Avqust ayının ilk günündən etibarən dağlar qoynunda, təbiətin ən gözəl guşələrindən birində yerləşən Ağbulaq kəndindəki istirahət mərkəzində sayca üçüncü olan Gənclərin Yay Universitetinin məşğələlərində iştirak imkanı əldə etməyim mənim üçün bir neçə yönü ilə faydalı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan GənclərinYay Universitetinin məşğələləri 8 gün davam etdi. Qeyd etmək yerinə düşər ki, istirahət mərkəzində gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunmuşdu.
…Hər bir insan müəyyən bir həyat istiqaməti seçərək həmin yol ilə hərəkət edir. Yol düzgün seçiləndə isə uğurlu nəticə əldə edilir. Növbəti Yay Universitetində iştirak edən gənclərlə söhbət zamanı belə qənaətə gəlirəm ki, buradakı hər bir gənc yolunu düzgün seçib. Bu yol Vətən, xalq, dövlət, elm, təhsil, tərəqqi, bir sözlə, Heydər Əliyev yoludur. Bu yola onları heç kim istiqamətləndirməyib, onlar sağlam düşüncə ilə düzgün yolu seçiblər. Onlar bilirlər ki, hər bir vətəndaş, eləcə də gənc onun üçün yaradılmış əlverişli mühitdən düzgün istifadə etməli, ətrafında baş verən proseslərdən doğru nəticə çıxarmalı, belə demək mümkünsə, yıxıcı deyil, qurucu olmalıdır.
Yay Universitetinin ən yaddaqalan məqamlarından biri də keçirilən məşğələlər oldu. “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda Naxçıvan Dövlət Universitetinin müəllimi Elbrus İsayev tərəfindən keçilən mühazirə bizim bilmədiyimiz bir çox məqamları ortaya çıxardı”. Bunu Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Turac Ağəliyeva deyir. Nazirliyin gənc əməkdaşı onu da bildirir ki, bugünkü gəncliyin bir nümayəndəsi kimi dahi rəhbərimizin həyat yolunu nümunə tutur, onun görmək istədiyi Azərbaycan gənci olmaq üçün hər zaman səy göstərir, çalışır, öyrənir.
Gənclərin Yay Universiteti çərçivəsində “Azərbaycan həqiqətləri: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq müstəvidə” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri Emin Şıxəliyevin mühazirəsini də gənclər maraqla dinlədilər. Sonra diskussiyalar başladı və məşğələdə yekdil bir fikrə gəlindi ki, Azərbaycan regionda sülhün bərqərar olunmasının fəal tərəfdarıdır. Bütün məsələlərdə Azərbaycan milli təhlükəsizlik mənafeləri mövqeyindən çıxış edir. Ölkəmizdə həyata keçirilən siyasət milli mənafelərimizə uyğundur və dövlətimizin milli təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
Gənclərin Yay Universitetində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyini təmsil edən Canməmməd Canməmmədovla söhbət zamanı o qeyd etdi ki, 1995-ci ildən ötən dövr ərzində gənclərin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da gənclərin bütün sahələrdə böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Bundan başqa, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənclərlə iş siyasəti sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsi Şənay Tağıyevanın dediklərindən: – Ağbulaq İstirahət Mərkəzində təşkil edilən Gənclərin Yay Universitetində iştirak etdiyim müddət, bəlkə də, həyatımın ən yaddaqalan günləri olacaq. Açığını deyim ki, il boyu keçilən dərslərin və stresli imtahanların yorğunluğunu burada keçirdiyim bir neçə gündə ata bildim. Burada muxtar respublikanın müxtəlif ali təhsil ocaqlarından, idarə və təşkilatlarından gəlmiş gənclərlə tanış oldum, onlarla fikirlərimi bölüşdüm. Keçilən mühazirələr də mənim üçün faydalı və maraqlı oldu. Ən əsası isə o idi ki, bu mühazirələr auditoriyada olduğu kimi təktərəfli yox, diskussiya şəraitində keçilirdi və biz mühazirələrə ayrılan vaxt ərzində Qarabağ münaqişəsinin bugünkü reallıqları, ailə-məişət məsələləri və milli dəyərlərimizlə bağlı suallarımıza cavab tapa bildik. Ona görə də bu tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Muxtar respublika gənclərinin cəmiyyətin və dövlətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatındakı iştirakı barədə fikirlərini bildirən Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov deyir ki, gəncliyin bir nümayəndəsi olaraq ölkəmizdə, eləcə də muxtar respublikada baş verən prosesləri bilməyə, öyrənməyə, dərk etməyə və gənclər hərəkatının fəal üzvü olmağa çalışır. İndi gənclərdən bircə şey tələb olunur – özlərinə qarşı tələbkarlıq və daim öz üzərində işləmək. Hər gənc kimi, o da yaxşı bilir ki, qarşımızda duran vəzifələrin həyata keçirilməsi eyni zamanda bizim hər birimizin imkanlarının gerçəkləşdirilməsi deməkdir. Ölkənin ən qısa dövrdə yeni zirvələrə çatması üçün gənclər maksimum səy göstərməlidirlər.
Ümumiyyətlə, son zamanlar gənclər nəyə qadir olduqlarını sübut edir, yeni və səmərəli layihələr reallaşdırır, təmsil etdikləri ölkənin daha da inkişafı və rifahı üçün böyük səy göstərirlər. Ölkəmizdə bu proses sürətlə gedir. Ağbulaq İstirahət Mərkəzində təşkil edilən Gənclərin Yay Universitetində gördüklərim də belə deməyə əsas verir ki, bu gün muxtar respublika gəncliyi çox şeyə qadirdir. Gənclər müasir texnika və texnologiyaları yaxşı mənimsəyib, xarici dil bilir, dünyada baş verən prosesləri gözəl dərk edir, keçmiş, bu gün və gələcək arasında analiz aparmağı bacarır, yeniliyə, novatorluğa doğru can atırlar. Ən əsası isə vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq, enerjili, təşəbbüskardırlar. Belə gənclərlə, necə deyərlər, dağı dağ üstə qoymaq olar. Gəncliyin bu səviyyədə inkişafı “XXI əsr gənclərin əsridir. Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycanı gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir. Gənclərin vəzifəsi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf etdirməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətinin ölkəmizdə, eləcə də muxtar respublikamızda dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub. Bunun qarşılığında hər bir gənc ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiqlik göstərməli, açıqfikirli, tələbkar, yenilikçi olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”. İndi tam əminliklə demək olar ki, ən gözəl gələcək gəncliklə gələcək.
Səbuhi HÜSEYNOV