22 Dekabr 2024, Bazar

Yazı hazırlayarkən ən çətini necə başlamaqdır. Yəqin ki, qələm əhlindən mənim kimi düşünənlər az deyil. Bu yazının mövzusu insanların bir-birlərinə qarşı müraciət forması və o formada müraciət etməyə əsas verən amillərin seçimidir. Əvvəlcə başıma gələn bir hadisəni danışım.
Bu yaxınlarda bəzi yoxlamalardan keçmək üçün xəstəxanaların birinə getmişdim. İş vaxtından kənar olduğundan sadə geyimdə idim. Həkimin qəbul otağına girəndə içəridə heç kimin olmadığını görüb sevindim ki, növbə gözləməyə gərək olmayacaq. “Sən saydığını say, gör fələk nə sayır” deyib atalar. Elə bu zaman kostyumlu, qalstuklu, üst-başı səliqəli bir adam arxamca otağa daxil oldu. Az əvvəl məni həkimin otağına aparmaq istəyən gənc tibb bacısı mənə tərəf dönərək: “Qaqaş, sən gözlə, müəllim girsin, sonra səni də yola salacam”, – dedi. Daha sonra isə həkimin otağına boylanıb: “Doxtur, hələ bundan sonra 1 dənə də xəstəniz var”, – deməsiylə elə bil başıma qaynar su tökdülər. Tibb bacısının “müəllim” deyə xitab etdiyi Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərindən biri idi. Məni narahat edən növbəmin kiməsə verilməyi və ya taksi sürücüsünün geyim formasını belə, tanımayan tibb bacısının davranışı deyildi. Nə də ki özümü taksi sürücüsündən səviyyəcə yüksək hesab etmirdim. İnsanları əşya kimi ədədlə sayan tibb bacısı yoxlanışdan keçmədən mənim xəstə olduğumu necə müəyyənləşdirdi görəsən? Niyə bir çoxumuz geyim tərzinə görə insana necə müraciət etməli olduğumuza qərar veririk? Axı mənim kostyum və ya sərbəst geyimdə olmağım heç də sosial statusumu, vəzifəmi, təhsil və elmi dərəcəmi müəyyənləşdirməyə əsas vermir. Nəyə görə fikirləşirik ki, kostyum geyinənlərə mütləq müəllim deyilməlidir, digərlərinə isə necə gəldi müraciət etmək olar? Söhbət, ümumiyyətlə, müraciət formalarından gedir. Dövrümüzdə ən çox istifadə edilən müraciət formalarına nəzər salaq: “Qardaş, qaqaş, dayı, əmi, müəllim, qohum, qağa, xala, bacı, nənə, xanım, müəllimə (hərçənd ki, bəzən qadına da müəllim deyilir) və sair”. İstisna hallarda bəy, cənab sözlərindən də istifadə edilir. Lakin bu sözlərlə müraciət hallarına o qədər də çox rast gəlmirik. Müraciət formalarının haralarda və hansı əsaslarla istifadəsinə də diqqət yetirək. Post Patrul Xidməti əməkdaşının sürücüyə yaxınlaşaraq: “Qardaş, burda maşın saxlama” deməsinin azmı şahidi oluruq? Qardaşlaşmaq, digərini qardaşı saymaq yaxşı haldır. Lakin hadisə yerində bir dəqiqə də qalmaq kifayət edəcək ki, bayaqkı “qardaş”ların mübahisəsinə şahid olasan.

Hər birimizin ara-sıra üz tutduğumuz iaşə obyektlərinə də nəzər salaq. Restoranlarda sizi qarşılayan ofisiantlar geyim tərzinizdən asılı olaraq ya “müəllim”, ya da “qardaş” deyə xitab edəcəklər. Hətta bəzən onlara müəyyən bir məsələdə irad bildirdikdə qonaqlarınızın yanında yaxınlaşıb: “Sən nə istəmisən, onu da gətirmişəm” deməsinin şahidi olacağıq. Doğrudanmı “siz”lə “sən”in fərqinə hələ də varmamışıq? Bəzən birinə guya ki, hörmət etdiyini zənn edərək “Müəllim necəsən?” – deyə müraciət edənlər də az deyil. Hörmət əlaməti olaraq “müəllim” deməklə “necəsən” sözü bir-biri ilə uyuşmur. Bizə məktəblərdə, bir çox hallarda ailələrimizdə də böyüklərə, qonaqlara və tanımadığımız şəxslərə “siz” deyə müraciət etməli olduğumuz dəfələrlə deyilib. Lakin təəssüflə qeyd etməliyəm ki, bu gün bir çox ticarət, ictimai-iaşə obyektlərində xidmət edənlər müştərilərinə “siz” deyə müraciət etmirlər. Yenə bir haşiyə çıxmağa məcburam. Şəhərimizdə yerləşən ticarət mərkəzlərinin birində elektron avadanlıqlar satılan mağazada tanıdığım və bu sahədə mütəxəssis olan bir şəxsin vitrində qoyulmuş cihazın özəlliklərini tam oxumaq üçün onu bir az kənara çəkərkən, satıcı qadının ona tərəf yüksək səslə: “Sən onu alansan, qurdalayırsan?” – deməsiylə yaranan mübahisənin şahidi olduqda məsələyə müdaxilə etməkdən və mağaza sahibini hadisə yerinə çağırmaqdan başqa çarəm qalmadı. Sahibkarlar özləri də bu məsələdə maraqlı olmalıdırlar. Çünki onların mağazasında yaranmış bu söz-söhbət neçə-neçə müştərinin itirilməsilə nəticələnir. Sahibkarlar işçilərinə xidmət mədəniyyəti öyrətmək, onları vaxt­aşırı kurslara cəlb etmək və onlarla müntəzəm söhbətlər aparmaq əvəzinə bəzən yaranan mübahisələrdə özləri də işçilərindən geri qalmırlar. Belə hallarla, demək olar ki, hər birimiz və hər gün qarşılaşırıq. Bəs niyə buna etiraz edib bu kimi hallarla mübarizə aparmırıq? Məmur-vətəndaş, sahibkar-müştəri münasibətlərində ara-sıra yaşanan gərginliklərin əsas səbəbi müra­ciət və davranış normalarına əməl edilmə­məsidir. Belə halla rastlaşdıqdan sonra evimizə qayıtdıqda ilk addım kimi övladımıza, yaxınlarımıza bir daha bunları xatırlatmaqla mübarizəyə elə özümüzdən başlaya bilərik. Hər birimizin özümüzə qarşı müraciətdə ən yüksək formanı umduğumuz halda, başqalarına da bunu şamil etməməliyikmi? Hansısa sahədə çalışan məmurun ona müraciət edən şəxsə “sən” deyə müraciət etməsi, görəsən, hansı nizamnamədə yazılıb? Rəsmi şəxslərin, polisin ünsiyyətdə olduqları şəxslərə “vətəndaş”, xidmət sektorunda çalışanların müştərilərə “siz” deyə müraciət etməsi o qədərmi çətindir? Hörmətli bir şəxsə müraciət zamanı az qala bütün yüksək müraciət formalarını bir araya gətirərək xitab etməyi bacarırıqsa, sadə insanlara və ya tanımadığımız, titulunu, xidmətlərini, vəzifəsini bilmədiyimiz şəxslərə də düzgün müraciət etmək formasını bilməliyik. Mən insanlara necə müraciət etmək lazım olduğu haqda mülahizələr yürütmək və nəsə öyrətmək niyyətində deyiləm. Lakin hər kəsin bunları düşünməli olduğunun vacibliyini də dərk edirəm. 
“Vətəndaş cəmiyyəti”ndə xidmət mədəniyyətinə, insani dəyərlərə, müraciət və davranış mədəniyyətinə sahib olmaqla yanaşı, həm də VƏTƏNDAŞ olmağı bacarmalıyıq.

Anar RƏSULOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR