22 Dekabr 2024, Bazar

Nə qədər qəribə olsa da, “keçid” sözü bizim tarixi taleyimizə çətin bir anlayış kimi yazılıb. Məsələn, Dərbənd keçidi, keçid hökuməti, keçid dövrü kimi. Dərbənd keçidini o zaman xatırlamışıq ki, şimaldan gələn işğalçı ordular o keçiddən istifadə edərək ölkəmizə daxil olublar. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən ağır məqamlarından biri “Kabinet böhranı” və yaxud “keçid hökuməti” kimi tarixə düşüb. Yaxud da SSRİ-nin dağılmasından sonra bir ictimai-iqtisadi formasiyadan digərinə, başqa sözlə desək, sosializmdən kapitalizmə transformasiya mərhələsini biz “keçid dövrü” adlandırmışıq. Bütün problemlərin də son izahını onunla bağlamışıq ki, biz “keçid dövrü”nü yaşayırıq. Bəlkə elə bu səbəbdəndir ki, keçidin “k” hərfini gördüyümüz yerdə ondan uzaq qaçmağa çalışırıq.

Məsələn, yollarımızda ağ xətlərlə işarələnmiş piyada keçidlərini qoyub yolun ortasından keçmək və qəza vəziyyəti yaratmamaq üçün səs siqnalından istifadə edən sürücüyə də “mədəniyyətsiz” demək bizim şakərimizə çevrilib. Bu, ayrı bir yazının mövzusudur. Bizim isə haqqında danışmaq istədiyimiz digər bir keçid var. Bəli, söhbət Naxçıvan şəhərindəki yeganə yeraltı keçiddən gedir. Əvvəllər keçidin bərbad halda olması yolun ortası ilə keçən piyadalara müəyyən qədər haqq qazandırma­mıza səbəb olurdusa, yaxın zamanlarda keçidin ən yaxşı formada yenidən qurularaq istifadəyə verilməsi piyadaların bəhanəsini aradan qaldırdı. İndi hər dəfə keçidin yanında dayanmış yol hərəkəti qaydalarını nizamlayan polis nəfərlərinin yolun tən ortası ilə keçmək istəyən piyadalardan xahiş-minnətlə keçiddən keçmələrini istəmələrini görəndə, həqiqətən də, çox utanıram. Gəlin etiraf edək ki, cərimələyə biləcəyi halda, bizdən keçiddən keçmə xahişini edən polis nəfərlərinə etinasız yanaşmağımız utanılacaq bir haldır. Çünki qışın şaxtasında keçidin qarşısında dayanıb bizə keçid mədəniyyətini öyrədən polisə ancaq minnətdar olmaq lazımdır, nəinki onun “zəhmət olmasa, keçiddən keçin” çağırışına “özüm bilərəm, hardan keçirəm” kimi heç bir etik çərçivəyə sığmayan sözlərlə cavab vermək.

Lakin daha böyük həngamə keçiddən keçməyə başladığımız zaman meydana çıxır. Adətən, kəndlərimizdə müxtəlif məişət tullantılarını tullamaq üçün yerlər olmadığı hallarda keçmişdə məhəllənin gözdənuzaq bir tərəfində tullantılar çökək bir əraziyə atılar, ərazi tullantı ilə dolduqdan sonra isə üzəri torpaqla örtülərdi. Bəlkə də, buna görədir ki, bütün çökəklikləri zibilxana hesab edirik! Hətta keçidləri də! İnanmırsınız? Şəhərimizdə olan yeganə keçidə daxil olun və burda bütün növ qida məhsullarının paketləri ilə tanış olun! Bunu biz etmişik! Niyəsini izah etməyə lüzum yoxdur. Sadəcə, bir-birimizə deyə biləcəyimiz bircə cümlə var: hər çökək yer zibilxana deyil, keçidlərimiz də!!!
Bu keçiddə tullantıların atılması üçün xüsusi qabların qoyulma­ması, keçidin günlərlə təmizlənməməsi qəbahət olduğu qədər, bizim də əlimizdəki hər hansı bir tullantını keçidə tullamağımız qəbahətdir! Keçiddən keçməyin özü də bir mədəniyyətdir!

 E.KƏLBİZADƏ

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR