Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi rayonun Külüs kəndində “Məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbiri Külüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nemət Cəmiyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsinin müdiri Mürsəl Qənbərov, şöbənin əməkdaşları Əhməd Əliyev, Məzəddin Həsənov və Turab Quliyev məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mahiyyəti və əhəmiyyəti, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların plastik kartlarla ödənişinin üstünlükləri, fərdi uçot sistemi haqqında torpaq mülkiyyətçilərinə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunun 14-cü maddəsinə əsasən, bütün hüquqi şəxslər hesablanmış əməyin ödənişi fondunun 22 faizi, onların işlətdikləri işçilər isə hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi sahibkarlar fəaliyyət göstərdikləri sahəyə müvafiq olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz dərəcələri miqdarında məcburi dövlət sosial sığorta ayırmaları ödəyirlər.
Tədbirdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortası üzrə vəzifələrindən də danışılmışdır. Bildirilmişdir ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan mülkiyyətçilər torpağın olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun orqanlarında uçota durmalıdırlar. Uçota durmaq üçün onlar DSMF-nin rayon şöbəsinə müəyyən olunmuş sənədləri, ailə-kəndli təsərrüfatları isə fondda uçota durmaq üçün ərizə ilə birlikdə onların bələdiyyə orqanlarında uçotu və ailə-kəndli təsərrüfatı üzvləri statusu barədə sənəd təqdim etməlidirlər.
Bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə torpaq mülkiyyətçiləri gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar. Ödənilmiş məcburi dövlət sosial sığorta haqları isə onlar üçün fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənilir. Gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcək. Fərdi şəxsi hesabda olan pensiya kapitalı yüksək olarsa, təyin olunacaq pensiyanın məbləği də yüksək olacaqdır.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti