Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi tərəfindən rayonun Dəstə Kənd Mərkəzində keçirilmişdir. Tədbiri Dəstə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məmməd Quliyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, şöbənin əməkdaşı Feyzulla Əkbərov isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi ilə bağlı məsələlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün rəsmiləşdirilməsinə nail olmalı, bunu işəgötürəndən tələb etməli, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını təmin etməlidirlər. Vaxtlı-vaxtında və düzgün məbləğdə ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşlara sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablarda toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da vətəndaşın pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır. Fərdi şəxsi hesabda toplanan pensiya kapitalı çox olarsa, vətəndaşın alacağı pensiyanın məbləği də çox olacaqdır.
Tədbirdə könüllü sosial sığortanın əhəmiyyəti barədə də iştirakçılara məlumat verilərək bildirilmişdir ki, gələcəkdə bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada əlavə sığorta haqqı ödəməklə sığorta oluna biləcəklər. Bu da həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir. Tədbirdə vurğulanmışdır ki, əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması gələcəkdə onları pensiya hüququndan və digər sığorta hadisələri zamanı sığorta ödəmələrindən məhrum edəcəkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti