cəmiyyətin əsas özəyi olan ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələrinin dərk edilməsi prinsiplərindən ibarət olduqda daha da möhkəm olur. Bildirilmişdir ki, ailə dəyərlərimizin əsasını ailədaxili münasibətlər təşkil edir. Bu münasibətlərin düzgün qurulması üçün ailə üzvləri bir-birlərinə hörmət və ehtiramla yanaşmalıdırlar. Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailədə səmimi münasibətin, hörmətin, mehribanlığın yaranmasına səbəb ailə üzvlərinin gözəl əxlaqa sahib olmalarıdır. Unutmamalıyıq ki, ailənin uzunömürlü olması bilavasitə ailə dəyərlərinə hörmətlə bağlıdır. Bunun üçün, hər şeydən əvvəl, valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, övladlarına onlar ailə qurduğu zaman düzgün yol göstərməlidirlər. 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Ailə münasibətlərinin hüquqi əsası” mövzusunda çıxış etmişdir.
Dəyirmi masada “Zərərli vərdişlərin ailə münasibətlərinə mənfi təsiri” mövzusunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyev, “Yeniyetmə və gənclərin sosial aktivliyinin təmin edilməsi” mövzusunda Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Abbasov çıxış edərək yetkinlik yaşına çatmayanların zərərli vərdişlərə meyil etməsinin, uşaq əməyi istismarının, valideynlər tərəfindən uşaqların nəzarətsiz qalmasının ailə faktoruna mənfi təsirindən danışmışlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR