18 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov nazirliyin 2012-ci il ərzindəki fəaliyyəti və qarşıda duran vəzifələrdən danışmışdır.
Bildirilmişdir ki, 2012-ci il ərzində şəhər və rayon Məşğulluq mərkəzləri tərəfindən 2570 nəfər işə düzəldilmişdir ki, onlardan 1019-u il ərzində təşkil olunan əmək yarmarkalarında işlə təmin olunanlardır. Sağlamlıq imkanları məhdud şəxslər və ahıllarla bağlanmış müqavilə əsasında 4033 cüt yun corab toxunaraq hərbi hissələrə verilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələblərinə uyğun təşkil edilmiş 18 peşə kursunu 169 müdavim bitirmişdir.
“Ötən il 545 sahibkarlıq subyektində araşdırmalar aparılmışdır”, – deyən Cavid Səfərov bildirmişdir ki, həmin araşdırmaların nəticəsi olaraq, 413 əmək müqaviləsinin bağlanması təmin edilmiş, orta aylıq əməkhaqqı nəzərə alınmaqla, 841 halda bağlanmış əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
363 müəssisədə işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.

Qeyd olunmuşdur ki, tikinti sektorunda fəaliyyət göstərən müəssisələrdə çalışan əməyin mühafizəsi üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil olunmuş, maarifləndirici bülletenlər hazırlanaraq aid təşkilatlara göndərilmişdir. Ümumilikdə, 2012-ci il ərzində əmək müqaviləsinin bağlanmaması və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən 19 işəgötürənə 35 min 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Ötən il ərzində bütün növ müavinətlərə 11 milyon 491 min 371 manat ayrılmışdır ki, bunun 3 milyon 472 min 324 manatı ünvanlı dövlət sosial yardımına sərf olunmuşdur. 
2012-ci il ərzində 635 tənha ahıl və əlilə sosial-məişət xidməti göstərilmiş, sağlamlıq imkanları məhdud 242 şəxsin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 232 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilmişdir. Ötən il onurğa və sinir xəstəlikləri olan məhdud fiziki imkanlı 5 nəfər Bolqarıstan Respublikasına, 6 nəfər isə Ukrayna Respublikasına müalicəyə göndərilmişdir. Sağlamlıq imkanları məhdud vətəndaşların sanatoriya və pansionatlarda müalicə almaları və istirahət etmələri üçün 96 nəfərə göndəriş verilmişdir.
Vurğulanmışdır ki, ötən il ərzində 10 ailə fərdi yaşayış evləri ilə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 30 şəxs isə minik avtomobilləri ilə təmin edilmişdir.
Naxçıvan Şəhər Tədris-Ticarət Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamışdır. Onların fərdi qabiliyyət və bacarıqlarının inkişafı üçün rəsm və əl işlərinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda satış-sərgisi təşkil olunmuşdur. Satış-sərgidə fərqlənən əl işləri Bakı şəhərində keçirilən Əlillərin VIII Ümumrespublika Sərgi-Müsabiqəsində nümayiş etdirilmişdir ki, onların 3-ü qalib olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində milli dəyərlərimizdən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR