Azərbaycanın sosial-iqtisadi inkişafının və müstəqil dövlət quruculuğunun əsası ötən əsrin 70-ci illərində qoyulduğundan iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının yaxşılaşdırılması da həmin dövrdən etibarən başlanmışdır.
Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi elan olunmuşdur. “Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev sovet dönəmindəki fəaliyyətinə qısa xarakteristika verməklə yanaşı, zamanın bütün anları üçün özünün dəyişməz üslubunu ortaya qoymuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir.
Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olmuşdur ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artmışdır.
Qeyd olunan davamlı sosial müdafiə tədbirləri nəticəsində ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılar keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişlər. Buna paralel olaraq Avropaya inteqrasiya yolunu seçmiş Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun yeni sosial müdafiə institutlarının yaradılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” təsdiq olunmuş və əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin əsası qoyulmuşdur. Həmin dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan sığorta-pensiya sisteminin yaradılması, bununla da, ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmini idi. Bu məqsədlə 2001-ci il 27 noyabr tarixdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin bu islahatları davam etdirməsi nəticəsində Azərbaycanda 2006-cı il 1 yanvar tarixdən sosial sığorta münasibətlərinə əsaslanan yeni sığorta-pensiya sistemi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sosial sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ümummilli liderimizin Pensiya İslahatı Konsepsiyasında nəzərdə tutulan tədbirlər muxtar respublikamızda uğurla həyata keçirilmişdir. İşləyən bütün vətəndaşların fərdi uçot sistemində qeydiyyatı aparılmış, onlara Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda fərdi şəxsi hesablar açılmış, fərdi məlumatların həmin fərdi şəxsi hesablara işlənilməsi təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində ötən ilin fevral ayında keçirilən tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və muxtar respublikada yanacaq ehtiyatının yaradılması məsələlərinə həsr olunmuş müşavirədə Dövlət Sosial Müdafiə Fonduna da bir sıra tapşırıqlar verilmişdir. Fonda işçilərin hüquqlarının qorunması, tikintidə çalışan, xüsusilə yeni işə qəbul olunan işçilərin gələcəkdə pensiya hüquqlarının qorunması məqsədilə onların fərdi uçotunun təşkili və sosial sığorta şəhadətnaməsi ilə təmin edilməsinə, özəl təsərrüfat subyektlərində çalışan işçilərin gələcək pensiya təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi sektorda fəaliyyət göstərən bütün işəgötürənlər tərəfindən işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, fərdi uçotun təşkilinə və sosial sığorta şəhadətnamələrinin verilməsinə diqqətin artırılması tapşırılmışdır.
Fond ötən il qarşıya qoyulan tapşırıq və vəzifələrin icrasını təmin etmək üçün həm tikinti təşkilatları, həm də özəl təsərrüfat subyektləri ilə işçilər arasında əmək müqavilələrinin bağlanmasını, onların əmək müqaviləsində əks olunan real əməkhaqqına uyğun məcburi dövlət sosial sığortasına cəlb olunmasını diqqətdə saxlamış, yeni işə qəbul olunan işçilərin dövlət sosial sığorta sistemində uçota alınmasına, onların sosial sığorta şəhadətnamələri ilə təmin olunmasına nəzarəti artırmışdır.
Bunun da nəticəsində 1 fevral 2013-cü il tarixə 6235 işçi sosial sığorta şəhadətnaməsi ilə təmin olunmuşdur.
Ümumilikdə, muxtar respublikada dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində 1 fevral 2013-cü il tarixə 134000 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi verilmişdir. Sığortaolunanların 50,8 faizi və yaxud 68028 nəfəri kişi, 49,2 faizi və yaxud 65972 nəfəri isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25,1 faizini əhatə edir. Bundan başqa, muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,8 faizini 30 yaşa qədər vətəndaşlar, 24,3 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 6,8 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Hazırda muxtar respublikamızda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə 2006-2011-ci illər üzrə sığortaedənlər və sığortaolunanlar tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatlar onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilmişdir.
Sığortaolunanların fərdi şəxsi hesablarına işlənmiş pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə görə artırılır. 2006-cı ildə fərdi şəxsi hesabında 100 manat pensiya kapitalı olan sığortaolunanın 1 yanvar 2013-cü il tarixə pensiya kapitalı artaraq 178 manat 6 qəpik olmuşdur.
2012-ci ilin fevral ayından isə sığortaolunanların 2006-cı il 1 yanvar tarixədək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsi prosesinə başlanılmış və bu iş artıq yekunlaşmaq üzrədir.
Qabaqcıl texnologiyaların sığortaolunanların və əmək pensiyaçılarının gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında da ardıcıl və məqsədyönlü işlər görülməkdədir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması vətəndaşların fonda elektron müraciət etmələrinə geniş imkanlar açmışdır.
Elektron xidmət vasitəsilə sığortaolunanların fərdi şəxsi hesablarına toplanan pensiya kapitalları barədə məlumat əldə edə bilməsinin təmin edilməsi də bu istiqamətdəki uğurlu addımlardan biridir. Beləliklə, artıq istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxartmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına keçməyə imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.
Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.
Zaur QASIMLI
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin müdiri