İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında Naxçıvanın hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir. Bu məsələyə yazılarımızda bir neçə dəfə toxunmuşuq. Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə muxtar respublikamızın rəsmi portalı hesab edilən www.nakhchivan.az kimi. İki aydan çox apardığımız müşahidələrdən sonra ədalət naminə deyək ki, portalda yenilənən bir hissə var. Saytın xəbərlər bölməsi daimi olmasa da, müəyyən dövrdən sonra yenilənir. Lakin saytın digər bölmələrinə nəzər saldığımız zaman “yenilənmək” sözünün “y” hərfi də dilimizə gəlmir.
Başlayaq portalın “Şəhər və rayonlar” bölməsindən. Bu bölmədə diqqəti mənfi mənada özünə çəkən məqam ondan ibarətdir ki, rayonların ümumi görünüşünü əks etdirən fotolar təqribən 5-6 il bundan əvvəl çəkilib. Halbuki indi rayon mərkəzləri elə görkəmdə deyil. Son illər rayon mərkəzləri xeyli dəyişilib, gözəlləşib, yeni binalar tikilib istifadəyə verilib. Analoji nöqsan saytdakı “Tarix” bölməsinə də aiddir. Bölmədə Naxçıvan şəhərindəki “Dədə Qorqud” heykəlinin fotosu artıq hər şeyi deyir. Heykəl dəyişə bilib, amma saytdakı foto yox…
“İqtisadiyyat” bölməsində isə vəziyyət daha acınacaqlıdır.
Sitat: “Sosial-iqtisadi inkişafı xarakterizə edən Ümumi Daxili Məhsul istehsalı 2007-ci ildə 1995-ci illə müqayisədə 12,5 dəfə artaraq 544 milyon 959 min manat olmuşdur. Adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi 1995-ci illə müqayisədə 1296 manat artaraq 1426 manat təşkil etmişdir”.
İndi 2013-cü ildir. Saytın “İqtisadiyyat” bölməsi isə hələ də Naxçıvan Muxtar Respublikasının 2007-ci ildəki iqtisadi inkişaf göstəricilərini 1995-ci illə müqayisə edir. 2007-ci illə 2013-cü il arasındakı 5 illik müddətdə Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul istehsalında artım olmayıbmı? Adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi yüksəlməyibmi? Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi illər üzrə hesabat açıqlamayıbmı? Axı bunların hamısı baş verib. 2012-ci ildə muxtar respublikada Ümumi Daxili Məhsul istehsalı 2 milyard manatı keçib. Ümumi Daxili Məhsulun hər bir nəfərə düşən həcmi 4973,8 manata çatıb. Bu inkişaf niyə rəsmi portalda öz əksini tapmamalıdır?
Muxtar respublika iqtisadiyyatı ilə bağlı digər bir məlumata diqqət yetirək: “Son 4 il ərzində muxtar respublika üzrə 148 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır”. Bizə məlumdur ki, bu rəqəm 2008-ci ilə aiddir. Bəs Naxçıvana səfər etmək, Naxçıvanla bağlı məlumat almaq istəyən hər hansı xarici ölkə vətəndaşı, turist bunu hardan bilsin? 148 istehsal və xidmət sahəsinin fəaliyyətə başladığı ilə rəsmi portalda tanış olmuş o şəxsə rəqəmin 300-ü keçdiyini dedikdə o, buna necə inansın?
Muxtar respublikada yeni iş yerlərinin sayı, xarici ticarət dövriyyəsinin həcmi, sənaye, tikinti, nəqliyyat, rabitə, energetika, kənd təsərrüfatı, bank-maliyyə sektoru ilə bağlı olan bütün məlumatlar da 2007-ci ilə aiddir. Elə fotolar da! Naxçıvanda son illərin irimiqyaslı sənaye layihələrindən olan Sement Zavodu, ən müasir standartlara cavab verən səviyyədə inşa edilən kənd və xidmət mərkəzləri haqqında məlumat ya yoxdur, ya da çox səthidir.
İnternet portalındakı tarixi məlumatlara da nəzər salaq. Son illər Naxçıvanın tarixi ilə bağlı bir neçə beynəlxalq simpoziumun keçirilməsinin, Naxçıvan şəhərinin yaşı məsələsinə aydınlıq gətirilməsinin portalda öz əksini tapmaması təəssüf doğurur.
Biz öz tarixi abidələrimizi necə təbliğ edirik? Portalın “Tarixi abidələr” bölməsi ilə bağlı bir neçə fakt deyək. “Tarixi abidələr” bölməsində oxuyuruq: “Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir”. Ötən il Naxçıvan Muxtar Respublikasında pasportlaşdırılmış abidələrin sayı 1201-ə çatıb. Həmin abidələrin 485-i ölkə, 660-ı yerli əhəmiyyətli abidələrdir. Saytda tarixi e.ə III minilliyə aid olduğu göstərilən Qədim Qalada aparılan restavrasiya işlərindən sonra bu ərazi tarixilik baxımından daha möhtəşəm memarlıq kompleksinə çevrilib. Lakin Qədim Qala Kompleksinin fotosu hələ də bu çevrilməni əks etdirmir. “Xan Sarayı”nın binası, “Dədə Qorqud” abidəsi, “Koroğlu” abidəsi və onun ətrafı çoxdan dəyişilib.
“Mədəniyyət” bölməsində də bəh-bəhlə təqdim edə biləcəyimiz bir şey yoxdur. Hər halda “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı” başlığındakı “Cəlil” adının “Cəlıl”, “musiqili” sözünün “musıqılı” yazıldığını görmək elə də diqqət tələb etmir. Fotolar da öz yerində. Nə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, nə də Naxçıvan Dövlət Kukla Teatrının təmirdən sonra şəklini çəkib portala yerləşdirmək qlobal problem deyil. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin indi yerləşdiyi binanı isə filarmoniya binası kimi təqdim etmək, ümumiyyətlə, təəccübləndiricidir. Sayt idarəçilərinə xəbər vermək lazımdır ki, Naxçıvan Dövlət Xalça Muzeyi artıq çoxdandır, “Xan Sarayı” kimi tanıdığımız binada yerləşmir. Bu binada “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi fəaliyyət göstərir.
Portalın “Kütləvi informasiya vasitələri” bölməsində “Naxçıvanın səsi” radiosunun www.nsfm.az internet saytından bəhs olunur. Halbuki “Naxçıvanın səsi” radiosunun belə bir internet saytı yoxdur.
“Hotel, mehmanxana və restoranlar” bölməsində isə “Təbrız”, “Gənclık”, “Fızıoterapıya” sözlərindəki “ı” hərfləri səhifəni xüsusilə “maraqlı edir”. Bu hərf səhvləri rəsmi materiallarda da vardır.
Ən maraqlısı isə odur ki, öz dilimizdə yenilənməyə vaxt tapmayan portal Naxçıvana turist kimi gəlmək istəyən xarici vətəndaşlara rus və ingilis dillərində nə dərəcədə məlumat çatdıra bilər?
İnanırıq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işə ciddi diqqət yetirəcək, tezliklə bu sayt yenilənəcək, bütün internet istifadəçiləri Naxçıvanın sosial-iqtisadi inkişafı, təhsili, elmi, mədəniyyəti ilə bağlı ən son məlumatları www.nakhchivan.az internet saytından alacaqlar.
Tural SƏFƏROV