Bu gün bütün dünyada geniş tətbiq olunan POS-terminalların həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalı olduğu haqda tez- tez söhbət açılır.Bəs muxtar respublikada bu terminalların quraşdırılması ilə bağlı vəziyyət necədir? Bununla bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevlə söhbət etdik:
– Hazırda muxtar respublikada POS-terminalların quraşdırılması işləri necə gedir və vergi orqanları öz üzərinə düşən işləri necə həyata keçirir?
– 2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən POS-terminalların tətbiqi, onlardan səmərəli istifadənin təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
Qeyd edək ki, ilk olaraq yerli vergi orqanlarında POS-terminalların tətbiqi və istifadəsi ilə bağlı nəzarət-təşkilati qruplar yaradılıb. POS-terminal tətbiq ediləsi obyektlər müəyyənləşdirilib, onlara POS-terminalların tətbiqi ilə bağlı bildirişlər göndərilib, ayrı-ayrı dövrlərdə vergi ödəyiciləri ilə maarifləndirici seminar-məşğələlər keçirilib və nağdsız ödənişlərin əhəmiyyəti barədə ödəyicilərə geniş məlumatlar verilib. Bu tədbirlər tərəfimizdən mütəmadi olaraq davam etdirilir. Belə ki, görülən işlər nəticəsində 2013-cü ilin ilk 6 ayı ərzində 109 ədəd POS-terminalın iri ticarət, iaşə və digər xidmət obyektlərində quraşdırılmasına və vergi orqanlarında qeydiyyatdan keçirilməsinə nail olunub.
– POS-terminallardan istifadənin genişləndirilməsi üçün hansı tədbirlər görülüb?
– Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi sahəsində müvafiq işlər görülür. Belə ki, yerlərdə seminar-məşğələlər aparılıb, nağdsız hesablaşmaların üstünlükləri, POS-terminallar və ödəniş kartlarından istifadə qaydaları ilə bağlı maarifləndirici buklet hazırlanıb, onun vergi ödəyicilərinə çatdırılması təmin edilib. Bu proses davamlı xarakter daşıyır və yaxın zamanlarda ictimaiyyətin daha geniş təbəqələrinin məlumatlandırılması üçün POS-terminallardan və plastik kartlardan istifadə ilə bağlı reklam çarxlarının hazırlanaraq təqdim olunması nəzərdə tutulur. Bundan başqa, əhalidə POS-terminallardan istifadə mədəniyyətinin gücləndirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində təbliğat aparılır.
– Əhalinin POS-terminallardan istifadəyə münasibəti necədir?
– Bu gün nağd hesablaşma ilə müqayisədə ödəniş kartı vasitəsilə aparılan əməliyyatlar kart sahibinə çoxsaylı üstünlüklər verir. İnkişaf etmiş ölkələrdə ödəniş kartları gündəlik həyatda əvəzedilməz vasitədir və öz sahibləri üçün rahatlıq, səmərəlilik və təhlükəsizlik simvoluna çevrilib.
Muxtar respublikamızda isə əksinə, insanlar hələ də nağd pulla ödəniş aparmağa üstünlük verirlər. Bunun səbəbi plastik kartların azlığı deyil. Çünki Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin verdiyi məlumata əsasən, 1 iyul 2013-cü il tarixə muxtar respublika ərazisində 173 min 378 ədəd plastik kart var. Bu da onu göstərir ki, əhalinin əksəriyyəti plastik kart istifadəçisidir. Bu gün kartlardan bankomatlardan nağd pul çıxarılmasında istifadə olunur. Yəni vətəndaşlar kartla ödəmə aparmır, sadəcə, onlara ayrılan əməkhaqlarını və müavinətləri alırlar. Deməli, hələlik, vətəndaşlar pulu kartın içində yox, əllərində tutmaq və ya evdə “balınc altında saxlamağa” daha çox üstünlük verirlər.
– Necə düşünürsünüz, bu halın səbəblərindən biri də əhalinin azməlumatlı olması deyilmi?
– Təbii ki, bu da səbəblərdən biridir. Biz hər zaman vətəndaşlarla söhbətlərdə qeyd edirik ki, nağdsız ödəmə onları bir çox problemlərdən azad edir. Üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində deyilsən. Pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil. Bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Mobil rabitə, kommunikasiya, internet və digər xərcləri otaqdan çıxmadan ödəmək olar. İndi kartın oldusa, evində oturub öz səyahətini asanlıqla planlaşdırır, digər ölkədə hotel, aviabilet sifarişi edə bilirsən. Elə səyahət zamanı da kartların faydasını görənlər çoxdur. Xarici ölkələrdə olarkən gözlənilməyən xərclər yarananda kartdan nağd pul çıxarmaq olur.
Bütün bunlar bir kənara, nağdsız hesablaşmalar kart vasitəsilə həyata keçirilərkən bütün əməliyyatların dəqiq uçotunun aparılması mümkün olur. Bu zaman vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsi, şəffaflığın artırılması və sair məsələlər öz həllini tapır. POS-terminallardan istifadə əlavə olaraq ölkədə nağd dövriyyənin artmasının qarşısını alır və POS-terminal tətbiq edən müəssisələr bir sıra üstünlüklər əldə edirlər: ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün xırda pullara ehtiyacın yaranmaması, nağd vasitələrlə olan əməliyyatlarda iş yükünün azaldılması, inkassasiya xidmətlərinə olan ehtiyacın azaldılması, saxta pullarla hesablaşma riskinin aradan qaldırılması və sair.
– POS-terminallardan istifadəyə marağın artırılması istiqamətində daha hansı işlər görülür?
– Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planında infrastruktur imkanlarının genişləndirilməsi, inzibati tədbirlərin gücləndirilməsi, iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirlərinin artırılması ilə bağlı aidiyyəti orqanlara konkret tapşırıqlar verilib. Həmin Tədbirlər Planında POS-terminallardan istifadənin genişləndirilməsi ilə əlaqədar bir sıra vəzifələr müəyyənləşdirilib. Bu Tədbirlər Planının icrası qısa zaman ərzində bu sahədə ciddi dönüşün yaranmasına səbəb olacaq.
– Müsahibə üçün sağ olun!
Səbuhi HÜSEYNOV