Müasir dünyamızı mobil telefonsuz təsəvvür etmək mümkün deyil. İstədiyimiz an istənilən yerlə çevik əlaqə yaratmaqda bizə yardımçı olan mobil telefonlardan istifadə edənlərin sayı da bu qurğuların çeşidi kimi günbəgün artır. Hətta bu gün bəzi həvəskarlar var ki, 3 mobil telefondan istifadə edirlər. Lakin bu rahat kommunikasiya vasitəsinin funksiyaları artdıqca onun insanların səhhətinə, ətraf mühitə vurduğu zərər də çoxalır.
Avstriyada aparılan bir araşdırmada mobil telefonların baza stansiyalarının 350-400 metrlik məsafədə ekosistemə zərər verdiyi aşkara çıxarılıb. Texnikanın inkişafı ilə əlaqədar mütəmadi olaraq yeni telefon modellərinin istehsalı köhnə telefonların atılması ilə nəticələnir. Orta hesabla götürəndə 1 nəfər 18 ayda bir telefonu tullantı kimi atır. BMT-nin ətraf mühit proqramının yaydığı açıqlamada dünya üzrə elektron cihaz tullantı miqdarının 20-50 milyon tona çatdığı bildirilir. Açıqlamada o qeyd olunur ki, bu rəqəm hər il 5-8 faiz arasında artır. Bu da bütün dünya üzrə ətraf mühitə atılan zərərli tullantıların 5 faizini təşkil edir. Çində aparılan bir araşdırmaya görə isə mobil telefonların təşkil etdiyi elektron cihaz tullantıları 20-dən artıq ağır metalı özündə birləşdirir və ən təhlükəli zəhərli tullantılar sırasındadır. Qurğuşun da daxil olmaqla, bu maddələr ətraf mühit üçün yüksək təhlükəli maddələrdir. Elektromaqnit dalğaların yorğunluq, başağrısı, yuxusuzluq, depressiya və psixoloji sarsıntılara səbəb olduğu da alimlər tərəfindən aşkara çıxarılıb. Beynəlxalq Xərçəng Araşdırma Agentliyi mobil telefonlardan və baza stansiyalarından ötürülən radio dalğalarının yayıldığı elektromaqnit sahələri xərçəng yarada biləcək faktorlar qrupunda – 2B qrupunda yerləşdirib. Açıq sahələrə qurulan baza stansiyalarının təsir məsafəsi 50-200 metr arasında dəyişir. Buna görə də baza stansiyalarını məktəb, bağça və digər obyektlərin yaxınlığında qurmaq olmaz.
Bu texnologiya insan sağlamlığı üçün təhlükəlidir
Bu gün mobil telefonlar dünya üzrə bir milyarddan çox insanın gündəlik həyatının əsas texnoloji avadanlığına çevrilib. Bir çoxlarımız olduqca lazımlı olan əlaqə vasitəsinin əhəmiyyətli olduğu qədər sağlamlığımıza vurduğu zərər barədə də düşünürük. Bu gün mobil telefonlardan istifadə zamanı elektromaqnit şüalarının beyinin hüceyrələrinə və bütövlükdə, insanın sağlamlığına mənfi təsir göstərməsi problemi dünya alimlərinin diqqət mərkəzindədir. Mobil telefonların elektromaqnit şüalanmasının zərərini müəyyənləşdirən əmsal SAR (Specific Absorption Rate – xüsusi udma əmsalı) adlanır. SAR bir saniyə ərzində insan orqanizminin toxumalarına təsir edən elektromaqnit şüalanması enerjisinin maksimal səviyyəsidir. Araşdırmalar zamanı məlum olub ki, daha çox SAR göstəricisi metal korpuslu mobil telefonlarda olur. Çünki metal korpus radiodalğaları qaytardığından mobil telefonun ötürücüsü daha dayanıqlı və sabit əlaqəni təmin etmək üçün intensiv işləyir. Mobil telefonun korpusunun yuxarı hissəsi, antena olan yer əllə örtülməyəndə də SAR yüksək olmur. Danışan zaman, yəni səs ötürüləndə SAR maksimal həddə çatır, danışığa qulaq asanda isə aşağı düşür. Telefon bağlantı yaradarkən SAR pik həddə çatır. Şüalanma nəticəsində sinir sistemi get-gedə zəifləyir, sıradan çıxır. İnsanda yaddaşsızlıq əmələ gəlir. Boğazda, yuxarı tənəffüs orqanlarında, udlaqda, qırtlaqda, yemək borusunda xroniki xəstəliklər, bədxassəli şişlər əmələ gəlir. Şüanın əsas ziyanı bunlardır. Bundan əlavə, mobil telefonun zərərindən ürək-damar sistemində, görmədə də böyük fəsadlar yarana bilər. Şüası olmayan telefon siqnalı tuta bilməz. Kim deyir ki, hansısa telefon ziyansızdır, demək, o telefonun şüa qəbuletmə və buraxma mexanizmi yoxdur. O zaman həmin telefon yararsız olar. Telefonda olan mikroelementlərin hesabına biz milyon kilometrlərlə uzaq məsafələrlə danışırıq. Bunların hamısı gözə görünmədən əks olunan və bədənə rahat formada nüfuz edən süalar hesabınadır. Həkimlər belə məsləhət görürlər ki, mobil telefonu ürəyə, beyinə, öd kisəsinə uzaq yerdə saxlamaq lazımdır.
Gənc nəsil mobil telefonların zərərləri barədə nə dərəcədə məlumatlıdır?
Müasir həyatı mobil telefonsuz təsəvvür etmək qeyri-mümkündür. Yəni bu telefonlar insanların müəyyən problemlərinin qısa müddət ərzində həllində əvəzedilməz vasitələrdir. Bu gün mobil telefonlardan gənc nəsil daha çox istifadə edir. Bəzən onu da müşahidə edirik ki, bir gənc mobil telefonla danışa-danışa yolu keçmək istəyir. Telefon onu o qədər aludə edir ki, yaxınlaşan avtomobili belə, görmür, faktiki qəza vəziyyəti yaradır. Ümumiyyətlə, yeniyetmə və gənclərin əksəriyyəti mobil telefonların insan sağlamlığına verdiyi zərərdən xəbərsizdir. Tələbə və məktəblilər arasında keçirdiyimiz sorğular zamanı məlum oldu ki, tələbələrin 100 faizinin, şagirdlərin isə 90 faizinin mobil telefonu var. Tələbə və şagirdlərdən 67 faizi mobil telefonun insan sağlamlığı üçün təhlükəli olduğunu eşitdiyini, ancaq bu təhlükənin nələrdən ibarət olduğunu bilmədiyini dedi. Bundan belə bir nəticəyə gəlmək olar ki, bir çoxlarımız, necə deyərlər, qulağımızın dibində olan təhlükədən xəbərdar ola-ola, buna doğru daha çox can atırıq. Bilmirik ki, bu dalğalar ürək-damar xəstəliklərinin, baş-beyin şişlərinin yaranmasına səbəb olur. Şagirdlərin isə psixoloji durumuna və davranışına mənfi təsir göstərir. Bundan başqa, onlar dərsdən yayınır, eyni zamanda yoldaşlarına da maneçilik törədirlər. Beləliklə, dərsə maraq azalır və bilik səviyyəsi getdikcə aşağı düşür. Bu isə qəbulolunmazdır. Fikrimizcə, bütün bunların baş verməməsi üçün şagirdlərin və tələbələrin məktəbə mobil telefonla gəlməsi qəti şəkildə qadağan edilməlidir.
Mobil telefon zəruri avadanlıq, yoxsa dəbdəbə vasitəsidir?
Mobil telefonun insan orqanizmi üçün zərərli olub-olmamasına rəğmən, onsuz həyatı təsəvvür etmək çətindir. Stasionar telefon aparatlarından fərqli olaraq, bu gün bahalı mobil telefon aparatlarından istifadə etmək dəbdəbə vasitəsinə çevrilib. İnsanlar bir-biri ilə sanki “kim daha bahalı telefon işlədər?”, – deyə bəhsə giriblər. Bu gün övladlarla valideynlər arasında ən çox müşahidə olunan mübahisə mövzularından biri də bahalı telefonlardır. Məktəbyaşlı uşaqlar belə, parta yoldaşının bahalı mobil telefon gəzdirdiyini deyərək valideynlərindən bu telefonlardan tələb edirlər. Mobil telefonlar nəinki orta, eləcə də ibtidai siniflərin dəhlizlərinə, hətta sinif otaqlarına yol tapa bilib. Mobil telefonların insanların davranışını, hətta xasiyyətini belə, dəyişdiyi çoxsaylı tədqiqatlar nəticəsində sübuta yetirilib. Bu hal uşaqlarda özünü daha qabarıq şəkildə büruzə verir. Bu zaman dəyişiklik sırf telefon funksiyaları ilə deyil, ümumiyyətlə, yeni texnologiyaların (internet, şəbəkə oyunları və sair) tətbiqi ilə bağlıdır. Bəzi uşaqlar üçün mobil telefon özünüifadə vasitəsidir. Onlar bu əşya olmadan özlərini daxilən tənha hiss edirlər. Araşdırmalar belə deməyə əsas verir ki, uşağa mobil telefonun alınması təşəbbüsü ən çox azyaşlının özü tərəfindən deyil, valideyn tərəfindən irəli sürülür.
Bir inci saflığı varsa da suda...
Ümumiyyətlə, küçə və xiyabanlarda, iş yerlərində, ali təhsil müəssisələrində müşahidə apararkən açıq-aşkar görmək olur ki, bu gün əhali arasında mobil telefonlardan istifadə, necə deyərlər, pik həddə çatıb. Evində, iş otağında xətt telefonları olanlar belə, yeri gəldi-gəlmədi, israfçılıqla mobil telefonlardan istifadə edirlər. Halbuki mobil telefonlara alternativ vasitələrdən istifadə ailə büdcəsinə xeyli yardımçı ola bilər. Burada bir statistik göstəricini oxucuların diqqətinə çatdırmaq istərdik. Belə ki, ötən il muxtar respublikada 2 min 424 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub. 2011-ci illə müqayisədə 5,2 faiz çox telefon xətti çəkilib. 1 yanvar 2013-cü il tarixə muxtar respublika üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 66-ya çatıb. Bu da o deməkdir ki, əhalinin mobil telefonlardan qənaətlə istifadə etməsi üçün kifayət qədər imkan və şərait var. İndi isə mobil telefonlarla bağlı statistik göstəricilərə nəzər yetirək. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin ötən il üçün verdiyi məlumatda bildirilir ki, 1 yanvar 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 435 min 642 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 103 ədəd olub. 2012-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 42 milyon 474 min manata çatıb. Bu da 2011-ci illə müqayisədə 8,2 faiz çoxdur. Ümumi informasiya və rabitə xidmətlərinin 85,3 faizi və ya 36 milyon 231 min manatdan çoxu mobil rabitənin payına düşüb. Bir il öncəyə nisbətdə mobil rabitə xidmətlərinin həcmi 7,6 faiz artıb. Elə son rəqəmlər mobil rabitədən, mobil telefonlardan artıqlaması ilə, israfçılıqla istifadə etdiyimizdən xəbər verir. Yadda saxlamaq lazımdır ki, bu dünyada insanoğlu tərəfindən ixtira edilən hər şey elə bizim daha yaxşı yaşamağımızı hədəfləyib. Ancaq bütün bu texnologiyalardan həddən artıq istifadə edildikdə, zərərləri görmək də qaçılmaz olacaq. Dahi şairimiz Nizami Gəncəvi demişkən:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Səbuhi HÜSEYNOV