İstər şəxsi həyatda, istərsə də iqtisadi fəaliyyətdə insanları düşündürən əsas məsələlərdən biri də, şübhəsiz, zəmanətli gələcəyi təmin etmək, gözlənilməz hadisələrdən sığortalanmaqdır. Bu baxımdan insanların dar gündə bir-birinə kömək etməsi, bədbəxt hadisələrə birgə güc gəlməsi təbii və texniki risklərin yaratdığı vəziyyətlərdən ən yaxşı çıxış yoludur. Cəmiyyətin inkişafı və sığorta münasibətlərinin dərinləşməsi ilə insanları maraqlandıran suallara cavab verilməsi, başqa sözlə, sığorta maarifçiliyi də burada öz əhəmiyyətini göstərir. Son dövrlərdə muxtar respublikamızda bu sahənin inkişafına ayrılan diqqəti, insanların sığortanın müxtəlif forma və növlərinə olan marağını nəzərə alıb, baş verən sığorta hadisələri və onlara verilən təminatlar haqqında oxucularımıza məlumat vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik. Müsahibimiz agentliyin aparıcı mütəxəssisi Hafiz Hüseynovdur.
– Hafiz müəllim, sığorta hadisəsi nədir, onları digər riskli hadisələrdən necə ayırmaq olar?
– Hər bir insan həyatda müəyyən gözlənilməz və təhlükəli hadisələrlə rastlaşa bilər. Belə hadisələrin istər insana adi bir vətəndaş kimi, istərsə də iqtisadi fəaliyyət subyekti kimi müəyyən zərərlər vurması mümkündür. Qəfil baş verən dağıdıcı təbiət hadisələri ilə yanaşı, qəza və yanğınlar kimi halların da çox vaxt ağır nəticələri olur. Bunlardan başqa, bazar iqtisadiyyatının da özünəməxsus müəyyən riskləri vardır. Ona görə də hər bir insan risklərin nəticələrini minimuma endirmək üçün sığortanın vacibliyini dərk edir. Sığorta hadisəsi kimi baxılan riskli və təhlükəli halların intensivliyi isə insanların geniş təsərrüfat fəallığına qoşulması, daha çox səfərlərə meyil etməsi, nəqliyyat vasitələrinin, xüsusən də avtomobillərin sayının artması, yeni fərdi evlərin tikilməsi, inşaat işlərinin həcmi ilə paralel olaraq arta bilər. Bunlarla yanaşı, regionumuz üçün xarakterik olan gözlənilməz təbiət hadisələri – zəlzələ, sel, güclü külək, yer sürüşməsi, çayların daşması kimi hallar hər birimizin həyatını təhlükə altına alaraq sığorta hadisələrinin yaranması ehtimalını çoxaldır.
Lakin qeyd etmək lazımdır ki, heç də bütün gözlənilməz hadisələrə sığorta təminatı verilmir. Belə ki, sığorta təminatı verilən riskli hadisələr müəyyən xüsusiyyətlərə malik olmalıdır. Məsələn, hadisənin baş verməsi nəticəsində dəyən zərərin həcmi pulla ölçülə bilən olmalıdır. Digər bir tərəfdən sığortalanan hadisələr təkrarlanan, yəni bizə gündəlik həyatda tanış olan hadisələr olmalıdır. Sığorta hadisələrinin digər bir səciyyəvi xüsusiyyəti odur ki, o, baş verdiyi zaman heç bir qazanc və gəlir əldə olunmur. Sığorta hadisəsi zamanı baş verən hər cür itkilər təsadüfi, müəyyənləşdirilən sığorta haqqı və sığorta məbləgi ağlabatan olmalıdır.
Buna görə də bütün bu şərtləri özündə əks etdirən və insanların əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi ilə bağlı risklərin ötürülməsinə əsaslanan fəaliyyəti sığortanın əsas mahiyyəti kimi qeyd edə bilərik.
– İcbari sığorta nədir və o, nə üçün əhəmiyyətlidir?
– İlk olaraq qeyd edim ki, icbari sığorta qanunla müəyyən olunur. Yəni hüquqi və fiziki şəxsin istəyindən asılı olmayaraq, onun qanunla müəyyən olunmuş mənafeyi icbari sığorta olunmalıdır. Elə gözlənilməz hadisələr vardır ki, onların baş verməsi ilə ayrı-ayrı fərdlərin deyil, ümumiyyətlə, cəmiyyət üzvlərinin böyük əksəriyyətinin mənafeləri pozula bilər. Bu mənafelərin qorunması məqsədilə sığorta icbari qaydada tətbiq olunmalı, baş verə biləcək riskli hadisələrin törənməsi ilə vətəndaşların çətin vəziyyətdə qalmasına yol verilməməlidir. Bu baxımdan ölkəmizdə 24 iyun 2011-ci ildə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun hüquqi və fiziki şəxslərin sığorta sahəsində qanunla müəyyən olunan mənafelərinin müdafiəsi üçün mühüm əhəmiyyəti vardır. Bu qanun daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası, sərnişinlərin fərdi qəza hadisələrindən icbari sığortasına təminat verməklə sığortaçı tərəfindən təkcə sığorta etdirənin deyil, eyni zamanda baş verə biləcək hadisələrdən zərərçəkən üçüncü şəxslərin sosial müdafiəsinə də tam təminat verir.
– Əmlakın sığortası zamanı hansı sığorta hadisələrinə sığorta təminatı verilir?
– Əvvəlcə daşınmaz əmlakın icbari sığortasını qeyd etmək olar. Daşınmaz əmlakın müxtəlif hadisələr nəticəsində zədələnməsi, məhv olması ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, binaların, mənzillərin sığortası aparılır. Mövcud qanuna görə, dövlət və yerli özünüidarəetmə orqanlarının qərarına əsasən, sökülməli olan, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, habelə qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlakın sığortasına yol verilmir. Bu hallardan başqa, bütün digər hallarda aşağıdakı sığorta hadisələri zamanı daşınmaz əmlaka dəymiş zərər məbləği sığortaçılar tərəfindən ödənilir. Bunlar yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə edilən qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı, su, istilik, kanalizasiya və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və hissəsinin düşməsi, atılması, dəyməsi, dağıdılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər, zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələrinə sığorta təminatı verilir.
Əmlakın aşağıdakı hallar nəticəsində itkisi sığorta hadisəsi hesab olunmur. Bunlar sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanan əmlaka təmir, emal və digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyinin təsiri nəticəsində zərərin dəyməsi (yanğın baş verməmişdirsə), hadisə zamanı və hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişilməsi nəticəsində dəymiş zərərlərdir.
– Bağlanmış sığorta müqavilələri zamanı sığortalı və sığortaçının hansı hüquq və vəzifələri vardır?
– Qeyd edək ki, sığorta işinin aparılması zamanı sığortalının öz hüquq və vəzifələrini yaxşı bilməsi tələb olunur. Ona görə də sığorta etdirən müqavilənin şərtləri ilə diqqətlə tanış olmalıdır. Bu, sığorta olunanların mənafeləri baxımından çox vacib məsələ olduğu kimi, sığortaçı təşkilatın da öz işini günün tələbləri səviyyəsində qurmasına kömək edir. Məsələn, riskli hadisələr çox geniş olsa da, yuxarıda qeyd etdiyimiz kimi, icbari sığortalarda müvafiq sığorta növü haqqında qanunla müəyyən olunmuş hallar üçün sığorta müqaviləsi bağlanıla və sığorta ödənişləri verilə bilər. İlk olaraq sığortalının hüquq və vəzifələrinə baxsaq, onlar sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin özünün hüquq və vəzifələri barədə məlumat almaq, sığorta hadisəsi baş verdikdə əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləği həcmində sığorta ödənişi almaq hüququna malikdirlər. Bundan əlavə, sığortalı sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqlarını qanunla və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək vəzifəsi daşıyır. Eyni ilə sığortaçının da sığorta müqaviləsində göstərilən əmlaka baxış keçirmək, icbari sığorta haqlarını nəzərdə tutulmuş qaydada almaq, sığorta hadisəsi baş verdikdə hadisənin başvermə səbəblərini araşdırmaq, hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq hüquqları vardır.
– Sığorta işinin genişləndirilməsi məqsədilə hansı işlər görülür?
– Muxtar respublikada sığorta işinin canlandırılması və günün tələbləri səviyyəsində qurulması istiqamətindəki işlər 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədən sonra yeni mərhələyə qədəm qoymuşdur. Müşavirədə muxtar respublikada sığortanın inkişafının mövcud vəziyyəti geniş müzakirə olunmuş, bu sahədə izahat-təbliğat işlərinin aparılması, aidiyyəti orqanlar tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi barədə mühüm tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqlara uyğun olaraq, aidiyyəti orqanlarla birlikdə tədbirlər görülməyə başlanılmışdır. Əhali arasında təbliğat işləri, sığortanın mahiyyəti, əhəmiyyəti, cəmiyyətdə rolu barədə izahat işləri aparılmağa başlanmış, daşınmaz əmlakını icbari sığorta etdirən vətəndaşların hər birinə izahat xarakterli bildiriş vərəqələri verilmiş, idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində sığortaya dair maarifləndirmə işləri aparılmış, dövri mətbuat vasitəsilə reklamlar verilmiş, yazılar dərc olunmuşdur.
– Sığorta etdirənlərin daha nələri bilməsini istərdiniz?
– Vətəndaşlarımızın onu da bilməsini istərdik ki, sığortaçıya yalnız sığorta müqaviləsində göstərilən sığorta hadisələri və sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş verən hadisələr üçün sığorta təminatı verilir. Bunu sığorta etdirənlərin diqqətinə çatdırır və onlardan hər hansı bir sığorta hadisəsi baş verdikdə müqavilədə müəyyənləşdirilmiş vaxtda Sığorta Agentliyinə müraciət etməsini xahiş edirik. Bunlar isə sığorta hadisələri baş verdiyi zaman sığorta etdirənin müqavilədə göstərilən mənafelərinin təmini baxımından çox zəruridir.
Əli CABBAROV