Muxtar respublikada fiziki imkanları məhdud vətəndaşların aktiv istirahətini təşkil etmək məqsədi ilə ardıcıl tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq, avqust ayının 21-22-də Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud 10 rəssamın istirahəti təşkil olunub. İki gün davam edən istirahət çərçivəsində muxtar respublika təbiətinin tərənnümü ilə bağlı rəsm əsərləri çəkilib. Bu rəsm əsərlərinin ən yaxşıları avqustun 25-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Yay etüdləri” adlı sərgidə sərgilənəcək.
Məlumat üçün bildirək ki, bu günədək fiziki imkanları məhdud vətəndaşların bir neçə dəfə adıçəkilən istirahət mərkəzində istirahəti təşkil olunub, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. Belə ki, 9-10 avqust tarixlərində 35 nəfər 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində 2 günlük istirahəti çərçivəsində onlar arasında çərpələng müsabiqəsi təşkil edilib, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. İstirahət mərkəzində ifaçıların 2 günlük istirahəti təşkil edilib. 16-17 avqust tarixlərində isə 40 nəfər paralimpiyaçının mərkəzdə istirahəti təmin olunub, onlar arasında mini-futbol üzrə birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti