Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsi tərəfindən rayonun Qıvraq Qəsəbə Mərkəzində keçirilmişdir. Tədbiri Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Nəcəfov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Kəngərli Rayon Şöbəsinin əməkdaşları Sədrəddin Babayev, Fizuli Əsgərov və Aqşin Əliyev çıxış edərək məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi ilə bağlı məsələlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, işəgötürənlərlə işçilər arasında tənzimlənən münasibətlərdən ən vacibi məhz işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi kimi zəruri sosial sığorta hadisələrindən yararlanmaları üçün işləyənlərin məcburi dövlət sosial sığortasına cəlb olunmasını təmin etməkdir. Bütün işləyən vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsinə maraqlı olmalıdırlar. Əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması gələcəkdə onları pensiya hüququndan və digər sığorta hadisələri zamanı sığorta ödəmələrindən məhrum etmiş olacaq.
Bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə torpaq mülkiyyətçiləri də gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar. Çünki ödənilmiş məcburi dövlət sosial sığorta haqları onlar üçün fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənir və gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcək.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti