22 Dekabr 2024, Bazar

İnsan ən ali sosial varlıqdır və o, bütün şüurlu fəaliyyəti boyunca dərin sosial məsuliyyət yükü daşıyır. Məhz bu məsuliyyətin motivləri əsasında tutduğu pillədən asılı olmayaraq, hər kəs ümumi idarəetmə proseslərində üzərinə düşən vəzifənin öhdəsindən gələrək ümumi inkişafa öz töhfəsini verməyə çalışır. Bu baxımdan həyatı və fəaliyyəti boyu ona rast gələ bilən riskli hadisələrə qarşı vaxtında sığortalanması təkcə insanın özü üçün deyil, eyni zamanda onun digərləri qarşısında daşıdığı sosial məsuliyyətdir. Çünki sığortaya laqeyd olmayan insanlar başqalarının başına gələn riskli hadisələrdən özləri üçün də nəticə çıxara bilirlər. 

İqtisadi və sosial həyat, təbiətlə sıx ünsiyyət müəyyən risklərlə müşayiət olunur. Çox vaxt bunu ilk addımdan proqnozlaşdırmaq mümkün olmasa da, baş verən dağıdıcı təbiət hadisələri, qəzalar və digər halların yaratdığı risklər insanları çıxılmaz vəziyyətə salır. Buna görə də yarana biləcək belə hallarda insana çox vacib olan maddi dəstəyi zəmanət altına almaq, yəni hadisədən vaxtında sığortalanmaq ən düzgün seçim, ən ağıllı ön tədbirdir. Bunun şüurlu olaraq həyata keçirilməsi isə illərlə çəkilən zəhmətin nəticələrinin boşa çıxmaması deməkdir. Odur ki, sığorta olunmağı da mühüm ictimai və mədəni tələbatlarımızdan biri kimi qəbul etməliyik.
Sığortalı yaşamaq insanın mühüm tələbatlarından biri olsa da, sığorta münasibətlərinin təşəkkül tapması cəmiyyətin ümumi inkişafının müəyyən bir mərhələsindən sonra mümkün olur. İlk olaraq sığortalı yaşamağın zəmanət altına alınması lazımdır. Ona görə də bu məsələdə dövlətə məxsus tənzimləmə qurumlarının geniş fəaliyyətinə ehtiyac duyulur. Çünki insanlar zəmanətli sığorta olunmaqla sabah ola biləcək riskləri belə qurumlara həvalə edərək öz gündəlik qayğıları ilə məşğul olurlar.

Digər bir vacib məqam isə sığorta sahəsində verilmiş bu zəmanətlərdən necə istifadə olunmasıdır. Başqa sözlə, buna etinasız yanaşmaq, sonra isə baş verə biləcək gözlənilməz və riskli hadisələr zamanı çıxılmaz vəziyyətə düşmək sığorta olunmağa laqeydlik, yaxud, sadəcə, məsuliyyətsizlikdir. Halbuki vaxtında görülməyən bütün işlərin sonraya saxlanılaraq onlara laqeyd münasibət göstərilməsinin insana necə baha başa gəldiyini yaxşı bilirik. Bəlkə də, işdə verilmiş tapşırığın icrasının yubadılması, yaxud evdə görülməli işə laqeyd yanaşılması nəticəsində yaranan problemlər daha sonra çəkiləcək əlavə zəhmət hesabına müəyyən mənada həll oluna bilər. Müəyyən dərəcədə çətinliklər yaratsa da, bir çox insan öz həyatı boyu belə hallarla rastlaşır. Belə ki, görüləcək işləri son günədək təxirə salmağa, sonra da bir saat daha möhlət istəyərək təşviş içində onun həllinə çalışmağa vərdiş etmiş insanlar hələ də var. Ancaq vaxtında sığorta olunmağa qarşı göstərilən laqeydlik bütün bunlardan tamamilə fərqli və daha ağır nəticələr verərək bədbəxt hadisə ilə üzləşmiş insanı, sözün əsl mənasında, meydanda tənha qoyan bir məsuliyyətsizlikdir. Çünki bədbəxt hadisənin nə vaxt, hansı gün və hansı şəraitdə gələcəyini heç kim deyə bilməz. Misal üçün, yolda avtomobil sürmək, yaxud tikintidə çalışmaq kimi hallarda risk ehtimalı müəyyən parametrlərlə əvvəlcədən bilinsə də, zəlzələnin nə vaxt olacağını hələ indiyə qədər heç kim qabaqcadan müəyyənləşdirə bilməyib. Ona görə də bir anda insanın cansağlığına xətər yetirən, on illər ərzində qurulanı bir neçə dəqiqədə məhv edən kortəbii gücə və bədbəxt hadisəyə qarşı da belə laqeydliklə yanaşıb ondan, necə deyərlər, möhlət istəmək çox gülünc görünür. Yaxşı olar ki, mənzilimizi təmir edəndə bəzək elementinə göstərdiyimiz diqqəti mənzilin sığorta müqaviləsinin vaxtında bağlanmasına da yetirək. Diqqət yetirək ki, üst mərtəbədəki məsuliyyətsiz qonşunun səhlənkarlığından mənzilimizi su basanda onun qapısını deyil, sığorta idarəsinin qapısını rahatlıqla döyə bilək. Çünki yalnız sığorta müqaviləsinə qoşulmuş şəxs hər hansı sığorta hadisəsi baş verdikdə sığortaçıya müraciət edə, hüquqlarını tələb edə bilər. Sığorta müqaviləsi insanın cansağlığını maddi təminat altına alan həyat sığortasından tutmuş evin, avtomobilin, digər əşyaların və maddi məsuliyyətin sığorta olunmasınadək müxtəlif sığorta münasibətləri zamanı sığortaçı ilə sığortaolunan arasında bağlanmaqla, göstərilən şərtlərlə razılaşaraq sığortaolunanı gələcəkdə onun başına gələcək riskli hadisə səbəbindən dəyən zərərə görə maddi təminat altına almaq məqsədi daşıyır. Buna dövlətin zəmanəti olduqda məsələnin bir tərəfinin həll olunduğunu düşünmək olar. Çünki sığorta fəaliyyəti məhz yüksək səviyyədə təşkil olunduqda edilən təkliflər müsbət qarşılanacaqdır. 
Məsələnin ikinci tərəfi – sığortaya münasibət isə həm maariflənmədən, həm də sığorta predmetinin riskli hadisə zamanı çəkə biləcəyi zərərlərə qarşı vətəndaşların daşıdığı məsuliyyətdən çox asılıdır. Düzdür, icbari sığortalar zamanı dövlət vətəndaşların sosial müdafiəsinin daha dolğun təşkili naminə qanunun tələblərinə uyğun olaraq bunun həllinə çalışır. Ancaq bəzilərinin sanki gündəlik qayğılara başı qarışaraq cansağlığını və yaşamaq üçün vacib olan əmlakını sığortalamağı “unutması” halında yaranan problemlər isə həm dövlət, həm də bədbəxt hadisədən zərərçəkmiş sığortasız vətəndaş üçün bir çox çətinliklər yaradır ki, bu da sığorta laqeydliyinin nəticəsidir.
Odur ki, gəlin gündəlik həyatda rast gəlinən riskli hadisələrdən zərərçəkənlərə bir də baxaraq bundan özümüz üçün nəticə çıxaraq və vaxtında sığorta olunmağımızı təmin edək.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR