Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 2010-cu ilin oktyabr ayından fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Burada belə uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə Bakı şəhərindən dəvət olunan təcrübəli müəllimlərin iştirakı ilə dərslərin keçilməsi də diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi Bakı şəhərindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimi Zərqələm İsmayılova mərkəzə dəvət olunub. Zərqələm xanımla redaksiyamızda görüşüb həmsöhbət olduq:
– Zərqələm xanım, Naxçıvana xoş gəlmisiniz. Gəlişinizin səbəbi aydındır...
– Əvvəlcə onu deyim ki, 35 ildir, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləyirəm. Hər zaman deyirəm ki, sağlamlıq imkanları məhdud olmaq hər şeyi itirmək demək deyil. Dünyanın ən istedadlı insanları belə insanların da sırasından çıxa bilir. Gözlərin görməməsi kor olmaq anlamına gəlmir. Görmək istədiklərimizi könül gözlərimizlə duyuruq, hiss edirik. Bunun üçün dövlətimiz belə insanlara hər cür şərait yaradıb. Bu diqqət və qayğı gözlərə işıq, qəlblərə yaşamaq həvəsi bəxş edib. Bunu Naxçıvan Regional İnformasiya Mərkəzində bir daha gördüm. Mərkəz mən çalışdığım məktəbə təcrübəli müəllim üçün müraciət etmişdi. Direktorumuz məni məsləhət bildi. Fevral ayının 4-də Naxçıvana gəldim. Fevralın 5-dən dərslərə başladıq. Dərsləri əl əlifbası ilə keçirik. Əvvəlcə uşaqlara əl vasitəsilə hərfləri öyrətməyə başlamışıq. Sonra uşaqlar sözlər və cümlələr qurmağa çalışacaqlar. Kursun təşkilində məqsəd mütəxəssislərə və qeyd edilən kateqoriyadan olan uşaqlara Azərbaycan daktilo əlifbasının öyrədilməsidir. Kurs iştirakçılarına hərf, heca, söz və cümlənin əl barmaqlarının hərəkəti ilə oxunması və eyni zamanda mimika işarələri ilə göstərilməsi tədris olunur. Uşaqlar əl əlifbasını mənimsədikdən sonra normal oxuyub-yazacaq, əl barmaqlarının hərəkəti və mimika işarələri vasitəsilə bir-birlərilə ünsiyyət quracaqlar. Uşaqların hamısı aktivdir. Düzünü deyim ki, belə təsəvvür etmirdim. Valideynlər də uşaqlarının öyrənməsinə çox həvəslidirlər. Hər gün uşaqlarının dərsləri ilə maraqlanırlar. Dərslərimizdə gənc müəllimlər də iştirak edirlər. Onlar dərslərin keçilmə qaydalarını öyrənirlər. Bir aylıq kurs başa çatdıqdan sonra gələcəkdə internet üzərindən kursun davam etdirilməsini nəzərdə tutmuşuq.
– Naxçıvan Regional İnformasiya Mərkəzi sizdə necə təəssürat yaratdı?
– Naxçıvan Regional İnformasiya Mərkəzinə birinci dəfədir, gəlirəm. Ancaq 2010-cu ildə buranın açılışını televiziyadan izləmişdim. Açılışda ölkə başçısı cənab İlham Əliyev də iştirak edirdi. O vaxt mərkəz barədə az-çox məlumata sahib oldum. Direktorumuz bu mərkəzdə müvəqqəti olaraq dərs deyəcəyimi bildirəndə çox sevindim. Qısa müddətdə buranın şəraiti ilə tanış oldum. Mərkəzdə gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları vasitəsilə internetə daxil olaraq informasiya əldə etməsi, informasiyanı Brayl printerləri ilə çap etmələri üçün lazımi şərait yaradılması çox yaxşı haldır. Görmə qabiliyyətini itirmiş insanlar burada mətni audio formata çevirən avadanlıq vasitəsilə istədikləri məlumatı əldə edə bilirlər. Mərkəzin otaqları ilə tanışlıq zamanı gözdən əlil bir qızı dərs otağında, parta arxasında gördüm. O qədər həvəslə kitab oxumağa can atırdı ki, bunu sözlə ifadə etmək çox çətindir. Könül gözləri ilə görən bu uşaqlara dövlətimizin böyük diqqət və qayğısı var. Onlara hər cür şərait yaradılıb. Heç nədən gileylənmirlər. Heç nədən narazı deyillər. Bu diqqət və qayğı onlara lazım olan şəfqəti, mərhəməti göstərməyə imkan verir.
– Zərqələm xanım, bugünkü Naxçıvan barədə nə deyə bilərsiniz?
– Mən Naxçıvana müalicə üçün tez-tez gəlirəm. Ötən il də bu məqsədlə Naxçıvana gəlib Duzdağ Fizioterapiya Mərkəzində müalicəmi davam etdirmişəm. Bu dəfə Naxçıvana başqa məqsədlə gələcəyimi eşidəndə çox sevindim ki, tez-tez üz tutduğum regiondur. Mən bura gəlib Bakı şəhərinə qayıdandan sonra Naxçıvan haqqında bu sualı tez-tez verirlər. Orada insanlar necə yaşayırlar? Mən də deyirəm ki, Naxçıvanın gözəlliyini, inkişafını sözlə ifadə etmək çətindir. Ancaq gedib görmək lazımdır. Naxçıvan çox sürətlə inkişaf edir. Bu da məni bir ziyalı kimi sevindirir.
Müsahibəni apardı:
Sara ƏZİMOVA