Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov bildirmişdir ki, sosial sahədə həyata keçirilən islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilmiş, fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və əhalinin maddi maraqlarını təmin edən müasir pensiya modeli yaradılmışdır.
Sosial sığorta qanunvericiliyinin izahı, könüllü sığortanın mahiyyəti və üstünlükləri, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi və izahı, pensiyaların təyinatı, ödənişi və müasir üsullarla həyata keçirilməsi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı fondun aparatının şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov, Zaur Qasımlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir. Məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi ilə işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi (kontraktı) üzrə çalışan işçilər sığortaolunan hesab olunur və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir. Ona görə də sosial sığortaya cəlb olunan hər bir şəxs dövlət tərəfindən ona verilən sosial təminat hüquqlarının qorunmasında maraqlı olmalıdır.
Vurğulanmışdır ki, qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar.
Tədbirdə könüllü sosial sığortanın əhəmiyyəti barədə də ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, gələcəkdə bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada da əlavə sığorta haqqı ödəməklə sığorta oluna biləcəklər. Bu da həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir.
Fərdi uçot sisteminin əhəmiyyətindən də bəhs olunan tədbirdə qeyd edilmişdir ki, bu sistemlə əlaqədar yaradılan informasiya bazası sığortaolunanların gələcəkdə alacaqları pensiyanın hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə, eyni zamanda onlar üçün lazım olan məlumatların istənilən rayon ərazisində yerləşən fondun yerli orqanından əldə etmələrinə imkan verir.
Qeyd olunmuşdur ki, sığortaolunanların sığorta stajlarının toplanılması onların əmək kitabçalarında əks olunan məlumatlar əsasında aparılır. Sığortaolunanın əmək kitabçasına əsasən, əmək fəaliyyəti barədə məlumatlar xüsusi hazırlanmış proqram təminatına işlənilir və həmin müddətlər vətəndaşın fərdi şəxsi hesabında sığorta stajı kimi öz əksini tapır. Əmək stajlarının toplanılması bütün sığortaolunanlar, o cümlədən fiziki şəxslər və torpaq mülkiyyətçiləri üzrə də aparılır.
2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların əmək fəaliyyətinin proqram təminatında qeyd olunması pensiya təyinatında onların həm staj baxımından pensiya təminatı hüququnun yaranmasına, həm də pensiyanın təyin olunması müddətinin tezləşdirilməsinə təsir edəcəkdir.
Əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması gələcəkdə onları pensiya hüququndan və digər sığorta hadisələri zamanı sığorta ödəmələrindən məhrum etmiş olacaq. Buna görə də bütün vətəndaşların sığorta-pensiya sistemində aktiv iştirakçıya çevrilməsinin vacibliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılan məsələlərdən olmuşdur.
Sonra Şərur rayonunda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında DSMF Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzov tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirin sonunda fond tərəfindən yeni əmək fəaliyyətinə başlayan rayon sakinlərinə onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnamələri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti