Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə muxtar respublikada yaşayan ahıl, tənha, aztəminatlı və əlil qadınlarla görüşlər cari ildə də davam etdirilir. Növbəti belə görüş xüsusi qayğıya ehtiyacı olan Babək rayonunun Payız kəndində yaşayan II qrup əlil qadın Məmmədova Cəmilə Əbili qızı ilə keçirilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları qadının yaşayış vəziyyəti ilə maraqlanmış, tibbi müayinədən keçirilməsini təmin etmiş, ona ərzaq payı və hədiyyə vermişlər.
Cəmilə Məmmədova göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, bütün kateqoriyalardan olan qadınlara muxtar respublikada həmişə diqqət və qayğı göstərilir. Onların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, güzəranlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, daim yaşayış şəraitlərilə maraqlanılır. Əmək qabiliyyətli qadınların məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olanların, o cümlədən əmək qabiliyyətini itirən əlil və ahıl qadınların təqaüdləri vaxtlı-vaxtında verilir, onlara sosial yardımlar təyin olunur.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti