22 Dekabr 2024, Bazar

Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Dəm qazı natamam yanmanın məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. 

Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmaması, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılarından istifadə edilməsi, tüstü borularının və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olması, qapalı yerlərdə, xüsusilə də otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasını göstərmək olar.

Dəm qazından zəhərlənmə hallarının avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda və ya qapalı şəraitdə 10 dəqiqə işləməsilə qanda karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində ölüm hadisəsi baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. Havası karbon oksidi ilə zəngin olan otaqda qaldıqda zəhərlənən insanda ürək bulanması, ümumi yorğunluq, yuxuya meyillilik, təngnəfəslik müşahidə olunur və dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. 
Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, əvvəlcə zərərçəkəni dərhal təmiz havaya çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır. Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır. Zərərçəkənin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır. Belə hadisələrin baş verməməsi üçün öncə müvafiq təhlükəsizlik qaydalarının tələblərini bilməli və onlara ciddi riayət etməliyik.
Narahatlığa səbəb olan amillərdən biri də vətəndaşlar tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qaz sobalarından və suqızdırıcılarından istifadə olunmasıdır. Belə cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan satışa buraxılması, norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunmuş yerlərdə quraşdırılması qəzaların başvermə ehtimalını daha da artırır. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki qeyd olunduğu kimi, partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, onun avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasını dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Mövcud problemlərin həlli istiqamətində əhali bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Vətəndaşlara bir daha xatırladırıq ki, qaz sobalarından və qızdırıcı cihazlardan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Evdən çıxarkən qızdırıcı sobaları, qaz və elektrik cihazlarını işlək vəziyyətdə və ya nəzarətsiz qoymayın, onları söndürməyi unutmayın!

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR