22 Dekabr 2024, Bazar

Azərbaycanın sosial-iqtisadi inkişafının və müstəqil dövlət quruculuğunun əsası ötən əsrin 70-ci illərində qoyulduğundan iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının yaxşılaşdırılması da həmin dövrdən etibarən başlanmışdır.
Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi elan olunmuşdur. “Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev sovet dönəmindəki fəaliyyətinə qısa xarakteristika verməklə yanaşı, zamanın bütün anları üçün özünün dəyişməz üslubunu ortaya qoymuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir.
Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdur.

Ardını oxu...

Müasir dünyamızı mobil telefonsuz təsəvvür etmək mümkün deyil. İstədiyimiz an istənilən yerlə çevik əlaqə yaratmaqda bizə yardımçı olan mobil telefonlardan istifadə edənlərin sayı da bu qurğuların çeşidi kimi günbəgün artır. Hətta bu gün bəzi həvəskarlar var ki, 3 mobil telefondan istifadə edirlər. Lakin bu rahat kommunikasiya vasitəsinin funksiyaları artdıqca onun insanların səhhətinə, ətraf mühitə vurduğu zərər də çoxalır.
Avstriyada aparılan bir araşdırmada mobil telefonların baza stansiyalarının 350-400 metrlik məsafədə ekosistemə zərər verdiyi aşkara çıxarılıb. Texnikanın inkişafı ilə əlaqədar mütəmadi olaraq yeni telefon modellərinin istehsalı köhnə telefonların atılması ilə nəticələnir. Orta hesabla götürəndə 1 nəfər 18 ayda bir telefonu tullantı kimi atır. BMT-nin ətraf mühit proqramının yaydığı açıqlamada dünya üzrə elektron cihaz tullantı miqdarının 20-50 milyon tona çatdığı bildirilir. Açıqlamada o qeyd olunur ki, bu rəqəm hər il 5-8 faiz arasında artır. Bu da bütün dünya üzrə ətraf mühitə atılan zərərli tullantıların 5 faizini təşkil edir. Çində aparılan bir araşdırmaya görə isə mobil telefonların təşkil etdiyi elektron cihaz tullantıları 20-dən artıq ağır metalı özündə birləşdirir və ən təhlükəli zəhərli tullantılar sırasındadır. Qurğuşun da daxil olmaqla, bu maddələr ətraf mühit üçün yüksək təhlükəli maddələrdir. Elektromaqnit dalğaların yorğunluq, başağrısı, yuxusuzluq, depressiya və psixoloji sarsıntılara səbəb olduğu da alimlər tərəfindən aşkara çıxarılıb. Beynəlxalq Xərçəng Araşdırma Agentliyi mobil telefonlardan və baza stansiyalarından ötürülən radio dalğalarının yayıldığı elektromaqnit sahələri xərçəng yarada biləcək faktorlar qrupunda – 2B qrupunda yerləşdirib. Açıq sahələrə qurulan baza stansiyalarının təsir məsafəsi 50-200 metr arasında dəyişir. Buna görə də baza stansiyalarını məktəb, bağça və digər obyektlərin yaxınlığında qurmaq olmaz.

Ardını oxu...

Babək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uço­tun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
İdarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilən tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açaraq dövlətimizin sosial siyasətindən danışmışdır. Qeyd olunmuşdur ki, hazırda bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm islahatlar həyata keçiril­məkdədir. Bu islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilərək fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və müasir pensiya modeli yaradılmışdır.
Sosial sığorta qanunvericiliyinin izahı, könüllü sığortanın mahiyyəti və üstünlükləri, pensiyaların təyinatı və ödənişi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov, Zaur Qasımlı tədbir iştirakçılarına məlumat vermişlər. Bildirilmişdir ki, vətəndaşların sosial təminat hüquqlarının tənzimlənməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Sosial sığorta bu qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya xərclərinin kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Qanuna əsasən, məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Belə işçilər sığorta­olunan hesab olunurlar və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir. Bunun üçün sosial sığortaya cəlb olunan hər bir şəxs dövlət tərəfindən ona verilən sosial təminat hüquqlarının qorunmasında maraqlı olmalıdır.

Ardını oxu...

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxış edərək Ahıllar evinin qadın sakinlərini bayram münasibətilə təbrik edib, onlara uzun ömür və cansağlığı arzulayıblar.
Vurğulanıb ki, dövlətimiz tərəfindən qadınlara hərtərəfli diqqət və qayğı göstərilir, onların hüquqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində sosial xidmətlər göstərilir. Eyni zamanda tənha ahıl qadınların yaşayış sahəsində iməciliklər keçirilir, bu kateqoriyadan olan insanlar mütəmadi olaraq evlərində ziyarət edilir, onların qayğıları ilə maraqlanılır, zəruri sosial problemləri yerində həll olunur.
Tədbirdə Ahıllar evinin qadın sakinlərinə bayram hədiyyələri və gül dəstələri təqdim edilib.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində və rayonlarda Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahıl qadınlara baş çəkilib, onlara bayram hədiyyələri verilib.
Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Rektor, akademik İsa Həbibbəyli universitetin qadın əməkdaşlarını təbrik edərək ali məktəb tarixində onların rolundan danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Əsrlər boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə tariximizə parlaq səhifələr yazmışdır. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini qoruyurlar. XX əsrin ortalarından etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsinin təmin olunmasında mühüm rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova suallarımızı cavablandırır:

– Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 5 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərir. Ötən bu dövrdə komitənin gördüyü işlər nədən ibarət olub? İstərdim ki, söhbətimizə buradan başlayaq...
– Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə yaradılmış, 2007-ci il 25 oktyabr tarixli Fərmana əsasən, Əsasnaməsi təsdiq edilərək komitənin fəaliyyəti üçün konkret vəzifələr müəyyənləşdirilmişdir. Muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin etmək komitənin fəaliyyətinin əsas istiqamətləridir. Həmçinin öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının qorunmasını təmin etmək və onların pozulmasının qarşısını almaq komitənin əsas vəzifələrindəndir. Göründüyü kimi, komitə mühüm vəzifələri yerinə yetirir: dövlətin, cəmiyyətin özəyi olan ailələrin bütövlüyünü qoruyur, həssas zümrənin üzvləri – qadınların və uşaqların hüquqlarını müdafiə edir.

Ardını oxu...

Martın 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Şahbuz ra­yonunun Külüs kəndində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açaraq sığorta ma­arifçiliyinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, qəzetlərdə tez-tez rast gəlirik. Bu cür qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimuma endirmək üçün isə mexanizm var. Bu mexanizm sığortadır. Sığorta qəza, fəlakət, oğurluq və sair hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir.
Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru Nuran Xəlilov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərin mahiyyətindən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün muxtar respublikada təbii fəlakətlər və gözlənilməz fəsadlar nəticəsində əhaliyə dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri sığorta qurumlarıdır. Sığorta sığortalının və ya sığorta­olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

İstər şəxsi həyatda, istərsə də iqtisadi fəaliyyətdə insanları düşündürən əsas məsələlərdən biri də, şübhəsiz, zəmanətli gələcəyi təmin etmək, gözlənilməz hadisələrdən sığortalanmaqdır. Bu baxımdan insanların dar gündə bir-birinə kömək etməsi, bədbəxt hadisələrə birgə güc gəlməsi təbii və texniki risklərin yaratdığı vəziyyətlərdən ən yaxşı çıxış yoludur. Cəmiyyətin inkişafı və sığorta münasibətlərinin dərinləşməsi ilə insanları maraqlandıran suallara cavab verilməsi, başqa sözlə, sığorta maarifçiliyi də burada öz əhəmiyyətini göstərir. Son dövrlərdə muxtar respublikamızda bu sahənin inkişafına ayrılan diqqəti, insanların sığortanın müxtəlif forma və növlərinə olan marağını nəzərə alıb, baş verən sığorta hadisələri və onlara verilən təminatlar haqqında oxucularımıza məlumat vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik. Müsahibimiz agentliyin aparıcı mütəxəssisi  Hafiz  Hüseynovdur.

– Hafiz müəllim, sığorta hadisəsi nədir, onları digər riskli hadisələrdən necə ayırmaq olar?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Naxçıvan şəhər Əliabad qəsəbəsi, döngə 12, ev 25-də yaşayan Əhmədovlar ailəsinə baş çəkiblər. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanıblar. Ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib. Xüsusi qayğıya ehtiyacı olan ailə üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, bu tədbir 2013-cü il 4 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulan vəzifələrin icrası istiqamətində reallaşdırılan növbəti tədbirdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi rayonun Külüs kəndində “Məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbiri Külüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nemət Cəmiyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsinin müdiri Mürsəl Qənbərov, şöbənin əməkdaşları Əhməd Əliyev, Məzəddin Həsənov və Turab Quliyev məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mahiyyəti və əhəmiyyəti, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların plastik kartlarla ödənişinin üstünlükləri, fərdi uçot sistemi haqqında torpaq mülkiyyətçilərinə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunun 14-cü maddəsinə əsasən, bütün hüquqi şəxslər hesablanmış əməyin ödənişi fondunun 22 faizi, onların işlətdikləri işçilər isə hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi sahibkarlar fəaliyyət göstərdikləri sahəyə müvafiq olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz dərəcələri miqdarında məcburi dövlət sosial sığorta ayırmaları ödəyirlər.

Ardını oxu...

Bir neçə gün öncə izlədiyim 4 dəqiqəlik videoçarx haqqında uzun-uzadı düşünmüş, onu dostlarımdan birinə göstərmiş, izlədikdən sonra videoçarxın süjet xəttindən gəldiyi nəticəni soruşmuşdum. Rus kinematoqrafları tərəfindən çəkilmiş həmin videoçarxın məzmunu təqribən belə idi: oğlundan başqa kimsəsi olmayan dəmir yolu mühəndisi qatarlar çay üzərindəki körpüdən keçərkən dəmir yolunun hərəkətini tənzimləyir. Ənənəvi iş günlərindən birində dəmir yolu vağzalından körpüyə tərəf gedən ata oğlunu da özü ilə aparır. Atası ilə gedən uşağa vaqonlardan birinin pəncərəsindən bir qadın gülümsəyərək əl edir. 

Sonrakı kadrda isə sürətlə körpüyə yaxınlaşan qatar, mühəndisin fikirli halda qatarın hərəkətindən xəbərsiz çayın üzərindəki körpünü qaldırması göstərilir. Bir az aralıda oynayan uşaq isə qatarın sürətlə körpüyə doğru yaxınlaşdığını görür, yüyürərək körpünü yenidən aşağı endirəcək dəstəyi çəkmək üçün gedərkən ayağı sürüşür və körpünün enəcəyi istiqamətdə qurulmuş dəmir körpü oturacağının üzərinə düşür. Bu halın şahidi olan mühəndis ata seçim qarşısındadır. O ya körpünü endirərək qatardakı yüzlərlə insanın həyatını qurtarmalı, ya da oğlunun həyatını xilas etmək üçün qatarın çaya doğru yuvarlanması ilə barışmalıdır. Ata oğlunun həyatı bahasına körpünü endirir.­

Ardını oxu...

Qeyri-məşğul əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini yaxşılaşdırmaq üçün ötən il Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən 235 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, onlardan 229 nəfəri rayonun müxtəlif idarə, müəssisə və özəl qurumlarında daimi işlə təmin olunmuşdur. 20 nəfər isə rayonun kənd bələdiyyələri ilə bağlanmış müqavilə əsasında müvəqqəti məşğulluğun təmin olunması üçün ictimai işlərə cəlb edilmişdir.
İl ərzində qeydiyyatda olan işaxtaranların, xüsusilə də gənclərin dövrün tələbinə uyğun peşə hazırlığını təmin etmək üçün onlar Naxçıvan Regional Peşə Tədris Mərkəzinə müxtəlif kurslara göndərilmişlər. Kursları bitirən16 gəncin hamısı daimi işlə təmin olunmuşdur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar da daim diqqətdə saxlanılır. Qeyd edək ki, işsizlik statusunun verilməsində və işlə təmin olunmada bu kateqoriyadan olan vətəndaşlara üstünlük verilir. Belə ki, il ərzində qaçqın və məcburi köçkünlərdən, 20 yaşınadək əlillərdən 9 nəfər şəxs mərkəz tərəfindən daimi işlə təmin olunmuşdur.
İşaxtaran və işsiz vətəndaşlara iş tapmaqda, işəgötürənlərə isə ixtisaslı kadrların seçilməsində köməklik göstərmək məqsədilə rayonda 3 dəfə əmək yarmarkası keçirilmiş, həmin tədbirlərdə 95 nəfər özünə daimi iş yeri tapmışdır.

Xəbərlər şöbəsi

Cəmiyyətin inkişafı, əhali sayının artması, şəhərlərin sürətlə böyüməsi, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını, yeniləşdirilməsini tələb edir. Naxçıvanda da bu sahədə atılmış addımlar, ilk olaraq, geniş əhali təbəqəsinin gündəlik ehtiyaclarının ödənilməsində ən yüksək səviyyəyə çatmaq və regionun sürətlə inkişaf edən iqtisadiyyatının tələblərinə cavab verən müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaratmaq məqsədi daşıyır. İnsanlara nümunəvi xidmət göstərə bilmək üçün yeni nəqliyyat vasitələri ilə yanaşı, xidməti işçilərin də mövcudluğu vacib şərtlərdəndir. Bu gün muxtar respublikamızda sərnişindaşıma ilə məşğul olan sürücülərin nümunəvi, səliqəli geyimi sərnişindaşımanın səviyyəsinin yüksəldilməsi sahəsindəki intizamın bir hissəsidir.
Əhalinin daha çox istifadə etdiyi nəqliyyat xidməti növlərindən biri də taksi xidmətidir. Regionumuzun hərtərəfli inkişafı taksi xidmətinin də daha müasir, təhlükəsiz və nümunəvi səviyyədə təşkilini tələb edir. Muxtar respublikanın sakinləri və qonaqları münasib qiymətlərlə salonunda hər cür rahatlığı olan taksilərdən istifadə edərək öz nəqliyyat tələbatlarını ödəyirlər. Sevindirici haldır ki, taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələri muxtar respublikamızda istehsal olunur.

Ardını oxu...

Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 2010-cu ilin oktyabr ayından fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Burada belə uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə Bakı şəhərindən dəvət olunan təcrübəli müəllimlərin iştirakı ilə dərslərin keçilməsi də diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi Bakı şəhərindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimi Zərqələm İsmayılova mərkəzə dəvət olunub. Zərqələm xanımla redaksiyamızda görüşüb həmsöhbət olduq:

– Zərqələm xanım, Naxçıvana xoş gəlmisiniz. Gəlişinizin səbəbi aydındır...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları Babək rayonunun Nehrəm kəndində yaşayan aztəminatlı Məmmədovlar ailəsinə baş çəkmişlər. Aztəminatlı ailənin məişət, yaşayış vəziyyətləri ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara ərzaq payı, geyim və ev şəraitlərinin yaxşılaşdırılması üçün xalça verilmişdir.
Xatırladaq ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən növbəti tədbirdir.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Yazı hazırlayarkən ən çətini necə başlamaqdır. Yəqin ki, qələm əhlindən mənim kimi düşünənlər az deyil. Bu yazının mövzusu insanların bir-birlərinə qarşı müraciət forması və o formada müraciət etməyə əsas verən amillərin seçimidir. Əvvəlcə başıma gələn bir hadisəni danışım.
Bu yaxınlarda bəzi yoxlamalardan keçmək üçün xəstəxanaların birinə getmişdim. İş vaxtından kənar olduğundan sadə geyimdə idim. Həkimin qəbul otağına girəndə içəridə heç kimin olmadığını görüb sevindim ki, növbə gözləməyə gərək olmayacaq. “Sən saydığını say, gör fələk nə sayır” deyib atalar. Elə bu zaman kostyumlu, qalstuklu, üst-başı səliqəli bir adam arxamca otağa daxil oldu. Az əvvəl məni həkimin otağına aparmaq istəyən gənc tibb bacısı mənə tərəf dönərək: “Qaqaş, sən gözlə, müəllim girsin, sonra səni də yola salacam”, – dedi. Daha sonra isə həkimin otağına boylanıb: “Doxtur, hələ bundan sonra 1 dənə də xəstəniz var”, – deməsiylə elə bil başıma qaynar su tökdülər. Tibb bacısının “müəllim” deyə xitab etdiyi Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərindən biri idi. Məni narahat edən növbəmin kiməsə verilməyi və ya taksi sürücüsünün geyim formasını belə, tanımayan tibb bacısının davranışı deyildi. Nə də ki özümü taksi sürücüsündən səviyyəcə yüksək hesab etmirdim. İnsanları əşya kimi ədədlə sayan tibb bacısı yoxlanışdan keçmədən mənim xəstə olduğumu necə müəyyənləşdirdi görəsən? Niyə bir çoxumuz geyim tərzinə görə insana necə müraciət etməli olduğumuza qərar veririk? Axı mənim kostyum və ya sərbəst geyimdə olmağım heç də sosial statusumu, vəzifəmi, təhsil və elmi dərəcəmi müəyyənləşdirməyə əsas vermir. Nəyə görə fikirləşirik ki, kostyum geyinənlərə mütləq müəllim deyilməlidir, digərlərinə isə necə gəldi müraciət etmək olar? Söhbət, ümumiyyətlə, müraciət formalarından gedir. Dövrümüzdə ən çox istifadə edilən müraciət formalarına nəzər salaq: “Qardaş, qaqaş, dayı, əmi, müəllim, qohum, qağa, xala, bacı, nənə, xanım, müəllimə (hərçənd ki, bəzən qadına da müəllim deyilir) və sair”. İstisna hallarda bəy, cənab sözlərindən də istifadə edilir. Lakin bu sözlərlə müraciət hallarına o qədər də çox rast gəlmirik. Müraciət formalarının haralarda və hansı əsaslarla istifadəsinə də diqqət yetirək. Post Patrul Xidməti əməkdaşının sürücüyə yaxınlaşaraq: “Qardaş, burda maşın saxlama” deməsinin azmı şahidi oluruq? Qardaşlaşmaq, digərini qardaşı saymaq yaxşı haldır. Lakin hadisə yerində bir dəqiqə də qalmaq kifayət edəcək ki, bayaqkı “qardaş”ların mübahisəsinə şahid olasan.

Ardını oxu...

Məlumdur ki, keçən əsrin 90-cı illərinin dağıdıcı proseslərindən sonra Naxçıvan Muxtar Respublikasında ticarət sahəsində yaranan pərakəndəlik geniş miqyas aldı. Yəqin ki, 17-18 il bundan əvvəl muxtar respublikanın ticarət obyektlərini xatırlayanlar bunu təsdiq edərlər. Kim harda istəyir, orda dükan açırdı. Yöndəmsiz, ən adi tələblərə cavab verməyən ticarət obyektlərinin sayı yağışdan sonra çıxan göbələklər kimi artmaqda idi. Ona görə də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildi, yeni ticarət mərkəzlərinin, bazarların yaradılması işinə başlanıldı, muxtar respublikanın müxtəlif ünvanlarında böyük ticarət mərkəzləri istifadəyə verildi. Hətta ən ucqar kəndlərdə belə, xidmət mərkəzlərinin istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin göstəricisidir. Bəs yaradılan şəraitdən necə istifadə olunur? Konkret olaraq bir neçə  ticarət obyekti, bu obyektlərdə əhaliyə göstərilən xidmətin səviyyəsi barədə söhbət açmaq istəyirik. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Tumbul kəndində “Məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyəti və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbiri Naxçıvan şəhər Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əcəmi Tağıyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Yığıncaqda şöbənin əməkdaşları Vüqar Ağacanov, Amil Əliyev, Sabir Seyidov məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, mahiyyəti, fərdi uçot sistemi və başqa məsələlər barədə torpaq mülkiyyətçilərinə ətraflı məlumat vermişlər.

Ardını oxu...

Muxtar respublikada aztəminatlı ailələrin maddi-rifah halını yaxşılaşdırmaq istiqamətində atılan addımların bir hissəsini də sosial tədbirlər təşkil edir. Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə də bu barədə danışılmış və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq işlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Komitə bu vəzifələri yerinə yetirmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və yerli icra hakimiyyətləri ilə birgə muxtar respublikada yaşayan aztəminatlı ailələrin müəyyən edilməsi, onların sosial problemlərinin aradan qaldırılması məqsədilə tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur.
Adıçəkilən təşkilatların və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri Naxçıvan şəhəri, “İstiqlal” 105, ev 30-da yaşayan aztəminatlı Nağıyevlər ailəsində olmuşlar. Ailənin məişət, yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara ərzaq payı, geyim dəstləri və ev şəraitlərinin yaxşılaşdırılması üçün xalça verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü, 74 yaşlı ahıl qadın Südabə Nağıyeva ailələrinə göstərilən diqqət və qayğıya gö­rə dövlətimizə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında Naxçıvanın hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir. Bu məsələyə yazılarımızda bir neçə dəfə toxunmuşuq. Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə muxtar respublikamı­zın rəsmi portalı hesab edilən www.nakhchivan.az kimi. İki aydan çox apardığımız müşahidələrdən sonra ədalət naminə deyək ki, portalda yenilənən bir hissə var. Saytın xəbərlər bölməsi daimi olmasa da, müəyyən dövrdən sonra yenilənir. Lakin saytın digər bölmələrinə nəzər saldığımız zaman “yenilənmək” sözünün “y” hərfi də dilimizə gəlmir.

Ardını oxu...

Həyat sığortası bir sığorta növü kimi çox qədim zamanlardan məlumdur. Hələ qədim Roma dövründə insanlar cəmiyyətdə belə bir tələbatın vacibliyini dərk etmiş, müəyyən  sığorta cəmiyyətləri yaratmaqla bir-birlərinə kömək etmiş, orta əsrlərdən başlayaraq isə  ictimai-iqtisadi və sosial münasibətlərin mürəkkəbləşməsi ilə bu məsələ də aktuallaşmışdır. Hazırda isə həyat sığortası inkişaf etmiş ölkələrdə sığorta fəaliyyətinin ən geniş yayılmış növü kimi cəmiyyətdə mühüm idarəetmə vasitəsi, insanların bir-birinə və dövlətə inamının göstəricisi kimi çıxış edir. 

Həyat sığortası sığorta fəaliyyətinin iki mühüm istiqamətindən biridir. Əgər qeyri-həyat sığortası zamanı hər bir insan əmlakını, iqtisadi fəaliyyəti zamanı məsuliyyətini, eləcə də yol-nəqliyyat vasitələrində hərəkəti zamanı yarana biləcək riskli hadisələri sığortalayırsa, həyat sığortası zamanı müəyyən yaşa qədər insanın həyatını və sağlamlığını itirməsi ilə əlaqədar onun özünə və ya ailə üzvlərinə verilən ödəmələrlə həmin insanların sosial müdafiəsi məqsədi güdülür. Şübhəsiz, öz vətəndaşlarının zəmanətli həyat sürməsi və bununla da, stabil sosial vəziyyətin yaranması cəmiyyətin ən böyük qazancıdır. Çünki etibarlı sığorta təminatının bərqərar olması cəmiyyətdə hamının arzusunda olduğu rifah dövlətində yaşamağın ən vacib şərtlərindən biridir.

Ardını oxu...

Bu mövzuda Kəngərli rayonunda tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətinin akt zalında “Ailə kiçik dövlətdir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq tədbirin əhəmiyyətindən danışmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov çıxış edərək bildirmişdir ki, inkişaf etmiş demokratik dövlətlərdə sosial həyatın müxtəlif sahələrində əxlaqi amillərin rolunun artması ilə əlaqədar ailənin də ictimai rolu artır. Buna görə də sivil cəmiyyətlərdə əxlaq və hüquq normaları ailənin möhkəmləndirilməsinə yönəldilmişdir. Çünki cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır. Əgər ailənin təməli möhkəm olarsa, cəmiyyətdə də birlik möhkəm olacaqdır.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsep­siyası”nın yüksək səviyyədə icra olunması nəticəsində əmək pensiyalarının müntəzəm artırılması, pensiyaların vaxtlı-vaxtında, yəni ay daxilində mütərəqqi ödəniş vasitəsi hesab olunan plastik kartlarla ödənişinin həyata keçirilməsi mümkün olmuşdur.
Ölkəmizdə bazar münasibətləri sisteminin bərqərar olması əhalinin sosial müdafiəsi və pensiya təminatı sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini, beynəlxalq təcrübədə özünü doğrultmuş müasir sosial müdafiə sistemlərinin tətbiqini zəruri etmişdir. Hazırda ölkədə bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ən əsası isə yaşa görə əmək pensiyalarının baza və sığorta hissələrinin mütəmadi olaraq artırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2010-cu il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov bildirmişdir ki, sosial sahədə həyata keçirilən islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilmiş, fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və əhalinin maddi maraqlarını təmin edən müasir pensiya modeli yaradılmışdır.
Sosial sığorta qanunvericiliyinin izahı, könüllü sığortanın mahiyyəti və üstünlükləri, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi və izahı, pensiyaların təyinatı, ödənişi və müasir üsullarla həyata keçirilməsi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı fondun aparatının şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov, Zaur Qasımlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir. Məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi ilə işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi (kontraktı) üzrə çalışan işçilər sığortaolunan hesab olunur və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir. Ona görə də sosial sığortaya cəlb olunan hər bir şəxs dövlət tərəfindən ona verilən sosial təminat hüquqlarının qorunmasında maraqlı olmalıdır.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı insanların tibbi və sosial reabilitasiyalarının kompleks həlli, onların cəmiyyətə inteqrasiya olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır, bu qəbildən olan insanlara göstərilən xidmətlər getdikcə genişləndirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanların təhsil almalarının yeganə vasitəsi olan daktilo əlifbası – əl əlifbası üzrə təşkil etdiyi kurs bu tədbirlərin davamıdır.
Kursa mərkəzin mütəxəssisləri, həmçinin eşitmə və danışma məhdudiyyəti olan uşaqlar cəlb edilib. Kursun təşkilində məqsəd mütəxəssislərə və qeyd edilən kateqoriyadan olan uşaqlara Azərbaycan daktilo əlifbasının öyrədilməsidir. Kurs iştirakçılarına hərf, heca, söz və cümlənin əl barmaqlarının hərəkəti ilə oxunması və eyni zamanda mimika işarələri ilə göstərilməsi tədris olunur. Uşaqlar əl əlifbasını mənimsədikdən sonra normal oxuyub-yazacaq, əl barmaqlarının hərəkəti və mimika işarələri vasitəsilə bir-birlərilə ünsiyyət quracaqlar.
Fevral ayının 4-dən başlayan və bir ay davam edəcək kursu Bakı şəhərinin Nizami rayonundakı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimi Zərqələm İsmayılova aparır.

Xəbərlər şöbəsi

Bəşəriyyət tarixində sayca beşinci informasiya inqilabının baş verməsi ilə dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı informasiya axınının sürətlənməsinə səbəb oldu. Beşinci informasiya inqilabı 1969-cu ildə ARPANET-in işə salınması, fərdi kompyuterlərin meydana gəlməsi ilə başlandı. XX əsrin 90-cı illərinin ortalarından etibarən internet xidmətləri və infrastrukturunun inkişafı kütləvi informasiya vasitələri sırasına yeni bir sahənin – internet medianın da əlavə olunmasına səbəb oldu. Əvvəlcə müxtəlif informasiya agentliklərinin məlumatlarının internet üzərindən yayımlanması ilə başlanan proses zaman keçdikcə təkmilləşərək sadələşdi. Bu gün proseslərin inkişafı o həddə gəlib çatıb ki, artıq informasiyaların toplanması, yayılması ilə nəinki peşəkar jurnalistlər, hər kəs məşğul ola bilər. Son onillikdə baş verən bu cür dəyişmələr isə sosial media anlayışının artıq hər birimizin həyatının tərkib hissəsinə çevrilməsi ilə nəticələndi. Zaman keçdikcə sosial media nəinki bir zamanların əsas informasiya ötürücüləri olan kitab, qəzet, televizoru, bir çox hallarda hətta informasiya saytlarını da kölgədə qoyur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi münaqişə zamanı Gürcüstan KİV-lərinin faktiki olaraq hamısının, o cümlədən internet saytlarının sıradan çıxdığı zaman sosial media – bloqlar ənənəvi medianın funksiyasını öz üzərinə götürmüşdü. Hətta internet saytı işləməyən Gürcüstan Xarici İşlər Nazirliyi də məlumatları bloqlarda yerləşdirməyə başladı. Beləliklə də, digər kütləvi informasiya vasitələri kimi, sosial media vasitələrinin də dünyadakı informasiya müharibəsində gücü və əhəmiyyəti müəyyən edilmiş oldu.

Ardını oxu...

Saytın fəaliyyət göstərməsi tək bir region qəzetinin deyil, bütünlükdə Naxçıvan diyarının uğurudur

Hörmətli redaksiya! Əvvəlcə Naxçıvana böyük sevgilərimi göndərirəm və ürəyimdən keçənləri qəzet vasitəsilə muxtar respublika sakinləri ilə bölüşmək istəyirəm. Bildiyimiz kimi, bu gün internet sürətlə yayılmaqdadır. İndi istədiyimiz bir bölgə haqqında internet vasitəsi ilə anında məlumat ala bilirik. Açığını deyim ki, Naxçıvan haqqında o qədər də dolğun məlumat ala bilmirdim. Düzdür, müxtəlif internet saytlarından, qəzetlərdən, informasiya agentliklərindən məlumatlara sahib ola bilirdim, ancaq ətraflı və sistemli olmurdu. Bu günlərdə Bakıda yaşayan naxçıvanlı dostlarımdan biri mənə zəng elədi, ordan-burdan danışdıqdan sonra Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin internet saytının yaradıldığını dedi. İnternetdən axtardım və saytı tapdım. Düzdür, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bunu bəziləri adi bir məsələ saya bilərlər. Ancaq Naxçıvan üçün adi deyil. Ona görə ki, Naxçıvan blokada şəraitində yaşayır. Və haqlı olaraq hər kəs bura haqqında anında məlumata sahib olmaq istəyir. Naxçıvanda iştirak etdiyim simpoziumlardan sonra “Şərq qapısı” qəzetinə bir neçə dəfə müsahibə vermişəm. Həmin müsahibələr qəzetdə dərc olunandan bir neçə gün sonra Bakıda mənə çatdırılıb.

Ardını oxu...

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, Naxçıvan şəhərindəki 174 ictimai yaşayış binasının 7654 mənzili və 32 inzibati bina 10 mərkəzləşdirilmiş və 27 fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir. Yeni inşa olunan binalarla yanaşı, mövcud inzibati və ictimai yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar istilik şəbəkəsi ildən-ilə genişləndirilir. Ötən il fəaliyyət göstərən mərkəzləşdirilmiş qazanxanalardan 5-i sökülərək həmin qazanxanaların istiliklə təmin etdiyi inzibati və ictimai yaşayış binalarının ərazisində 11 fərdi qazanxana tikilib istifadəyə verilmişdir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətlərinin tunellər vasitəsilə çəkilişi təmin edilmişdir.
Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyəti təmin olunur. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, soyuq qış aylarında Naxçıvan şəhərində inzibati və ictimai yaşayış binalarının istiliklə təminatında heç bir problem yoxdur.
İstilik xətlərinə kənar müdaxilələrin qarşısının alınması məqsədilə İstilik Təsərrüfatı İdarəsi ilə Mənzil-İstismar idarələrinin əməkdaşları birgə vaxtaşırı reydlər keçirirlər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, riskli hadisələrdən sığortalanma işində qarşıya qoyulmuş vəzifələrin icrası, ilk növbədə, insanların rahat həyatının təmin olunmasına xidmət edir. Bu sahə üzrə əldə olunmuş nailiyyətləri təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə də görmək olar. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk ayında, ümumilikdə, sığorta haqlarının toplanmasında 28 faiz artım olmuşdur. Agentlikdən onu da bildirdilər ki, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində aparılan işlər bu il daha geniş şəkildə davam etdirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən səyyar tibbi-texniki heyət cari ilin ilk ayında bölgələrimizdə yaşayan, protez-ortopedik məmulatlara və texniki bərpa vasitələrinə ehtiyacı olan 58 nəfər məhdud fiziki imkanlıya, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 18 yaşınadək 9 uşağa xidmət göstərib. Məhdud fiziki imkanlı vətəndaşlarımıza evlərində baş çəkilərək ehtiyacı olan 7 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 3 nəfərin protezləri təmir edilib, 41 nəfər texniki bərpa vasitələri, o cümlədən 2 nəfər kreslo-veloaraba, 3 nəfər eşitmə aparatı, 36 nəfər əsa, qoltuqaltı və dirsəkaltı ağaclarla təmin olunub.
Nazirlik sağlamlıq imkanları məhdud uşaqların bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılması istiqamətində də tədbirləri davam etdirir. Belə tədbirlərdən növbətisi dünən məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilib. Bu tədbirdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar kompyuterlər vasitəsilə bilik yarışında iştirak ediblər. Muxtar respublikamızın şəhər və rayonlarından bu yarışa qatılan 20 uşaq 2 komandada bilik və bacarıqlarını sınayıb. Üç mərhələdən ibarət olan yarışda ilk üç yerin sahibləri mükafatlandırılıb, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi növbəti tədbir nazirliyin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimlərinin Ahıllar evinə getməsi olub. Onlar Ahıllar evinin sakinlərini müayinədən keçirib, ahıl vətəndaşlarımızın səhhəti ilə maraqlanıb, tibbi məsləhətlər veriblər. Texniki bərpa vasitələrinə ehtiyacı olan ahıl vətəndaşlarımızdan biri eşitmə aparatı, bir ahıl isə əsa ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
 mətbuat xidməti

Bu mövzuya toxunmaqda əsas məqsədim internet səhifələrindəki söhbət kanallarında vaxtını boşa keçirən insanlara bunun bir “xəstəlik” olduğunu xatırlatmaqdır. Əksər insanlar bunun “xəstəlik” olduğunun fərqində deyillər; əksinə, bunu sosiallaşma kimi başa düşürlər.
Bir az oturub düşünür, bu cür “xəstələri” anlamağa çalışıram. Çünki bir şeyi ittiham edərkən ilk olaraq onu dərk etmək lazımdır. Bu andan sonra mən də bu “xəstəliyə məruz qalan bir xəstə” rolunu oynayıram. Çətin olacaq, amma bunun, doğrudan da, bir xəstəlik olduğunu insanlara çatdırmaq üçün bu rolu “oynamalıyam”. Əlimdəki mobil telefonla bu “xəstələrin” “yatırıldığı xəstəxanaya” – söhbət (çat) saytına daxil oluram. Burada o qədər “xəstə” var ki, saymaqla bitməz. Mən də bir müddət buradakı “xəstələrlə” ünsiyyət qurmağa çalışıram. Söhbətlər məndə də saxta sevinclər yaratsa da, mənə təsir edə bilmir. Çünki bunun bir “xəstəlik” olduğunu əvvəlcədən bilirəm. “Bəs bunu bilməyənlər nə edəcəklər?” – deyə düşündüm və bu yazını qələmə aldım.

Ardını oxu...

Planetimizdə əsas radiasiya fonu təbii şüa mənbəyi hesabına yaranır. Təbii radiasiya mənbələri arasında ümumi radiasiya dozasına səbəb olan radon qazı birinci yerdədir. Adi radon maddəsi normal şəraitdə rəngsiz, dadsız, iysiz, təsirsiz qazdır. Həyat üçün təhlükəli ola bilər. Otaq temperaturunda ən ağır qazlardan biridir, havadan 7,5 dəfə ağırdır. O, yer qatının qalınlıqlarında mövcud olur və atmosferə tədricən yayılır. Amma öz-özlüyündə deyil, daha yüngül qazlar olan hidrogen, karbon qazı, metan, azot və başqalarına qarışaraq yayılır.
Son zamanlar alimlər aydınlaşdırmışlar ki, insanın radiaktiv şüalanmasına ən çox məhz radon qazı səbəb olur, radon qazı insanlar tərəfindən alınan şüalanmanın illik dozasının dörddə üçünü və təxminən bütün təbii mənbələrdən bu dozanın yarısını təşkil edir.

Ardını oxu...

Hər dəfə qar yağanda babamın mənə uşaqlıq vaxtlarımda dediyi sözlər yadıma düşür: qar bərəkətdir. Qar yağanda elə bilin ki, göydən bərəkət yağır. Qar yağırsa, deməli, ulu Tanrı bəndələrini sevir, onların ruzi payını göndərir. Çünki nə qədər çox qar yağarsa, ruzi-bərəkət o qədər çox olar. Zəmilər yaxşı göyərər, məhsul bol olar. Bulaqların suyu qurumaz, il boyu çağlayar, yazda da, qızmar yayda da çayların suyu azalmaz. Ona görə də qışın gözəlliyi qardır. Qar növbəti ilin məhsul sevincinin müjdəçisidir.

Bu gün səhər açılar-açılmaz qar yağmağa başladı. Fikir verdinizsə, hamının sevindiyini görmüsünüz. Qarın rəngi ağdır, ağ isə aydınlıq simvoludur. Qar yağanda sanki fikirlər də aydınlaşır. Simalara sevinc qonur. Uşaqların sevinci isə yerə-göyə sığmır. Məktəbə yollanarkən, dərsdən çıxıb evə qayıdarkən əlləri üşüyənədək, əlcəkləri islananadək qartopu oynayırlar.

Ardını oxu...

Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması təhlükəsizlik və sağlamlıq şərtlərinə tam cavab verən iş yerlərinin yaradılması məsələsini aktuallaşdırır.
Bu məqsədlə istehsal, emal və tikinti sahələrində kimyəvi qazların, rütubətin, tozlanmanın, səsin, işıqlandırmanın, şüalanmanın, istiliyin və digər amillərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Fiat” markalı müasir səyyar laboratoriya avtomobili ilə təmin olunub. Xidmətin əməkdaşları mövcud avadanlıqlardan istifadə qaydalarını mənimsəmək üçün Bakı şəhərində keçirilən təlim kurslarında iştirak ediblər.
Səyyar laboratoriya istehsal prosesində, kimyəvi məhsulların istehsalı və istifadəsi aparılan müəssisələrdə və qapalı iş sahələrində oksigen qazının, partlayıcı xassəyə malik metan qazının, zəhərli dəm, xlor, kükürd, azot və digər qazların səviyyəsinin ölçülməsini həyata keçirən doqquz ədəd “Toxi Rae” və iki ədəd “Ultra Rae-3000”, binalarda (ofislərdə, otaqlarda və sair) iş sahəsinin işıqlandırılmasını, qapalı müəssisələrdə mövcud hərarətin və rütubətin, səs səviyyəsinin, açıq hava şəraitində aparılan işlər zamanı ultrabənövşəyi şüaların, müəssisələrdə dəzgahların, boruların, mexanizmlərin, mühərriklərin hərarətini və sair amillərin səviyyəsini ölçən portativ avadanlıqlarla təmin olunub.

Ardını oxu...

Nə qədər qəribə olsa da, “keçid” sözü bizim tarixi taleyimizə çətin bir anlayış kimi yazılıb. Məsələn, Dərbənd keçidi, keçid hökuməti, keçid dövrü kimi. Dərbənd keçidini o zaman xatırlamışıq ki, şimaldan gələn işğalçı ordular o keçiddən istifadə edərək ölkəmizə daxil olublar. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən ağır məqamlarından biri “Kabinet böhranı” və yaxud “keçid hökuməti” kimi tarixə düşüb. Yaxud da SSRİ-nin dağılmasından sonra bir ictimai-iqtisadi formasiyadan digərinə, başqa sözlə desək, sosializmdən kapitalizmə transformasiya mərhələsini biz “keçid dövrü” adlandırmışıq. Bütün problemlərin də son izahını onunla bağlamışıq ki, biz “keçid dövrü”nü yaşayırıq. Bəlkə elə bu səbəbdəndir ki, keçidin “k” hərfini gördüyümüz yerdə ondan uzaq qaçmağa çalışırıq.

Məsələn, yollarımızda ağ xətlərlə işarələnmiş piyada keçidlərini qoyub yolun ortasından keçmək və qəza vəziyyəti yaratmamaq üçün səs siqnalından istifadə edən sürücüyə də “mədəniyyətsiz” demək bizim şakərimizə çevrilib. Bu, ayrı bir yazının mövzusudur. Bizim isə haqqında danışmaq istədiyimiz digər bir keçid var. Bəli, söhbət Naxçıvan şəhərindəki yeganə yeraltı keçiddən gedir. Əvvəllər keçidin bərbad halda olması yolun ortası ilə keçən piyadalara müəyyən qədər haqq qazandırma­mıza səbəb olurdusa, yaxın zamanlarda keçidin ən yaxşı formada yenidən qurularaq istifadəyə verilməsi piyadaların bəhanəsini aradan qaldırdı. İndi hər dəfə keçidin yanında dayanmış yol hərəkəti qaydalarını nizamlayan polis nəfərlərinin yolun tən ortası ilə keçmək istəyən piyadalardan xahiş-minnətlə keçiddən keçmələrini istəmələrini görəndə, həqiqətən də, çox utanıram. Gəlin etiraf edək ki, cərimələyə biləcəyi halda, bizdən keçiddən keçmə xahişini edən polis nəfərlərinə etinasız yanaşmağımız utanılacaq bir haldır. Çünki qışın şaxtasında keçidin qarşısında dayanıb bizə keçid mədəniyyətini öyrədən polisə ancaq minnətdar olmaq lazımdır, nəinki onun “zəhmət olmasa, keçiddən keçin” çağırışına “özüm bilərəm, hardan keçirəm” kimi heç bir etik çərçivəyə sığmayan sözlərlə cavab vermək.

Ardını oxu...

Səhər idi. Həmişəki kimi, böyüyündən kiçiyinə hər kəs gedəcəyi ünvana vaxtlı-vaxtında çatmaq üçün tələsirdi. Dayanacağa xeyli insan toplaşmışdı. Yəqin, havanın soyuq olduğuna görədir ki, növbəti avtobusun gəlişini hamı xüsusi səbirsizliklə gözləyirdi. Çox keçmədi ki, 4 nömrəli avtobus növbəti dayanacağa yaxınlaşdı və elə o andaca hər gün rastlaşdığım daha bir sərnişin çaxnaşması başladı. 

Qəribə mənzərə idi: bir tərəfdə avtobusdan canını qurtarmaq üçün bir-birinə aman verməyən sərnişinlər, bir tərəfdə onların nizamsız şəkildə sürücüyə uzatdıqları pul, bir tərəfdə bu pula görə çaş-baş qalmış sürücü, bir tərəfdə də avtobusun ön və arxa qapılarından içəriyə girmək üçün qarışıqlıq salanlar və onların yaratdığı həngamə. Belə məqamlarda adam bilmir neyləsin. Avtobusun içində və çölündə baş verənlər geniş və maraqlı mövzu verir insana. Əlbəttə ki, bu əsərin baş qəhrəmanı da biçarə sürücüdür. O, bir neçə işi eyni anda görə bilir. Məsələn, avtobusun gedəcəyi ünvanları soruşan sərnişinin suallarını cavablandıraraq başqa bir sərnişinin o anda uzatdığı pulun qalığını qaytarır və elə həmin məqamda “Arxa qapını aç, düşüm” cümləsini dayanmadan təkrarlayan sərnişini ön qapıya dəvət edir və başqa sərnişinlərin avtobusa minmələri üçün arxa qapını açdıqda elə o andaca bayaqkı narazı sərnişinin uzatdığı pulu almaq, onun yaratdığı qarışıqlığa birtəhər dözməyə məcbur olur. Nə deyək? Görünür, belə məsləhətdir...

Ardını oxu...

Dostluq elə bir hissdir ki, yaşından asılı olmayaraq, hər kəsə lazımdır. Lakin müxtəlif yaş hədlərində dostluğa münasibət müxtəlif formada ola bilir. Böyüklərdən fərqli olaraq, kiçikyaşlı uşaqlar hansısa xoşladığı uşağı xüsusi olaraq başqalarından fərqləndirib özlərinə yaxın bilsələr də, bu əməliyyatı sona çatdırmaqda çətinlik çəkirlər. Əslində, bu, ondan irəli gəlir ki, dünyanı öz kiçik pəncərəsindən görüb duyan uşaq bu məfhum haqqında konkret düşünə bilmir. Daha çox irəli gedə bilməsə də, içində yaşadığı dünyanı nə dərəcədə tanıyıb dərk edirsə, bu dostluq münasibətinə də məhz o dünyagörüşdən yanaşır. İlk dəfə olaraq belə hadisə ilə qarşılaşan valideyn uşağının həyatındakı bu yeni duyğularına sevinsə də, bəzən həm də çaşqınlıq içində qalır. Belə valideynlər fikirləşirlər ki, uşaq bu münasibəti haradan öyrəndi, biz ki ona heç vaxt dostluq haqqında danışmamışıq, o ki həmişə evdə tək oynayıb? Bəs bu duyğu onda necə yaranıb?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində videooperator peşəsi üzrə kurs təşkil olunub. Yanvar ayının 10-dan başlayan kurs iki ay davam edəcək. Müdavimlərə operatorluq peşəsi nəzəri və təcrübi məşğələlərlə tədris olunur.
Kursa Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Kanal 35” televiziyasının 22 operatoru cəlb edilib. Məqsəd operatorların təcrübələrinin və peşəkarlıqlarının artırılmasıdır.
Məlumat üçün qeyd edək ki, kursu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinooperator kafedrasının müəllimi İsrafil Ağazadə tədris edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
 mətbuat xidməti

Dünən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı idarə heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il görülən işlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, 2012-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının aidiyyəti təşkilatlarla əlaqələri daha da möhkəmlənmiş, müxtəlif mövzularda silsilə tədbirlər keçirilmişdir. Vurğulanmışdır ki, təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir. Buna görə də bölgələrdə milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin təşkilinə daha ciddi önəm verilmiş, onların qəhrəmanlıqla dolu həyat yolu televiziya və mətbuatda işıqlandırılmışdır.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının şəhər və rayon şöbələrinin sədrləri çıxış edərək ötən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Xəbərlər şöbəsi

Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Dəm qazı natamam yanmanın məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. 

Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmaması, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılarından istifadə edilməsi, tüstü borularının və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olması, qapalı yerlərdə, xüsusilə də otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasını göstərmək olar.

Ardını oxu...

Muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan ahılların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilir. Onlara evlərində baş çəkilir, yaşayışı ilə maraqlanılır, zəruri sosial problemləri yerində həll edilir.
Belə tədbirlərdən biri də Culfa rayonunda reallaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Culfa rayonunun Dizə kəndində yaşayan 75 yaşlı tənha ahıl Pəri Əliyeva ilə görüş keçiriblər. Tədbir iştirakçıları ahılın yaşayışı ilə maraqlanıb, ona ərzaq payı və hədiyyə təqdim ediblər. O, həmçinin həkim tərəfindən tibbi müayinədən keçirilib və müalicəsi üçün dərmanlar alınıb.
Pəri Əliyeva göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə edilməsi, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədilə ölkə Prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyada qarşıya qoyulmuş əsas vəzifələrdən biri islahatların aparılması üçün qanunvericilik bazasının yaradılmasıdır. Bu tədbirlərin həyata keçirilməsi məqsədilə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Bu qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun hüquqi əsaslarını və prinsiplərini müəyyən edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə muxtar respublikada yaşayan ahıl, tənha, aztəminatlı və əlil qadınlarla görüşlər cari ildə də davam etdirilir. Növbəti belə görüş xüsusi qayğıya ehtiyacı olan Babək rayonunun Payız kəndində yaşayan II qrup əlil qadın Məmmədova Cəmilə Əbili qızı ilə keçirilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları qadının yaşayış vəziyyəti ilə maraqlanmış, tibbi müayinədən keçirilməsini təmin etmiş, ona ərzaq payı və hədiyyə vermişlər.
Cəmilə Məmmədova göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, bütün kateqoriyalardan olan qadınlara muxtar respublikada həmişə diqqət və qayğı göstərilir. Onların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, güzəranlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, daim yaşayış şəraitlərilə maraqlanılır. Əmək qabiliyyətli qadınların məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olanların, o cümlədən əmək qabiliyyətini itirən əlil və ahıl qadınların təqaüdləri vaxtlı-vaxtında verilir, onlara sosial yardımlar təyin olunur.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov nazirliyin 2012-ci il ərzindəki fəaliyyəti və qarşıda duran vəzifələrdən danışmışdır.
Bildirilmişdir ki, 2012-ci il ərzində şəhər və rayon Məşğulluq mərkəzləri tərəfindən 2570 nəfər işə düzəldilmişdir ki, onlardan 1019-u il ərzində təşkil olunan əmək yarmarkalarında işlə təmin olunanlardır. Sağlamlıq imkanları məhdud şəxslər və ahıllarla bağlanmış müqavilə əsasında 4033 cüt yun corab toxunaraq hərbi hissələrə verilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələblərinə uyğun təşkil edilmiş 18 peşə kursunu 169 müdavim bitirmişdir.
“Ötən il 545 sahibkarlıq subyektində araşdırmalar aparılmışdır”, – deyən Cavid Səfərov bildirmişdir ki, həmin araşdırmaların nəticəsi olaraq, 413 əmək müqaviləsinin bağlanması təmin edilmiş, orta aylıq əməkhaqqı nəzərə alınmaqla, 841 halda bağlanmış əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
363 müəssisədə işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.

Ardını oxu...

Bu torpaq qəhrəmanlar, cəngavərlər yurdudur,
Neçə-neçə dahilər, igid ərlər yurdudur,
Bu torpaq Heydər kimi ulu öndər yurdudur.
Tarixlər şahididir ulu, qədim Naxçıvan,
Onun pərvanəsidir oğlu, qızı hər zaman!

Gəl gör necə bəzənib bu gün kəndim, şəhərim,
Əriyibdi şam kimi daha qəmim, kədərim.
Nurludur gecələrim, işıqlıdır şəhərim,
Hər dildə, hər ağızda dolaşır adım mənim,
Naxçıvandır nəfəsim, qolum, qanadım mənim.

Ey Heydər məktəbinin Şöhrətli qəhrəmanı,
Gülüstana döndərən sənsən Nəqşi-cahanı.
Ana kimi sevərək anamız Naxçıvanı,
Ən qədim diyar kimi qocaldırsan onu sən,
Günbəgün gəncləşdirir, ucaldırsan onu sən!

Ardını oxu...

Qar təbiətin ən gözəl möcüzələrindən biridir. Dünya bina olandan bu möcüzə yaşanır. Payızın sonlarından özünü səbirsizliklə gözlədən qarın yağması ilə uşaqlar, gənclər daha çox sevinir, havada uçuşan qar dənəciklərini onlara hədiyyə edilən mirvarilər kimi bir-bir tutmağa çalışırlar. Səhərin erkənindən pəncərəmizə düşən hər qar dənəsi təbiətin sanki şirin qış yuxusuna lay-lay çalan həzin zümzüməsinə bənzəyir. Qarın gətirdiyi bar-bərəkətə inanan insanlar isə bu il də bolluq olacağına indidən min şükürlər edirlər. Bu qar öz gəlişi ilə hamıdan çox əkinçilərimizi sevindirdi.
Naxçıvanlılar bu qarı çoxdan gözləyirdilər. Nəhayət, o qar yağdı. Yurdumuza qonaq gələn qar bir neçə saat sonra ana torpağa ağ xalı sərdi. Amma çox yerdə qarın gətirdiyi qayğılı çətinliklər muxtar respublikamızda bu dəfə də hiss olunmurdu. Artıq heç bir naxçıvanlı qar yağsa da, istiliyin, elektrik enerjisinin olmaması, yolların bağlanması, vacib ərzaq məhsullarının yoxa çıxması qorxusunu yaşamır. Yanvarın 9-da gecə saatlarında şəhərin bir neçə ünvanında qarı təmizləmək üçün texnikalar düzülmüşdü. Səhərin sübhündə artıq Naxçıvanın şəhər təsərrüfatı tam gücü ilə yolların, səkilərin qardan təmizlənməsi ilə məşğul idi.
Ana təbiət artıq bizi ağır sınağa çəkə bilmir. Çünki hələ payız mövsümündən başlanılmış qışa hazırlıq işləri labüd ola biləcək çətinlikləri aradan qaldırmağa hesablanıb. Bunu bir daha gördük. Yazını çapa hazırlayarkən isə qar yağmağında, aidiyyəti təşkilatların işçiləri qarı təmizləməkdə, həyat adi günlərdəki kimi davam etməyində idi.

Ardını oxu...

Düşüncələr...

1988-ci ildə başlanan hadisələr dövrü doğma yurdumuzun düşdüyü ağır vəziyyəti o günləri yaşayanlar yaxşı xatırlayırlar. İnsanları ən ağır sınaqlara çəkilən Naxçıvan torpağı dəryada sükansız gəmi təsiri bağışlayırdı. Yolları bağlanan, elektrik enerjisi kəsilən, mağazalarının qabağında çörək növbələri yaranan, tez-tez top-tüfəng səsləri eşidilən diyarın sakinlərinin bu gündən sabaha ümidləri qalmamışdı. Ancaq iki-üç il davam edən həmin vəziyyət naxçıvanlıların əzmini sındıra bilmədi. Doğma torpağa bağlılıq, ata-baba əmanəti olan yurd yerlərinə məhəbbət hissi qalib gəldi. Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi insanların sönmüş ümidlərini özlərinə qaytardı. 
Bu gün muxtar respublikamızın rayon və kəndlərindəki inkişaf qədim yurd yerini ürəkdən sevən hər bir naxçıvanlıda qürur hissi yaradır. Bunun səbəbləri isə bir deyil, beş deyil... Mənfur ermənilər muxtar respublikanı blokadaya alanda düşünürdülər ki, Naxçıvan bu çətinliyə tab gətirməyəcək, onlar bu torpağa sahib çıxacaqlar. Ancaq bu gün rayon mərkəzlərimizin və kəndlərimizin sosial-iqtisadi inkişafın ən yüksək pilləsinə qədəm qoyduğunu görəndə məkrli düşmənin bağrı yarılır. Niyə də yarılmasın? İndi hansı yaşayış məntəqəsinə üz tutsan, insanların xoş güzəranının şahidi olarsan. Abadlaşan yollar, ucaldılan möhtəşəm tikililər insanda yüksək əhval-ruhiyyə yaradır. Bütün bunlar isə hər daşında tarix yatan Naxçıvan Muxtar Respublikasının bütün bölgələrinə göstərilən böyük dövlət qayğısının təzahürləridir.

Ardını oxu...

Uşaq dünyası! Görünüşdə sadə bir söz birləşməsidir. Məğzinə varanda isə hər kəs üçün dünyaya açılan qapının astanası, şəxsiyyət kimi formalaşdığımız, öz ideyalarımızı müəyyənləşdirdiyimiz zaman kəsiyi. Bu zaman kəsiyi elə bir çərçivə sistemində tarazlaşır ki, uşaq onu gözləyən həyata doğru addım-addım irəlilədikcə ağlına işıqsaçan düşüncələri onu zirvəyə – kamilliyə doğru aparır, müdrikliyə səsləyir. Ucaldığı müdrikliksə artıq insanın qocalığıdır. Filosoflardan biri yaşlıları “qocalmış uşaqlar” deyə xarakterizə edib. Bu müdrik qocalarsa dönüb geridə qoyduğu təcrübəsinə, əxlaqi-mənəvi dəyərləri özündə əks etdirən həyat yoluna baxanda “əsas olan bu qədər yaşamağım yox, sən demə, necə yaşamağım imiş”, – deyərək fərəh hissi keçiriblər. Bəli, bu cümləni biz həyatımız boyu əməllərimizin nəticəsi kimi qəbul edirik. Ya yaxşı, ya da pis. Məhz bu yaxşıya, yaxud da pisə doğru gedən yolun astanasıdır uşaq dünyası. 

Uşağa “istədiyin kimi yaşa, sən azad insansan” və yaxud “mən çox demokratik fikirli valideynəm, uşağımın sərbəstliyini əlindən almıram”, – deyərək onların tərbiyəsini başlı-başına buraxmaq uşağı mənəviyyatsızlıq bataqlığının çirkablarına atmaq kimidir. Burada isə tərbiyədən söhbət gedə bilməz. Valideyn insani münasibətlər təcrübəsini uşağa elə aşılamalıdır ki, uşaq cəmiyyətdəki yerini, həyatını dərk edərəkdən istəklərini təmin edə bilsin. Bu davranış qaydalarını aşılayan zaman valideyndə özünəinam hissinin olması vacib şərtdir. Əgər valideyn tərəddüd edib düşünürsə ki, “uşağın bu nöqsanını tərbiyə etmək çətindir, mən bunu bacara bilmərəm”, inanın, belə də olacaq, bacara bilməyəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. Kollegiya iclasını komitə sədri Ramilə Seyidova giriş sözü ilə açaraq 2012-ci ildə görülən işlər barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2012-ci ilin əvvəllərində təsdiq edilən iş planına əsasən, ötən il əlamətdar və tarixi günlərin qeyd olunması diqqət mərkəzində saxlanılıb, ailə institutunun qorunması, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə gender bərabərliyinin təmin olunması, cəmiyyətdə qadınların rolunun artırılması, uşaqların hüquqlarının qorunması, onların ölkəmiz üçün layiqli vətəndaşlar kimi yetişdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib, müvafiq məlumat bazası yaradılıb.

Ardını oxu...

İqtisadi və sosial həyatın müxtəlif sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan bütün yeniliklər öz mahiyyəti etibarilə vətəndaşların rifahının yaxşılaşdırılmasına və bu sahədə dövrün tələbinə uyğun operativliyin təmin olunmasına xidmət edir. Əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edən sığorta-pensiya sahəsində də aparılan islahatlar, tətbiq olunan yeni proqramlar burada informasiya mübadiləsinin sürətləndirilməsinə, adamların vaxtına qənaət etməsinə, insan amilindən yaranan xətaların minimuma endirilməsinə əhəmiyyətli təsir göstərməkdədir. Muxtar respublikada bu sahədə tətbiq olunan yeniliklərlə oxucuları tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları sektorunun müdiri İsmayıl Həsənovla həmsöhbət olduq:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR